"İş adamı"nın budəfəki qonağı idman malları hazırlayan Əlidir.
Onun dediyinə görə, həm universitetdə təhsil almaq, həm də işləmək
çətin olduğu qədər də gözəl bir duyğudur. Çünki öz ehtiyaclarını
özü ödəməyi xoşlayır.
Əlinin çalışdığı köhnə, dağınıq, toz-torpaqlı sexdəki otağı çox
soyuq idi. Ondan üşüyüb-üşümədiyini soruşdum. Gülümsədi:
Atamın xəbəri yoxdur
- 2010-cu ildə tələbə adını qazandığım üçün olduqca sevincli
idim. Məktəb həyatından tam fərqli bir mühit məni gözləyirdi. Mən
bu mühitin gözəl olduğunu zənn edirdim. Amma zaman keçdikcə gördüm
ki, bu, heç də belə deyilmiş. Birinci kursda atamın pulu ilə
yaşayıb, günlük bir-iki manatla öz ehtiyaclarımı ödəməyə
çalışırdım. Bir müddətdən sonra valideyn pulu ilə yaşamağın mənə
ağır gəldiyini gördüm. Ehtiyaclarım gün-gündən artırdı və mən
evdəkilərə yük olmaq istəmirdim. Ondan sonra işləməyə başladım.
Atamın hələ də bundan xəbəri yoxdu. Bir gün əlbəttə, bu həqiqəti
biləcək.
Qəfil zəng
İlk olaraq reklamçılıq işində olmuşam. Bu işdə uzun müddət
çalışa bilmədim. İnsanlarla ünsiyyət məni həm yorur, həm də
sıxırdı. Xüsusən taksi sürücüləri canımdan bezdirmişdi. Həm
müdriyyətlə yola getməməyim, həm də insanların fərqli düşüncələri
məni bu işdən tamamilə soyutdu. Bu işdən ayrılmaq istəyirdim, amma
maddi ehtiyaclara görə çarəsiz qalmışdım. Lakin bir gün zəng
gəldi...
Gedin, özünüzə işçi tapın
- Dərzi sexində çalışan bacımın zəngi mənə Allahın hədiyyəsi
idi. Müdirlərinin işçiyə təcili ehtiyacı varmış. Bu sözləri eşidən
kimi tez reklam şirkətinə zəng etdim və dedim ki, artıq işdən
ayrılıram, gedin, özünüzə işçi tapın, bezdim.
4 ilə yaxındır ki, bu işdə çalışıram. İdman malları
hazırlayıram. İşin əsas çətin tərəfi soyuq havalarda
çalışmaqdır.
Ərəbcə oxumağı bacarıram
- Boş vaxtım qalanda "Quran"ı ərəbcə oxuyuram. Ərəb dilində
oxumağı bacarıram. Cümə günləri olanda mütləq məscidə gedirəm,
namaz qılır və dua edirəm. Futbolu çox sevirəm, amma son vaxtlar,
futbol təəssüf ki, qumara çevrilib. Mənin sevdiyim futbol uşaqlıq
illərimdə qaldı. Daha sonra dostumla tarix muzeyinə, şəhərin köhnə
yerlərinə və ən çox da zooparka gedirik. Təəssüf ki, boş vaxtım çox
az olur.
Müdirlə mübahisə
- Müdirimlə münasibətim yaxşıdı, ancaq arada tərslik edib məni
əsəbiləşdirir. Satış işləri çox vaxt yaxşı getmədiyi üçün əmək
haqqımızı gecikdirir. Əsasən digər işçilərlə mübahisə etsə də,
mənimlə çox nadir hallarda konfliktə girir. Demək, ilk mübahisəmiz
belə olmuşdu: İşləyəndə pinti işləyirəm, hər yeri dağıdıram. Müdir
gəlib mənə irad tutdu, danladı və "belə getsə, səninlə aramız pis
olacaq",- dedi. Daha sonra da mübahisələrimiz oldu. Ancaq bütün
bunlara baxmayaraq, onunla birgə işləyib, çörək pulu qazanırıq.
Həmişə şükür edirəm
Aldığım pul məni qane edir. Çünki bir tələbə üçün bundan yaxşısı
ola bilməz. Dərsə getdiyim üçün vaxtım çox az qalır və mən qalan
qısa vaxtımı səmərəli istifadə edirəm. Qalan vaxt ərzində işləyib
qazandığım məbləğ, bütün ehtiyaclarımı ödəməyə imkan verir. Günə 3
manat da, 25 manat da qazandığım olub. Bu işlərin necə getməsindən
asılıdır. Soyuq günlərdə iş zəif olur. Son vaxtlarda isə demək olar
ki, çox qazanmamışam, ancaq buna da şükür edirəm.
Xeyirsiz dost
Bir gün işlərim çox ağır idi. Yaxın dostuma zəng vurub kömək
istədim. O da razılaşıb yanıma gəldi. Dedim ki, nə qədər
işləyəcəksən, o qədər də haqqını alacaqsan. İşə başladıq. Kaş
çağırmaz olaydım. Dostum işi yarıtmadı, bütün əməyimi zay etdi.
Müdir gəlib hazırladığımız bütün malları yenidən bərpa etməyi əmr
etdi. Beləliklə, gecəyə kimi işləmək məcburiyyətində qaldım. Dostum
isə bir qıraqda kor-peşman məni seyr edirdi, arada da "səni canın,
bağışla",- deyib, guya mənə təsəlli verirdi (gülür).
Allah hər kəsə bir istedad verib
İdman malları hazırlamağa istedad lazım deyil. Sadəcə, diqqət və
zəhmətkeşlik tələb edir. Bu işə təzə-təzə başlayanda bacara
bilmirdim. Müdir tez-tez mənə irad tuturdu. Bu, peşə deyil, hamı bu
işi bacara bilər. İşləyib öz halal pulunu qazanmaq ayrı bir
duyğudur. Kəlmələrlə ifadə etmək olmur. Məsələn, evdə içdiyim çay
mənə bir o qədər xoş olmur, ancaq işlədiyim an içdiyim çay mənə çox
ləzzət edir. Bütün yorğunluğumu bir anlıq yox edir və məni
rahatladır. Öz ixtisasım üzrə işləməyi düşünmürəm. Ticarətə həvəsim
daha çoxdu, nəinki ixtisasım üzrə çalışmağa. Düşünürəm ki, insan
özü nədə uğur qazanacağını bilir və Allah hər kəsə bir istedad
verib. Sadəcə, uğur qazanmaq üçün bu istedadı görüb üzə çıxarmaq və
ondan istifadə etmək lazımdır.