Həyatında iki dəfə tanrı elan edilən imperator - Oktavian
Avqust
"O, məxmər qutuda olan kövrək
brilliant kimi adamlara təsir göstərirdi".
Mark Tuliy Siseron. Qədim Roma siyasətçisi və filosofu
"Azadlıq və demokratiya ağıllı adamlar
üçündür".
Qay Mesenat. Qədim Roma dövlət xadimi, sənətçilərin hamisi
"Yavaş-yavaş
tələs"
Oktavian Avqust Sezar. Birinci Roma imperatoru
Eramızdan
əvvəl 40-cı ildə iki yeniyetmə Romanın məşhur kahinlərindən olan
Teaqanın yanına gəlir. Yeniyetmələrdən biri öz qoroskopunu öyrənmək
istəyir. Məşhur astroloq ikinci yeniyetəmənin də qoroskopuna baxmaq
istəyini dilə gətirirkən yeniyetmə etiraz edir. Buna baxmayaraq
dostunun israrı ilə doğum tarixini astroloqa söyləyir. Teaqan
yeniyetmənin qoroskopuna baxdıqdan sonra onun qarşısında diz
çökür…
Yeniyetmələrdən biri Romanın ilk imperatoru Qay Oktavian Avqust,
o biri isə onun uşaqlıq dostu Mark Aqrippa idi. Hər halda əfsanədə
belə deyilir...
Sezarın
qətli Romanı yenidən yaradır
Eramızdan əvvəl 44-cü il aprelin 15-də Romadan gələn yorğun
kuryer Makedoniyanın kiçik liman şəhəri olan Apollanidə gəmidən
enib gənc Qay Oktavianın evinə doğru yollandı. Kuryer uzun bir yol
gəlmişdi. Romadan Brundiziyaya qədər olan yolda atının bağrını
çatladan kuryer burdan gəmiyə oturaraq vacib xəbəri Apollonidə hərb
taktikalarını və fəlsəfəni öyrənən gənc Oktaviana çatdırmaq üçün
tam bir ay yol gəlmişdi.
Kuryerin gətirdiyi məktubda anası Atiya və atalığı Marçi Filipp
Qay Yuli Sezarın martın 15-də sui-qəsdlə öldürüldüyünü və Sezarın
Senatda açıqlanan vəsiyyətnaməsində Oktavianı varis elan etdiyini
xəbər verirdilər. Buna baxmayaraq, anası Atiya Romada və bütün
imperiyada qarışıqlığın olduğuna diqqət çəkərək israrla Oktaviandan
Romaya dönməməyi xahiş edirdi.
Senatın giriş qapısında öldürülən böyük Roma fatehi Qay Yuli
Sezar Qay Oktavianın anasının dayısı idi. Vəsiyyatnamə elan
olunarkən məlum olmuşdu ki, Romada çoxlarının tanımadığı Oktavian
adlı birisi böyük Sezarın varisidir. Sezar vəziyyatnaməsində
bacısının nəvəsini oğulluğa götürür və varisi elan edirdi.
Anasının Romaya dönməməsi üçün yalvarmasına baxmayaraq, Oktavian
mirası qəbul etmək qərarına gəlir. Üç gün sonra sürətlə Neopala
doğru yola çıxır.
Oktavian Romaya döndüyü zaman imperiya bir neçə yerə
parçalanmışdı. Romada hakimiyyəti Yuli Sezarın sağ əli Mark Antoni
ələ keçirmişdi, əyalətlərdə isə Sezarın qatilləri Mark Brut, Qay
Kassi, Deçim Brut, Luçi Çimber möhkəmlənmişdilər.
Oktavian hakimiyyət uğurunda savaşa
başlayır
Gələcəyin böyük imperatoru ilk dəfə Senatın qarşısınna çıxarkən
senatorlar qarşılarında kürən saçlı, arıq və orta boylu yeniyetmə
gördülər. Böyük Yuli Sezarın varis elan etdiyi 19 yaşlı bacısı
nəvəsi daha çox qadına bənzəyirdi. Sonradan vətəndaş müharibəsi
illərində Mark Antoni onu homoseksualist adlandırıb lağa
qoyacaqdı.
Buna baxmayaraq, yeniyetmənin açıq və zəhmli baxışları
senatorlara təsir edir. Bütün aurası ilə yeniyetmə ətrafına qəribə
özünəinam şuaları yayır. İlk görüşdən sonra gələcək imperatorun
hamisinə çevrilən məşhur Roma filosofu və natiqi Siseron Oktavianı
belə xarakterizə etmişdi: "O, məxmər qutuda olan kövrək brilyiant
kimi adamlara təsir göstərirdi. Məlumdur ki, brilyiant nə qədər
kövrək görünsə də, ondan möhkəm heç nə yoxdur. Qay Oktavian nə
qədər kövrək görünsə də, bir o qədər möhkəmdi".
Senat qarşısında çıxış edən Oktavian elan edir ki, Sezarın son
iradəsini həyata keçirəcək və onun qatillərindən intiqam alacaq.
Sezarın legionlarının veteranları onun çağırışına səs verib
ətrafına toplanırlar. Oktavian ilk olaraq Mark Antonidən Sezarın
ona miras buraxdığı pulları tələb edir. Bunun cavabında isə Mark
Antoni gülərək bildirir ki, o həmin pulları senatorlara rüşvət
verib ki, Roma senatı Sezarın tərəfdarlarını müdafiə etsin.
Mark Antoninin pulu qaytarmaqda imtina etməsinə baxmayaraq,
Oktavian mülklərini sataraq hər bir Roma vətəndaşına 300 sestersi
paylayır. Sezarın vəsiyyətində Oktaviana belə buyurmuşdu və bununla
Oktavian sübut edir ki, Mark Antonidən fərqli olaraq o, Sezarın
vəsiyyətinə sadiqdir.
Bundan sonra o, iflas etdiyini elan edərək Mark Antonini Romanın
məhsuldar və varlı əyalətlərini Sezarın qatillərinin ixtiyarına
buraxmaqda ittiham edir. Sisseron Senatda Oktavianın tərəfini
tutuduqdan sonra Mark Antoni məcburən Qalliyanın idarəsini artıq
xalq arasında məşhurlaşan Oktaviana verməli olur.
İlk addımda siyasi oyunların ustası kimi özünü təqdim edən 19
yaşlı Oktavian Qalliyanı aldıqdan sonra Mark Antoninin
legionerlərinə yüksək mükafat sözü verərək ona qoşulmağa çağırır.
Mark Antoninin legionerlərinin bir qismi ona qoşulduğunda isə o,
elan edir ki, o, hərbi qüvvəsindən Senatı Mark Antonidən qorumaq
üçün istifadə edəcək. Mark Antoni Sezarın qatillərindən biri olan
Deçim Bruta qarşı müharibə elan etdikdə isə Oktavian Senatı Brutun
tərəfinə kesməyə məcbur edir.
Bir ildən sonra o, Deçim Bruta, Mark Bruta və Qay Kassiyə qarşı
vuruşda məğlub olarkən onu məğlubiyyətdən köməyə gələn Mark Antoni
xilas edir. Tam məğlub olan Deçim Brut, Mark Brut və Qay Kassi
intihar edirlər. Oktavian Sezarın qatillərinin başını kəsib Romaya
göndərir. Onların başlarını Sezarın heykəlinin ayaqları altına
atırlar. Beləliklə, Sezarın qatilləri ölür və dolayısı ilə Oktavian
sözünü tütmüş olur. Oktavian və Mark Antoni Romaya triumviator
olaraq girirlər. Senat hakimiyyəti onların arasında bölərək hər
ikisini uzun müddətə diktator səlahiyyətləri ilə konsul seçir.
Amma Mark Antoni köməyə gəlməsəydi, gələcək imperatorun taleyi
müəmmalı olacaq və Oktavian söz verdyi kimi Sezarın qisasını ala
bilməyəcəkdi. Həmin döyüşdə həlak olan iki Roma konsulunun isə məhz
Oktavianın gizli əmri ilə öldürülməsi ilə bağlı Romada uzun müddət
şayiələr dolaşır.
İmperatorluğa gedən yol
Sezarın hakimiyyətinin göydən onun qucağına düşdüyündən əmin
olan Mark Antoni özünü böyük siyasət ustası kimi göstərməsinə
baxmayaraq, hələ də 20 yaşlı Oktavianı uşaq hesab edir. Artıq
Siseronla Oktavianın yollarıda aylıb. Siseronun siyasi planları ilə
Oktavianın siyasi planları arasında yerlə göy qədər fərq var. Digər
tərəfdən Mark Antoni özünün əsas rəqiblərindən biri olan Ssiseronun
qətlini israrla Oktaviandan tələb edir. Artıq Siserona ehtiyacı
qalmayan Oktavian Siseronu müdafiə etməkdən imtina edir.
Sezarın veteranlarını ətrafına toplayaraq hərbi gücünü artıran
Oktavian həmçinin Romanın ayrı-ayrı patrisiləri də ətrafına
toplamaqda davam edir. O hər kəsə bir şeylər vəd edir və tezliklə
Mark Antonini Romadan qaçmağa məcbur edir. Misirə gələn Mark Antoni
burda kraliça Kleopatra tərəfindən imperator kimi qəbul edilir.
Tədricən eyş-işrət içində Antoni Romanın problemlərini unudur.
Gözəl Kleopatranın ağuşunda o özünü gerçəkdən imperator kimi hiss
edir. Daha doğrusu, Misir fironu, ya da İran şahı kimi.
Kleopatra bütün gücü ilə Antonini yanında saxlamaq istəyir.
Antoni onun üçün həm Roma taxtına gedən yol, həm də Misirin
təhlükəsizlyidi. Elə ona görə firon Antonini özünə evləndirir.
Gözəl Misir kraliçası ilə evlənmək üçün Mark Antoni daha əvvəldən
siyasi məqsədlə evləndiyi Oktavianın bacısı Oktaviyadan boşanır.
Amma tarixin istehzasındanmı, Mark Antoni qədim Misirin bütün
ehtişamını yox edən və gözəl seksual firon Kleopatra ilə birlikdə
qədim Misiri sözün həqiqi mənasında öldürən romalı rolunu
oynayır.
Mark Antoninin Misir fironu kraliça Kleopatra ilə
münasibətlərini önə sürürək öz hakimiyyət şərikini vətən xaini elan
edir. O, Senatda Mark Antoninin vəsiyyətnaməsini oxuyur.
Vəsiyyatnamədə Mark Antoni Sezarın Kleopatradan doğulan oğlu
Sezarionu Roma imperatorluğuna varis olaraq göstərir, özünün
Kleopatradan olan oğlanlarına isə digər Roma vilayətlərini verir.
Bütün senat bir-birinə dəyir və Mark Antoni vətən xaini elan
olunur. Edamdan qaçmaq üçün Mark Antoninin senator tərəfdarları
Romadan qaçırlar.
Oktavian Romanın bütün gücünü toplayıb vətən xaini elan etdiyi
və Romanı Kleopatranın ağuşuna satan Mark Antoninin üzərinə gedir.
Mark Antonidən sonra bütün Roma imperiaysı onun olacaqdı…
Mark Antoninin legionları gözəlçə Kleopatranın ağuşunda sərxoş
yatan sərkərdəni tərk edib Oktavianın qərargahına qaçırlar. Bir
zamanlar uşaq hesab etdiyi Oktaviana son döyüşü belə verə bilməmək
Antonini qəhr edir.
Mark Antoninin intihar etməkdən savayı yolu yoxdur. Hər halda
onun, bir zamanlar Romanı idarə edən birisinin Romaya rəzil əsir
kimi aparılmasından söhbət belə gedə bilməzdi. Mark Antoni özünü
qılıncının üstünə yıxaraq intihar edir.
Oktavian Kleopatraya həyat bəxş edəcəyini bildirsə də, kraliça
zəhər içərək özünü öldürməyə qərar verir. Çünki ətrafda gəzən
söz-söhbətlərə görə triumviator olaraq Romaya girəcək olan Oktavian
onu arabasının arxasnca qəfəsdə sürütləyərək bütün Romanın
qarşısında rəzil etməyə planlaşdırır.
Ölümdən qurtulmaq üçün Mark Antoninin oğlanları, (həmçinin
Kleopatradan olanlar), Yuli Sezarın abidəsinə sığınırlar.
Oktavianın əmri ilə uşaqların hamısının boynunu vururlar. Yuli
Sezarın Kleopatradan olan oğlu Sezar Həbəşistana qaçmaq istəsə də,
yeniyetməni yolda tuturlar. Oktavian Sezarın oğlunun edam olunması
əmrini verir. Sezarion onun qarşısında diz çöküb yalvarmasına
baxmayaraq, Oktavian sonralar tez-tez söylədiyi məşhur kəlamını
söyləyir: "Sən ölməlisən".
Bununla da Misir fironlarının sonuncu nümayəndəsi öldürümüş oldu
və Oktavian Misir dövlətini ləğv elədi. Bundan sonra Misir
Oktaviana bir başa tabe olan Roma əyaləti olacaqdı.
Tanrının
seçdiyi - Avqust Sezar
Mark Antoninin öldürülməsindən sonra Roma imperiyasında 17 il
sürən vətəndaş müharibəsi eramızdan əvvəl 27-ci ildə sona çatdı.
Oktavian bütün rəqiblərini yenərək yanvarın 13-də Romaya
triumvuator olaraq döndü. Senatdakı çıxışında o özünün diktator
səlahiyyətlərindən imtina edərək Respublikanın yenidən bərpa
olunduğunu elan etdi.
Əslində isə bu bir oyundu. O, əlində olan sonsuz hakimiyyətdən
imtina etməyi düşünmürdü belə.
Oktavian sözünü bitirər-bitirməz onun yaxın silahdaşı Qay
Mesenat irəli çıxaraq Avqusta etiraz etdi: "Azadlıq və demokratiya
ağıllı adamlar üçündür. Vətəndaş müharibəsi göstərdi ki, romalılar
heç də ağıllı deyillər. Bu insanlara azadlıq vermək uşağın, ya da
dəlinin əlinə qılınc vermək kimi bir şeydir".
300 il əvvəl monarx hakimiyyətindən imtina edən Senat rəsmən
Oktavianı imperator elan etməsə də, onun sonsuz hakimiyyətini
tanıyır. Yeni imperatora prinseps (birinci senator) titulunu
verirlər. Bundan başqa Oktaviana bundan əvvəl ancaq tanrılara şamil
olunan "Avqust" (xeyir paylayan) ünvanını verirlər.
Bununla da Oktavian faktiki olaraq tanrı elan olundu və onun
hakimiyyətinin sonsuzluğu və mütləqliyi bu yolla təsdiqləndi.
Bundan sonra bütün Roma imperatorları özlərini bu yüksək titulla,
Sezar Avqust titulu mükafatlandıracaq və adətən sonsuz
hakimiyyətdən dəli olacaqdılar…
Buna baxmayaraq Oktavian senatorların təklifini rədd edir və
hakimiyyətdən imtina edir. Ancaq Roma xalqı Palatin sarayının
qarşısına toplanaraq onun qarşısında diz çöküb hakimiyyəti qəbul
etməyi istədikdən sonra Oktavian bütün titulları və hakimiyyət
rəmzlərini qəbul edir. Müasirləri bunu onun usta siyasətçi və
ikiüzlü olması ilə əlaqələndirirlər.
Avqustun yaratdığı dövlət quruluşu 300 ildən artıq yaşadı və
hüquqi cəhətdən Roma imperiyası respublika adlansa da,
prinsnepslərin hakimiyyətinin sonsuzluğu tarixi dəhşətə
gətirdi…
Hökmdar sözündən qorxan tanrı-imperator
Sezardan
fərqli olaraq bağışlamağı sevməyən Avqust Roma imperatorları
arasında ən az qan tökən və əxlaqsızlıq girdabına ən az yuvarlanan
imperator kimi tarixə keçib. O, heç bir zaman ona hökmdar deyə
müraciət edilməsinə icazə vermirdi. Elə bil ki, bu sözdən qorxurdu.
Hətta bir dəfə teatrda kütlə qarşısında ona hökmdar, deyə müraciət
edən aktyoru edam belə etdirmişdi.
Avqust sələflərindən fərqli olaraq ədalətli olmağa çalışırdı.
Vaxtının çoxunu məhkəmə çəkişmələrində keçirir, Romanın baş hakimi
olaraq ədalətli qərarlar verməyə cəhd edirdi.
Bir dəfə varisi və oğulluğu Tiberi onun haqqında pis
danışdıqlarından qəzəbləndiyi zaman Avqust ona etiraz etmişdi:
"Fikir vermə Tiberi. Vecinə də alma. Əgər kimsə mənim haqqımda pis
sözlər söyləyirsə, qoy söyləsin. Əsas odur ki, onlar mənə heç bir
şey edə bilməz. Amma mən edərəm".
Hakimiyyəti dövründə onun adına tikilən çoxlu sayda məbədlərə
getməsə də, bu məbədlərin tikilməsinə etiraz etmir və onu tanrı
elan edənlərə böyük bəxşişlər verirdi. Avqustun qeyri-rəsmi olaraq
mədəniyyət naziri rolunu oynayan və bu bu gun adı xeyirxahlıq və
humanizmin sinonimi kimi bilinən Qay Mesenat məhz bu yolla, Avqusta
ifrat yaltaqlığı sayəsində inanılmaz sərvət sahibi olmuşdu.
Buna baxmayraq, öz fikirlərini söyləyənlərə qarşı Avqust
repressiya tətbiq etmirdi. Ancaq həddini aşanlara sadəcə üç kəlmə
söz deyirdi: "Sən artıq ölməlisən".
Əxlaq dəyərlərini itirən Roma
Avqusta qədər bir zamanlar kifayət qədər mühafizəkar olan Roma
cəmiyyətində qədim əxlaq normaları artıq tənəzzülə uğramışdı. Artıq
eramızdan əvvəl 100-ci ilin başlanğıcından Roma cəmiyətinin ali
zümrəsi olan patritsilərin həyat tərzi demək olar ki, heç bir əxlaq
dəyəri tanımırdı. Plebeylərdən isə danışmağa belə dəyməzdi. Bu,
daha çox Romanın qüdrətinin gətirdiyi özünəarxayınlıq və quldar
patritsilərin həddindən artıq varlanması ilə əlaqəli idi.
Buna baxmayraq Avqust Roma imperatorları içində ən əxlaqlı
imperator olaraq bilinir. Hələ ilk gənclik illərində Romaya
hakimiyyət arxasınca gəldiyi zaman rəqibləri onun qadına
bənzəməsini lağa qoyur və ona açıqcasına homoseksualist deyirdilər.
(Yunan cəmiyyətindən fərqli olaraq homoseksualizm Romada pozğunluq
olaraq dəyərləndirilirdi).
Gənc Oktavian adətən rəqiblərinin atmacalarına susqunluqla cavab
verir və pozğunluğunu inkar etmirdi. Rəqibləri isə onu hələ
yeniyetməykən Sezarla yatağa girməkdə və buna görə onun varisi
olduğunu iddia edirdilər. Daha sonra isə yeniyetmə Avqustun pul
qarşılığında kişilərlə yatağa girdiyi iddia olunurdu. Hətta
yeniyetəmə Oktavianın pozğunluğu haqqında Roma teatrında səhnələr
belə göstərilirdi.
İmperator hakimiyyəti qazandıqdan sonra isə Avqust sanki acıq
çıxırmış kimi ətrafındakı insanların hər birinin qadını ilə yatağa
girirdi. Hətta yatdığı qadınlardan ərlərinin sirrlərini belə
öyrənirdi. Ona görə ətrafındakılar çalışırdılar ki, ya Avqustdan
heç nə gizləməsinlər, ya da arvadalarından sirrlərini
qorusunlar.
Adətən Avqust qadınları ziyafət zamanı ərlərinin gözü qarşısında
öz otağına aparır, sonra isə qadınla birlikdə geri qayıdırdı. Bəzən
qadınları döyür və onların üzündəki qızartılar bunu açıq şəkildə
göstərirdi. Daha çox keflənəndə, ya da şənlənədə əyanlarının
qadınlarını hərraca çıxarır və ən çox pul verənə həmin qadını
satırdı. Bəzən isə zorla hansısa qadına görə hansısa yaxınından bir
sərvət tələb edirdi.
Heç kəs onun əmrinə qarşı çıxmağı ağlına belə gətirmirdi. Çünki
həmin şəxs səhərisi gün intihar etmək əmrini alacaq və onun bütün
sərvəti imperatorun xəzinəsinə keçəcəkdi.
Avşustun ən sirli ziyafəti isə "12 tanrının ziyafəti" adlanırdı.
Bu ziyafətlərdə Romanın ən sayılan və patrisiləri və onların
xanımları tanrı və tanrıça qiyafəsində stollara uzanır və Apollon
(eşq tanrısı) qiyafətində olan Avqust onları zorlayırdı. Bəzi özünə
hörmət edən Roma patrisiləri bu ziyafətə dəvət aldıqları zaman
intihar etməyə üstünlük verirdilər. Romada Avqustun pozğun
ziyafətləri haqqında şeirlər yazılır və dildən-dilə dolaşırdı.
Yaşlandığı zaman isə daha gənc qızlara həvəs göstərməyə
başlamışdı. Ona gənc qızları adətən arvadı Liviya gətizdirirdi.
Bununla o uzun müddət Avqustun yanında qalmağı bacarmış, hətta
birinci ərindən olan oğlu Tiberini Avqustun ölümündən sonra
hakimiyyətə gətirə bilmişdi.
Avqustun ən böyük əyləncələrindən biri isə qumar olub. Bəzən
Avqust aşıq ataraq arvadının onun üçün gətizdirdiyi yeniyetmə
qızları qumara qoyur və uduzduğu zaman qızlar qul olaraq həmin
patrisiyə verilirdi.
Avqustun qızı və nəvəsi (hər ikisinin adı Yuliya idi) Romada
pozğunluqla ad çıxarmışdılar və onların ifrat pozğunluğundan utanan
Avqust onları lənətləyərək Romadan sürgün etmişdi. O, sürgündə
qızlarına şərab verilməsini yasaqlamış və onların yaşadıqları adada
kişilərin yaşamasını qadağan etmişdi.
Romanın
qızıl dövrü
Avqustun 46
illik mütləq hakimiyyəti Romanın qızıl dövrü də hesab olunur. O
uzaqgörən və ehtiyatlı, doğru zamanda doğru qərarları verməyi
başaran bir siyasətçi idi. Özünün bir kəlamını həmişə təkrar
edirdi: "Yavaş-yavaş tələs". O, siyasətdə həmişə bu devizinə riayət
edirdi.
Avqust uzun zaman yaşadı. Ölərkən 77 yaşı vardı. Ölümündən sonra
tarixçilər üç böyük uğurunu qeyd edirdilər.
Birinci, 19 yaşlı gənc ikən vətəndaş müharibəsinə girən Romanı
xilas etməsini. 17 illik mübarizədən sonra Avqust nəhayət dövlətin
birliyini təmin edə bilmişdi.
İkinci, de-yure olaraq Respublikanı saxlasa da, mütləq
hakimiyyət əldə etməsini. Avqust demək olar ki, heç bir hüquqi
statusu olmadan dünya imperiyasını idarə edirdi və prinsepsin
mütləq hakimiyyəti faktiki olaraq onun nüfuzu və iradəsi üzərində
təşəkkül tapmışdı. O özünü adətən "dövləti qoruyan əsgər"
adlandırırdı.
Üçünsü, ən böyük uğuru isə, Romanın sərhədləri daxilində
əmin-amanlıq və sülh yaratmasıydı. Onun 46 illik hakimiyyəti
dönəmində Roma heç bir qonşusu ilə müharibə etmədi və Roma
tarixində ilk dəfə yarım əsrlik bir dönəmi müharibə aparmadan
yaşadı. Elə buna görə də onun hakimiyyət dönəmi "Qızıl dövr"
adlandırılırdı.
"Tanrı"nın
ölümü
Avqustun oğlu yox idi və arvadının birinci ərindən olan oğlu
Tiberini mirasçısı elan etmişdi. O, Tiberinin sevmirdi amma arvadı
Liviyanın onun üzərində olan təsiri Tiberinin hakimiyyətə gedən
yollarını açmışdı.
O eramızın 14-cü ilində avqustun 19-da Neapol yaxınlığındakı
Noll şəhərciyində yay istirahəti zamanı birdən-birə xəstələnib
öldü. Arvadı Liviya yaşadıqları villanı legionerlərlə mühasirəyə
aldıraraq bir neçə gün onun ölumunu gizli saxladı. Yalnız oğlu
Tiberi Nolla gəldikdən sonra prinsepsin ölüm xəbəri Senatda elan
olundu. Elə həmin gün Tiberi Senat tərəfindən yeni prinseps elan
olundu.
O, Romada özünü imperator elan etmək niyyəti ilə çevriliş
hazırlayan Katalinanın edam olunduğu gün doğulmuşdu və ölərkən
Romada tam mütləq hakimiyyət formalaşdırmışdı.
Ölümündən sonra Senat onu bir daha tanrı elan etdi…