Elə insanlar var ki, əsl həyat nümunəsi hesab olunurlar.
Onlara həmişə rəğbət olub. Ser Aleks Ferqyuson da belələrindəndi.
Onun peşəkar, unudulmaz karyerası buna misaldı. Şotland çalışdırıcı
futboldan ayrıldıqdan sonra ilk dəfə həm keçmişi vərəqləyib, həm də
gələcək planlarından danışıb.
"Axar.az" gənc idmançılar, mütəxəssislər üçün əsl
dərs vəsaiti sayıla biləcək müsahibəni təqdim
edir:
Cavan idim, hər şey mənə tez təsir edirdi
- Premyer-Liqada klub sahiblərinin çoxu əcnəbidi. Bu,
sizdə narahatlıq yaratmır ki?
- Heç bir narahatlığım yoxdu. Məni "Mançester Yunayted"lə bağlı
olan şeylər narahat edə bilər.
- Bu vaxta qədər gördüyünüz ən yaxşı oyunçu kim
olub?
- Pelenin oyunlarını böyük heyranlıqla və maraqla izləyirdim.
Sonra Peleylə birlikdə Maradonanı da sevməyə başladım. Cavan idim,
hər şey mənə tez təsir edirdi. Amma sonra anladım ki, mənim üçün
təkcə Pele önəmlidi. Söhbət bu gündən gedirsə, Messi və Ronaldo.
Onlar inanılmazı bacarırlar.
- Bacarıq, sahib ola biləcəyin ən yaxşı
şeydi?
- Həmişə söyləmişəm, indi də deyirəm. Sahib ola biləcəyin ən
yaxşı şey cəsarətdi. Cəsarətli olan futbolçu topu asanlıqla saxlaya
bilər, rəqiblərdən qorxmaz və həmişə özünü sübut etmək imkanı
qazanar. Bütün böyük futbolçular dediyim cəsarətə sahibdilər.
Martin Edvards və Bobbi Çarlton mənə çox
inanırdı
- Klubunuz həmişə sizin arxanızda oldu. Bu sizə əlavə
güc verirdi?
- Kluba gəldiyim ilk illərdə həmişə mənə inanmaları və ən çətin
anlarımda belə dəstək olmaları uğurlar qazanmağımda böyük rol
oynadı.
- İşinizə xitam verilməsini istəyənlər də
olmuşdu...
- Bəli, doğrudu. Bir, ya da iki pankartda bu barədə yazılar
oldu. Həmin vaxt özümə inamım azalmışdı. Ancaq əzmimi heç vaxt
itirmədim. Etdiklərimin doğru olduğunu bilirdim. O vaxtlar klubun
idarə heyətində yer alan Martin Edvards və Bobbi Çarlton mənə çox
inanırdı. Onlar nə olduğunun fərqində idilər. Devid Bekhem, Rayan
Giqqz, Pol Skoulz, Nikki Batt, Harri və Fil Nevill qardaşları ilə
birlikdə çalışırdım. Onlar üçün xüsusi işlər görürdüm. Hamısı eyni
vaxtda əsas komandada oynamağa başladılar. Yəni insanlar bugünkü
"Yunayted"i dəyərləndirərkən adlarını çəkdiyim oyunçuların
komandadakı rolunu anlamırlar. Onlar indiki "Mançester Yunayted"in
fantastik ruhunu yaratdılar.
- Nə vaxtsa kiməsə kin bəsləmisiz?
- Xeyr, heç vaxt. Amma bu çox önəmli məsələdi. İnsanları kinli
olub-olmamaları ilə tanımaq daha rahatdı. Kin yoxdusa, insanlar
həmin adama rahat və tez güvənirlər.
Futbolçuları yaxşı insan etməlisən
- Universitetlərin birində sevgi və nifrəti bir-birindən
ayıran araşdırma aparmaq istəyirdilər. Siz isə onların qarşısına
"Ferqyuson formula" adlı kitabla çıxırsız. Bu kitab nə üçündü?
İnsanlara liderliyin və idarəetmənin sirlərini
öyrədirsiz?
- Daha çox liderliyin sirlərindən bəhs olunur. Bəzən elə olur
ki, milyonerlərdən ibarət bir qrupu idarə etməli olursan. Burda
idarəetmə çox vacibdi. Çünki bəzən onların daxilinə nələrisə əlavə
etməli olursan. Məsələn, futbolçuları daha yaxşı insan etməlisən və
ya xarakterlərini dəyişməlisən. Belə çox misallar çəkə bilərik.
Bunun riyaziyyat və ya tarix dərsləriylə heç bir əlaqəsi yoxdu.
Söhbət insanları ən yaxşı olacaqlarına inandırmaq üçün onlara
verdiyin ilhamdan gedir.
- Onda belə çıxır ki, futbolçulara həyatı
öyrədirsiz?
- Bəli, bunun çox vacib olduğunu düşünürəm. Onların
xarakterlərini də inkişaf etdirmək lazım olur. Doğru xarakterə
yüksəldiklərində sizi heç vaxt yarı yolda qoymayacaqlar. Meydana
çıxdıqları zaman onlara öyrətdiyin hər şey üçün vuruşacaqlar. Daim
qazanmaq mentalitetinə və əzmkarlığa sahib olacaqlar. Eyni zamanda,
məğlub durumda belə necə davranmalı olduğunuzu bilməlisiz. Bəzən
isə özünüzü onların yerinə qoymalısız. Mən sonuncu varianta daha
çox üstünlük verdiyimi düşünürəm.
Daha böyük rəqabət harda var?
- Sizə başqa klublardan təklif gəlmişdimi? Sizə nə
təklif etdiklərinin önəmi olmadımı?
- "Mançester"də olduğum müddətdə bir neçə yerdən təklif aldım.
Hamısına da eyni cavabı verdim: "Yunayted"dən niyə ayrılım ki? Daha
böyük rəqabət harda vardı? Burda bir dəfə qazandığınla
kifayətlənməməlisən. "Mançester Yunayted"də bir uğurdan sonra
yenisini qazanmağa məcbursan. Yerində dayana bilməzsən. Rəqabət
budu. Daim qazanmaq istəyini qorumaq mənim sahib olduğum tutarlı
amildi.
- 1995-ci ildən Qleyzer ailəsi klubu idarə etməyi
başladı. Nəsə dəyişiklik oldumu?
- Heç bir şey dəyişmədi. Öncə klubun azarkeşləri Qleyzerlərin
klubun almasını qəbul etmirdilər. Sonradan hər kəs onların burda
yaratdıqlarını çox bəyəndi. Eyni zamanda onlarla işləmək mənə də
rahat idi. Onlar işlərimə heç vaxt qarışmadılar. Hətta mənə zəng
edib, problem varmı deyə soruşmadılar. Bu, çox vacib məsələdi.
Onlarla dəfələrlə görüşürdüm. Amma heç vaxt komanda müzakirə
mövzumuz olmadı.
- Roman Abramoviç haqqında nə düşünürsüz?
- "Çelsi"də qəribə vəziyyət var. Tez-tez məşqçi dəyişikliyinə əl
atırlar. Bu da onlara təsirsiz ötüşmür. Hər şeyə rəğmən, onlar
həmişə bizim ən böyük rəqiblərimizdən biri olub.
Runinin etdikləri göz önündədi
- Ueyn Runiylə aranızda nə baş vermişdi?
- Heç nə olmamışdı. Məni narahat edən heç bir şey yaşanmadı.
Həmin vaxt işlərimiz yaxşı getmirdi. Zaman ötdü və o, enerjisini
bərpa etdi. Etdikləri isə göz önündədi.
- Onu oğlunuz kimi düşünürdüz?
- Runi komandaya gələndə 17 yaşı vardı. Birlikdə hər şeyin ən
yaxşısı üçün vuruşduq. Çox gözəl günlərimiz oldu.
- Amma sonu pis oldu...
- Mən elə düşünmürəm. O, indi də qarşıma çıxsa, əlimi sıxar.
- Onun kimi oyunçuları necə
tərbiyələndirirdiz?
- Həftəlik maaşlarını kəsirdim.
- Bəs əsas heyətdən kənar qoymazdız?
- Xeyr, bunu heç vaxt etməzdim!
Bu vaxta kimi etmədiklərimi edəcəm
- Futbola geri dönmək şansı yoxdu?
- Artıq qərarımı vermişəm. Geriyə dönmək fikrim yoxdu. İndi bu
vaxta kimi etmədiklərimi edəcəm. "Kentuki" derbisini, "Melburn"
kubokunu (dünyanın ən məşhur at yarışlarından ikisi) yaxından
izləmək istəyirəm, Fransadakı üzüm bağlarında olmağı çox
arzulayıram.
- Hələ də Deyvid Moyesin arxasındasız?
- Əlbəttə. Buna yüz faiz əmin ola bilərsiz. Klub rəhbərliyi ona
həmişə dəstək olacaq. O da hər dəfə daha yaxşı işlər görəcək.
- Yeni işiniz haqda danışın.
- Həm "Mançester Yunayted"in, həm də UNICEF-in böyük elçisiyəm.
Çox yaxşı işdi. Bilirsiz ki, UNICEF dünyada xeyirxah əməllərlə
məşğuldu. Tailandda oldum. Orda maddi ehtiyac içində və müxtəlif
problemləri olan uşaqlarla birlikdə vaxt keçirdim. Bizim işimiz
onlara maddi dəstək qazandırmaqdı. Bunun üçün bizim kimi insanların
əməyinə ehtiyac var. Həmçinin, uşaqlar bizimlə birlikdə
çətinliklərini qısa müddətli olsa da unudaraq, çox gözəl zaman
keçirdilər. Fərqli işdi. Amma burda da rəqabət yaratmaq
lazımdı.
- Hələ də sosialistsiz?
- Bəli. Bu, heç vaxt dəyişməyəcək. Mən sosialist insanların
arasında böyüdüm. Anam, atam sosialist idi. Dəyişməməyim mənə heç
vaxt zərər vermədi.
- Qırdığınız rekordları, möhtəşəm karyeranızı
düşünərkən, qazandıqlarınızı və itirdiklərinizi
xatırlayırsız?
- Yaxşı sualdı. Yaşadığım məğlubiyyətlər haqqında danışa
bilərəm. "Mançester Siti"yə 1:6 və 1:5 hesabıyla uduzduğumuz
oyunları heç vaxt unutmaram. "Siti"yə öz meydanımızdakı
məğlubiyyətdən sonra evə gəlib, başımı yastığın altına soxmuşdum.
Heç kimi görmək istəmirdim. Həyat yoldaşım məndən nə olduğunu
soruşdu. 1:5 hesabıyla uduzduğumuzu söylədim. O, "sən heç vaxt belə
hesabla məğlub olmazsan" dedi. İndi də xatırlayanda özümü yaxşı
hiss etmirəm.
Nə baş verdiyini anlamırdım
- Bəzi oyunçular barədə danışaq. Öncə
Giqqz...
- Onun ailəsiylə isti münasibətlərim olub. Anası bizim üçün çay,
yemək hazırlayardı. O, anasını çox istəyirdi. İlk növbədə ananın
diqqətini, sevgisini cəlb etmək lazımdı. Ananız yanınızda olarsa,
uğurlar həmişə sizinlə olar.
- Harri Nevill...
- Mükəmməl xarakterə sahib bir insandı. Hər gün səhər 6-da
oyanıb, bütün qəzetləri oxuyar. Bütün dünyada nələrin baş verdiyini
bilmək istəyər. Uğurlu insan nümunəsidi. Dahi deyil. Amma çox-çox
yaxşı insandı. Ona mənimlə çalışmağı təklif etdim. Amma
istəmədi.
- ...və bir vaxtlar Devid Bekhem adlı bir gənc
vardı...
- Devid? Bəli, inanılmaz insandı. Demək istədiyim odu ki, o,
özünü çox gözəl yetişdirib. Əla adamdı.
- Bunları necə etdi?
- Hər zaman gözəl gülüşü vardı. Özünü çox gözəl təqdim edərdi.
Onu 12 yaşı olanda kəşf etdim. Daxilində hər şeyin ən yaxşısını
bacarmaq arzusu vardı. Məşqlərdə əzmlə çalışırdı. Hətta gün ərzində
dərslər bitdikdən sonra belə məktəbin həyətində yoldaşları ilə məşq
edərdi. Giqqz və Skoulzla bir dönəmdə idi. Sonra bir qızla evləndi
və həyatı dəyişdi.
- "Spays Görlz" (mahnı qrupu)...
- Hə. Onun fikirləri, məqsədi tamam dəyişmişdi. Tamamilə
şöhrətpərəst olmuşdu. Mən futbol adamı idim. O isə artıq mənlik
deyildi.
- Bu zaman ona nəsə demədiz? Yolundan döndərməyə
çalışmadız?
- Ağlı başında deyildi. Sözlərimə qulaq asmayacaqdı. Hər zaman
"mən aşiq olmuşam" deyirdi. O vəziyyətdə onun üçün edə biləcəyimiz
bir şey yox idi. Demək olar ki, hər şeyini itirmişdi. Ancaq
"Real"da özünü toparlaya bildi. Gözlərimə inana bilmirdim. Həmçinin
nə baş verdiyini anlamırdım. Ən yaxşı olduğuna əmin olmaq üçün
getdi və bacardı da. Yoxsa buna icazə verməzdim. O, "Mançester"dən
sonra "Real"da da ən yaxşı olmağı bacarmışdı. Daha sonra özünü
yenidən kəşf etdi. Yaşına rəğmən, millisinin şərəfini qorumaq
imkanı əldə edirdi. "Milan"da da yaxşı işlər gördü.