ATV kanalında yer alan "Toy gecəsi"nin adı orta
statistik azərbaycanlı üçün cazib səslənir. Nədən ki,
mentallığımızda toy mərasimi az qala ritualdır. Və bizim üçün "toy"
bu sözün sərhədlərini aşaraq daha geniş anlam daşıyır, toplumda
lazım olduğundan önəmli yer tutur. Üstəlik, hələ "toy" sözünün
yanına "gecə" sözü əlavə olunduğundan bu, ikiqat maraq
doğurur.
Bu mənada serialın yayımlandığı ilk həftələrdə reytinqinin
yüksək olması təsadüfi deyildi. Kütləvi mədəniyyətin tanınmış
simalarından, meyxanaçı Namiq Qaraçuxurlunun baş rollardan birini
oynaması da reytinqin artmasına sözsüz ki, təsirini
göstərmişdi.
Serialın süjeti haqda:
İki zəngin ailənin övladı evlənir. Toy gecəsi bəy öldürülür,
gəlin evdən qaçır, zorlanır. Və gəlini ölümdən xilas edən başqa bir
zənginin oğlu nahaq yerə həbs olunur.
Müəlliflər (ssenarist Samir Sədaqətoğlu, rejissor Yaşar Əhmədov)
ənənəvi serial klişelerindən istifadə edib: maddi maraqlar
səbəbindən ailədaxili konfliktlər meydana çıxır, daha sonra ortaya
intiqam məsələsi atılır, zorlanan gəlin gözlənildiyi kimi öz
xilaskarına vurulur və s.
"Toy gecəsi" janrların qarışığı üzərində qurulub: kriminal,
dram, melodram.
Amma elə ilk bölümdə bir neçə dəqiqə ərzində 3-4 cinayət
hadisəsi baş verir. Hətta janrı sırf kriminal olan teleseriallarda
belə birdən-birə bu qədər cinayət hadisəsi ortaya atılmır.
Bir qayda olaraq, melodram, dram elementlərinin istifadə
edildiyi seriallarda təhkiyə ləng tempdə gedir, düyünlər tədrciən
açılır. Yəni tamaşaçı serial izləyəndə heç də tam "qara
hadisələrlə" yüklənməməlidir, heç olmasa, ara-sıra süjet xəttində
bir az yüngül, komik durumların, xarakterlərin olması zəruri
idi.
İlk bölümdə bəy (Elxan Rza) öldürlülür və bəyin anasını ifa edən
aktrisa Firəngiz Babayeva oğul itkisini yaşayan ananın ağırısını
verə bilmir, hətta gözlərindən yaş güclə çıxır.
Azərbycanda dublyaj sektorunun peşəkar aktyorlarından biri,
bəyin atası rolunu oynayn Eldəniz Rəsulovun da personajı qətli
sanki gözləyirmiş kimi görünür. Yəni, kəsəsi, faciənin ekran həlli
alınmayıb.
İstənilən audiovizaul əsərdə, təkcə əsas və ikinci plandakı
aktyorlar yox, epizodlardakı ifaçılar da vacib rol oynayır.
Məsələn, iki cinayət hadisəsi baş verir. Hadisə yerinə gələn iki
siravi polis (niyəsə müstəntiq, istintaq qrupu yox, məhz sıravi
polislər) və həkim baş verənlərə süst, biganə reaksiya verir. Yəni
bu vəziyyətdə onlar obrazı yaratmır, sadəcə, rejissorun
göstərişlərini icra edirlər. Belə oxşar hallar sonrakı səhnələrdə
də təkrarlanır.
Dünya serial sektorunda tanınan, geniş seyrçi auditoriyasına
malik müğənniyə, modelə (bizdə bu, mentallığımıza uyğun olaraq,
təbii ki, meyxanaçıdır) baş rolun həvalə edilməsi çox işlənmiş
prodüser fəndidir.
Sadəcə, N.Qaraçuxurlu rolunun öhdəsindən gələ bilmir.
Naturaca Namiq yumşaq, mülayim təsir bağışlayır. Murad obrazının
tələb etdiyi xarizmanı, güclü xarakteri, özünəinamı ifadə etməyi
bacarmır və bütün vəziyyətlərdə emosiyasız, statikdir. Məsələn, ən
dramatik situasiyada belə əsəbi səslə bağırsa da, üzündə yumşaq,
vecsiz ifadə dolaşır. Gərgin vəziyyətlərdə o qədər romantik, kövrək
baxır ki, adam az qalır, ekrana daxil olub çəkiliş prosesinə
müdaxilə eləsin: "Namiq, bu, romantik-lirik klip yox,
serialdır".
Rejissor Rovşən İsaxın ekranlaşdırdığı "Pərvanələrin rəqsi"
serialı sayəsində daha geniş auditoriyada tanınan,
Gəncə Dövlət Teatrının aktrisası Pərvanə Qurbanova "Toy
gecəsi"ndə Mələk rolunu ifa edir. Fəqət, onun serialdakı obrazı
eynilə "Pərvanələrin rəqsi"ndəki Yaqut obrazının təkrarıdır:
intonasiya, jest, mimika, baxışlar, hərəkətlər və s.
Ümumiyyətlə, çox personajların plastik (plastika hərəkət və
jestlərin ümumi harmoniysı) həlli yoxdur.
Hərçənd, məsələn, Mehriban Xanlarovaya bunu şamil etmək olmaz.
Aktrisa Cahan obrazının fitnəkar, ambisiyalı xarakterini təqdim
etməyi bacarır.
Gənc aktrisa Dəniz Tacəddin (xatırladım ki, "Cavid ömrü"
filmində Turan rolunun ifaçısı olub) Səbinə obrazının ruhi
vəziyyətini, yaşantılarını səmimi, təbii ifa edir. Hiss olunur ki,
sadəlik, səmimiyyət elə onun gerçək təbiətinə uyğundur. Ona görə də
bu aktrisanın real potensialının fərqli amplualarda oynayacağı
rollardan bəlli
olacağını düşünürəm.
Teleseriallarımızın əsas problemlərindən biri səhnə mizanlarının
uyumsuzluğudur. Hər hansı bir səhnədə aktyorlar sanki harda necə
dayanmağın, nə etməyin çətinliyini yaşayırlar. Bir epizodda adamı
maşın vurur, hadisə yerinə gələn polis əlləri qoyununda kirimişcə
dayanır. Bəzi səhnələrdə hərəkətsizlikdən xilas olamq üçün
fasiləsiz çay içirlər.
Başqa bir problem isə qrimdir. Muradın nişanlısı (Aviya
Paşazadə) depressiyadadır, xəstəxanaya düşür, amma makiyajı göz
qamaşdırır.
Görünür, qeyd etdiyim peşəkarlıq məsələləri həllini tapmadığndan
"Toy gecəsi" sonradan reytinqdə bir neçə pillə gerilədi.