2031-ci ilə qədər kosmosda müharibə başlaya bilər və əgər bu baş verərsə, dünya yenidən XIX əsrə qayıda bilər.
Axar.az xəbər verir ki, bu fikri London Kral Kollecinin Friman adına Aviasiya və Kosmonavtika İnstitutunun həmsədri, doktor Culiya Balm deyib.
“Orbitdəki peyklərin sayının sürətlə artdığını, onların imkanlarının həm miqyas, həm də texniki xüsusiyyətlər baxımından genişləndiyini nəzərə alsaq, münaqişənin təkcə bu sahədə deyil, həm də yaxın beş il ərzində baş verə biləcəyini görərik”, – deyə Balm bildirib.
O, həmçinin qeyd edib ki, peyklərin sıradan çıxarılması təkcə hərbi əməliyyatları deyil, həm də ölkələr üçün həyati əhəmiyyət daşıyan infrastrukturu iflic edə bilər. Bu isə rəqiblər üçün ciddi üstünlük vasitəsinə çevrilə bilər.
Britaniya Xarici Siyasət Araşdırmaları İnstitutunun xəbərdarlığına görə, kosmosda nüvə silahı partladılarsa, radiasiya peyklərə düzəlməz zərər vura və orbiti istifadəyə yararsız hala sala bilər. Ekspertlər hesab edirlər ki, Rusiya orbitdəki peykləri kütləvi şəkildə məhv etmək imkanını nəzərdən keçirə bilər.
Bəzi analitiklər Rusiyanın artıq kosmosa nüvə qurğusu göndərmiş ola biləcəyini bildiriblər. Ehtimal olunur ki, həmin qurğu 2025-ci ildə “Kosmos” adlı kosmik aparatın göyərtəsində orbitə çıxarılıb.
Bundan əlavə, daha əvvəl Rusiyanın “Luç”/“Olimp” kəşfiyyat peyklərinin Avropaya məxsus kosmik aparatları izlədiyi aşkarlanıb. ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə isə Rusiya 2022-ci ildə nüvə qurğusunun komponentlərini daşıyan “Kosmos-2553” peykini orbitə buraxıb.