ABŞ Dövlət Departamenti DV-2027 "Yaşıl kart" (Green card) proqramı üzrə qeydiyyat tarixlərini hələ də elan etməyib. Bununla bərabər, oktyabrın 29-da ABŞ-ın Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi qurumu həmin tarixə qədər qeydiyyat vaxtını açıqlamağa məcbur edən əvvəlki qərarın icrasını dayandırıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "San Francisco Chronicle" nəşri məlumat yayıb.
Bildirilib ki, Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi xarici siyasət idarəsini potensial mühacirlər üçün nəzərdə tutulmuş proqramın bərpasına məcbur edən Kaliforniya ştatının cənub dairəsi üzrə aşağı instansiya məhkəməsinin qərarını dondurub.
Bununla da məhkəmə apellyasiya şikayətinə baxılan müddətdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının vəsatətini təmin etmiş olub. Bundan əvvəl iddiaçıların maraqlarını müdafiə edən ABŞ-ın "Red Eagle Law" hüquq şirkəti "Yaşıl kart" lotereyasının faktiki olaraq dayandırılmasına görə administrasiyanı məhkəməyə vermişdi. Məhkəmənin qərarında qeyd edilib ki, şirkətin iddia qaldırmaq üçün hüquqi əsasları yoxdur, çünki proqram "hüquq şirkətlərinin zənginləşməsi üçün deyil, immiqrasiyanın təşviqi məqsədilə təsis edilib".
Bununla belə, məhkəmə Vaşinqtonun lotereyanı faktiki olaraq dayandırmaq qərarını dəstəkləmədiyinə işarə edib. Qərarda vurğulanıb:
"Dövlət Departamentinin lotereyada iştirak üçün qeydiyyatı açmaması faktını təqdir etmirik".
Oktyabrın ortalarında Kaliforniyanın cənub dairəsi məhkəməsi "Red Eagle Law" şirkətinin müraciətini təmin edərək, Dövlət Departamentinə "Yaşıl kart" lotereyasını bərpa etmək barədə göstəriş vermişdi. Qurum qeydiyyat tarixlərini oktyabrın 29-dək elan etməli və noyabrın 1-dək müraciətlərin qəbulunu başlatmalı idi.
Məlumata görə, oktyabrın 30-na olan vəziyyətdə, idarə 2027-ci maliyyə ilində (ABŞ-da 1 oktyabr 2026-cı ildə başlayır) proqram və onun keçirilmə müddətləri barədə heç bir yeni məlumat dərc etməyib. 2025-ci ilin dekabr ayında Providens şəhərindəki Braun Universitetində baş verən atışmadan sonra Ağ Ev "Yaşıl kart" lotereyası proqramını dayandırmaq qərarına gəlmişdi. Silahlı insidenti törədən şəxsin ölkəyə məhz bu viza verilməsi proqramı vasitəsilə gəldiyi məlum olmuşdu.