Rusiya Ukraynanın enerji infrastrukturuna və mülki əhaliyə hücumlarını davam etdirdiyi bir vaxtda Böyük Britaniya və Avropa ölkələri Ukrayna səmasının qorunması üçün NATO qüvvələrinin cəlb edilməsi imkanını nəzərdən keçirməlidir.
Axar.az xəbər verir ki, bu barədə “İndependent” nəşrinin dünya siyasəti şöbəsinin redaktoru Sem Kili “Rusiyanın gələcək təcavüzünün Qərb üçün yaratdığı risklər” barədə yazısında bildirib.
Onun fikrincə, Ukraynanın təcrübəsi Rusiya Prezidenti Vladimir Putinin məqsədlərinə çatmaq üçün nə qədər irəli gedə biləcəyini göstərir.
Kili qeyd edir ki, praktiki hərbi baxımdan və yaxın perspektivdə “milli müdafiə” anlayışı mülki əhalinin qorunması məqsədilə NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi imkanının nəzərdən keçirilməsini də əhatə etməlidir.
O vurğulayır ki, Ukraynanın hazırda malik olduğu raket əleyhinə müdafiə sistemlərinin imkanları əsasən tükənib. Rusiya ölkənin müqavimət iradəsini qırmaq və onu Moskvanın tələblərini qəbul etməyə məcbur etmək məqsədilə enerji infrastrukturuna, mülki əhaliyə, dəmir yolu şəbəkəsinə, ağır sənaye müəssisələrinə və məlumat emalı mərkəzlərinə zərbələr endirir.
"Cəbhə xəttini hazırkı vəziyyətdə saxlayan atəşkəs və ya hətta sülh müqaviləsi Ukrayna üçün faydalı görünə bilər, lakin Qərb üçün fəlakətli nəticələrə səbəb ola bilər. Rusiya bu sülhdən istifadə edərək müasir silahlardan istifadə sahəsində dünyada ikinci yerdə olan silahlı qüvvələrini yenidən silahlandıracaq, yenidən hazırlayacaq və yenidən təchiz edəcək”, - deyə Kili əlavə edib.
S.Kili bildirib ki, NATO Ukraynanın qətiyyətli şəkildə müdafiəsinə qoşulmalıdır.