Kazım Əziz özünü
seçilmişlərdən biri kimi görür. O, 12-ci imam Mehdi Sahib əz-Zaman
olduğunu dilinə gətirməkdən də çəkinmir. Bu haqda müsahibələri,
yetərincə açıqlamaları var. "Bu mənim alın yazımdır, taleyimdir",
deyir. Onunla "İnsan taleyi" layihəmizdə görüşdük.
Allaha və mənə nə cavab verəcəklər?
- Kazım, sən özünü Allahın elçisi kimi təqdim edirsən,
qorxmursan ki, həqiqi din adamlarının qəzəbinə
gələsən?
- Allahın elçisi onun peyğəmbərləridir, mən isə peyğəmbər
övladı, övliyayam, seyidəm və imam Mehdinin 32 nişanə və 300-dən
çox əlamətlərinə malikəm. Odur ki, Allahdan savayı heç kimdən
qorxmuram. Qorxsaydım, qəzetlərdə, saytlarda və digər sosial
şəbəkələrdə fikirlərimi, öncəgörmələrimi açıq-aşkar bəyan etməzdim.
Qoy mənə haqsız irad tutanlar görsün ki, kimliyim sübuta yetirilib
öz təsdiqini tapanda Allaha və mənə nə cavab verəcəklər? Çünki bu
iddianı mən öz başımdan etmirəm.
- Amma sənin haqqında deyirlər ki, Allah-taala səni
vergili yaratmayıb. Özün haqda o qədər vergili olduğunu demisən ki,
qurban olduğumuz əlacsız qalıb, sənə baş qoşmayıb.
- O söz-söhbəti edənlər Allahla mənim aramda şahidlikmi edirlər?
Onlar mələkdirlər? Allah heç zaman əlacsız qalmır. Mənə vergi
verilməsəydi, savadsız, imkansız bir əlil olduğum halda ölkəmizin
siyasi dövlət qəzetləri, hətta Rusiya və Türkiyə mətbuatı haqqımda
yazmazdı.
Mənə inanmadı, onu öldürdülər
- Kazım, incimə, mən də müşahidə etmişəm ki, sənin
proqnozların elə proqnoz olaraq qalır, dediklərinin çoxu təsdiqini
tapmayıb.
- Siz təkcə 2003-cü il 5 dekabr "Ekspress" qəzetinə nəzər
salsanız, 9 öncəgörməmin tam dəqiqliyi ilə özünü doğrultmasının
şahidi olarsınız. Yutubda da "Kazım Əzizlə söhbət" və "İmam Mehdi
Sahib əz-Zaman Azərbaycanda" videolarını da görə bilərsiniz,
sadalamağa ehtiyac yoxdur. 1998-ci ildə oktyabr ayında Amerikanın
San-Fransisko şəhərində 8 bal gücündə zəlzələ baş verəcəyini dedim.
"Günün səsi" qəzetinin şöbə müdiri
İbrahim xəbəri inanmayaraq gizlətmişdi. Elə bu səbəbdən də son
yazısında mənə təhqiramiz ifadələrlə "üzdəniraq falçı" damğası
vurmaq istəmişdi. Amma onu öldürdülər. Ona sağ ikən xəbərdarlıq
etdim. Şahidlərim Teymur Əhmədov və Aqil Abbasdır, hər ikisinə də
İbrahim sağ ikən ona olan iradımı məktub şəklində ətraflı yazıb
verdim. Şifahi də bir neçə dəfə onun faciəsini dedim.
- Məsələn, sən bir dəfə demişdin ki, Primakovla
görüşübsən, o zaman çox qısa müddətdə SSRİ-nin bərpa olunacağını
deyibsən.
- Mənim bəzi öncəgörmələrim nostradamussayaq işarələrlədir,
açması gərəkdir, Primakovla görüşümdə "druqoy soyuz", yəni "özgə
ittifaq" yaranacağını demişəm. Yenə inanmırsan? MDB-ni belə ifadə
etmişdim də "Vesti" qəzetində.
Qarabağ probleminin həlli...
- Elə Qarabağla da bağlı hamının gördüyünü, bildiyini
deyirsən…
- Qarabağla bağlı problemin həllinə yaxınlaşmağım dəqiq idi, 5
rayonun qaytarılması razılaşdırılmışdı. İlk dəfə bu razılaşmanı
1998-ci ilin yanvarında İrəvan parlamentindəki qətl hadisəsi
alt-üst elədi. Spitak zəlzələsini isə "göydən daş yağacaq" kimi
vermişdim, zəlzələ zamanı həqiqətən evlərin, binaların daşları
göydən yerə yağmışdı. Qarabağ problemi Lenin və Stalin belə
hakimiyyətə gəlib bizi dəstəkləsə, yenə mümkün deyil, çünki bu
mənim alın yazımdır, sağ qolumun qartal simvolu və ayağımdakı
Rusiya prezidentinin simvolu buna əyani sübutdur. Eyni zamanda,
əslimin, nəslimin, babamın, ocağımızın və adaşımın (Qərbi
Azərbaycanın, Naxçıvanın xilaskarı) adlarındakı "Qara" sözü də bunu
deməyə əsas verir. Qara Fatmalılar, Qara Bayram, Qara Seyid, Qara
Vəli Kazım Paşa və şikəstliyim - Qarabağ şikəstəsi... Azərbaycanın
da onurğa sütununun qırılması məndəki kimidir, sağ yanımda yanıq
izində qartala bənzər Azərbaycan və qan içində dolanıb yanan
Qarabağın rəmzi mənim haqlı olduğumu təsdiqləyir. Eyni zamanda,
dədə-baba torpaqlarımızın tam işğalı kimi atamın torpaqları, ana
yurdun beşdə biri işğal olan kimi anamın 10 sot qanuni sənədli
torpağının 2 sotunu qonşu ələ keçirib və mənim də torpağımın o
qədərini dələduzun biri mənimsəyib. Sizcə, bu qədər təsadüf
olar?
- Ay Kazım, deyirsən də... Mən inanıram, görək oxucular
da inanacaq? Həm də deyirsən ki, guya, İmam Mehdi Sahib əz-Zaman
sən özünsən. Düzdür, mən bunu sənin ağzından eşitməmişəm, indi
desən, eşidərəm.
- Bunu mən yox, bütün nişanə və əlamətlərini gəzdirdiyim
peyğəmbərlər, bütün hədislər deyir, çünki Allah özü deyib və bir
kitablıq həcmdə sübut, dəlil göndərib mənə.
Ərdoğan mənimlə təkbətək görüşsə...
- Toylarda deyirlər e, bəy tərifində, "belini bağlasın
Sahib əz-Zaman..." Səni o mərasimlərə çağırırlar?
- ….
- Bəs o zaman de, Putin və Ərdoğan münasibətlərində
yüngülləşmə olacaqmı?
- Xeyr, Putin hakimiyyəti uzun sürməyəcək, 2000-ci ildə seçki
ərəfəsində Oryol şəhərində necə mənə əl eləyib getdisə, mən də ona
əl edəcəm. Əllərimdən öpmək istəyən Ərdoğan isə mənimlə bir daha
təkbətək görüşsə, Türkiyəni xilas edə biləcək, əks halda, Türkiyə
təhlükə ilə üz-üzədir.
- Ümumiyyətlə, əgər müharibə başlasa, müsəlmanlar qalib
gələcək, yoxsa xristianlar?
- Bütün müsəlmanlar türk dünyasının ətrafında sıx birləşəcək,
təriqətlər yox olacaq, İŞİD məğlub olacaq. İslam qələbə çalacaq,
bütün insanlar islamı qəbul edəcək.
Qazımı kəsdilər, bazar partladı...
- Heç olubmu ki, evdə qazını, işığını, suyunu borca görə
kəssinlər?
- Suyumu kəsməyiblər, şükürlər olsun. Yoxsa bu məmləkətə qan
yağışı yağardı. İşığı isə dedilər, kəsəcəyik, getdim baş idarənin
direktor müavininin yanına, dedim, işığımı kəssən, Bakı od tutub
yanar, axşam canlı efirdə Baloğlan dedi ki, 8-ci km bazarı od tutub
yanır.
Qazımı isə ilk dəfə noyabrın 25-də kəsdilər və bununla da
dənizdə qaz partlayışına səbəb oldular.
Mənə böhtanlar atıb, lağa qoyub gülənlər idi Hacı Talehin
tərəfdarları.
1995-ci ilin 28 oktyabrında qatarın altına düşdüm, 2 vaqon keçdi
üzərimdən, Allah saxladı. Həmin ilin həmin ayının həmin günündə
bildim ki, Bakıda metro partlayışında 300 nəfər həlak olub. Bununla
Allah mənim Azərbaycanla bağlılığımı təkrar-təkrar təsdiqləyir,
qanmaz insanlar dərk edə bilmir. Artıq Suriyanın İsrafilin suru ilə
bağlı olduğunu dərk edənlər tapıldı. Mənim isə İsrafilin qızı
Suradan doğulduğumun da təsadüf olmadığını dərk edən yoxdur. Hələ
Qarabağla geniş şəkildə bağlılığımı, peyğəmbərlərin hamısı ilə
bağlılığımı, birbaşa Allahla bağlılığımı demirəm.
Doğma qardaşıma deyəndə ki, məni şəhərdən kəndə apar, sabah
prezident gələcək, inanmadı, dedi, başın xarab olub, burda
prezidentin nə işi var, səni görməyə gələcək? Məni ələ saldı.
Sonradan qardaşım avtomobil qəzasında həlak oldu.
- Kazım, sən hamını qıra-qıra gedirsən, kaş Sərkisyan da
xətrinə dəyəydi, sənə inanmayaydı.
- Sən şəkk etmə… Özü də mənim ünvanımda ev nömrəsi 10-dur,
qardaşım qəzaya düşən yer də onuncu sahədir.
- Yaxşı, bu ölüm-qalım savaşını bitirək, de görüm,
qadınlarla aran necədir? Onların halına və falına
baxırsanmı?
- Qadınlar ana və bacılarımızdır deyə, onlara münasibətim də
olduğu kimi safdır, fala isə ümumiyyətlə baxmıram, bədahətən
yaxşılara yaxşı, pislərə isə pis aqibətlərini xəbərdarlıq edirəm,
özümdən asılı olmayaraq.
Azərbaycan dünyanın mərkəzidir
- Səncə, Azərbaycan nə vaxtsa öz qədim torpaqlarını -
Borçalını, Zəngəzuru, Göyçəni, Vedibasarı, Dərbəndi geri qaytara
biləcək?
- Tam əminliklə deyirəm ki, millət imana-qeyrətə gəlib mənə
dəstək verən zaman bu olacaq. Hətta bütün cənub bölgələrimizə - Şah
İsmayıl Xətainin zamanında olan torpaqlarımıza da sahib çıxacağıq.
Yalnız sizin kimi qeyrətli və peşəkar jurnalistlərin sayəsində
dünyada tanındığım və qəbul olunduğum zaman asanlıqla bunları icra
edəcəyimə şahid olacaqsınız. Bütün peyğəmbərlərin zamanında da
onlara qarşı pis münasibət nəticəsində, lap Nuhun zamanından bəri,
insanlar Allahın qəzəbinə gələrək, faciələrə, qırğınlara məruz
qalmışlar. Musa, Davud, Yusif peyğəmbərləri yada salın. Hədislərdə
yazılıb ki, mənim halım da onların halı kimi olacaq, o ümmətdə baş
verənlər bu ümmətdə də təkrarlanacaq. Ölkəmiz şərqi, qərbi, şimalı,
cənubu birləşdirən dünyanın mərkəzidir ki, dünya buradan idarə
olunacaq.
- Şəxsi həyatından nigaran deyilsən ki?
- Şəxsi həyatım Allahın alın yazısıdır deyə, şükür edirəm bu
halıma, ağrı-acılarıma Allah özü dözüm verib. Bu missiyanı, ağır
yükü məmnuniyyətlə öz çiynimə götürmüşəm. Bu ağır yükə görə də
belimin Allah qarşısında əyildiyini zənn edərək, özümü ən xoşbəxt
adam sanıram. Allah məni fiziki qüsurlu etsə də, mənəviyyatca
hamıdan üstün yaradıb. Hər şeyi alan da Allahdır, verən də. Əli
adında bir oğlumu 18 ildir qərib salan Allahım səbrimə, Yaqub
peyğəmbər sayaq yeganə oğluma görə ah-vay qoparmadığım üçün 2 oğul
da 2-ci qadından verdi. İmam Museyi Kazımın da Əli adlı oğlunun
qərib düşməsi Allahın mənə lütfüdür. Qərib İmam Rzanın adı da
Əlidir. Oğlum Əli Xəzərin o tayına qərib düşdüyü üçün xəritəmizin
qartala oxşar bir gözü Arazın o tayına baxırsa, o biri gözü isə
Xəzərin o tayına həsrətlə baxır. Allaha minnətdaram, Quranı Həmd
surədən yaratdığı sayaq, məni də Həmidlə Surədən və Qara Fatmalılar
deyilən Hz.Fatimənin nəslindən yaratdı, heç kəsə oxşar olmayan kimi
necə də gözəl yaratmış. Bundan nigaran olmaq olarmı? Heç kəsin
həyatını bu dərəcədə peyğəmbərlərin hamısına bənzər yaratmayıb. Heç
kəsin taleyini bu dərəcədə rəngarəng, çoxşaxəli yaratmayıb uca
Yaradan. Heç kəsə nəsib etmədiyi çox şeyləri mənə verən Allahına
güvənən kəs nədənsə nigaran qala bilməz.
18 ildə hələ heç bir jurnalistə nəsib olmayıb ki, mənə bu cür
sanballı, mənalı və əhəmiyyətli suallar versin. Bütün cavabların
doğruluğuna əmin olmaq istəyənlər Feysbuk profilimdəki statuslarımı
oxuyub, videolarımı Yutubda izləyə bilərlər.