Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına hücumları ölkədə yenidən yanacaq təchizatının bərpasını təhlükə altına alıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, cümə günündən etibarən Rusiyanın Ufa şəhərində, Volqaboyu regionunda və Samara vilayətində yerləşən ən böyük neft emalı zavodları hücuma məruz qalıb. Jurnalistlərin qiymətləndirməsinə görə, zərərin miqyası hələlik məlum deyil. Lakin bu hücumlar Rusiyanın neft emalı sənayesində bərpa prosesinin nə qədər kövrək olduğunu bir daha nümayiş etdirib. Bildirilir ki, zərbələr nəticəsində zavodlar neft emalını dayandırmağa və ya istehsal həcmini azaltmağa məcbur olub.
Konsaltinq şirkətlərinin məlumatlarına əsasən, hücumlardan əvvəl də Rusiyada neft emalının orta göstəriciləri mövsümi normalardan xeyli aşağı olub.
Bildirilir ki, yanacaqdoldurma məntəqələrində uzun növbələrin aradan qalxmasına baxmayaraq, Rusiya daxili yanacaq bazarı hələ də ciddi risklərlə üz-üzədir:
“Benzin böhranının qismən aradan qaldırılmasına xaricdən yanacaq idxalının artırılması və neft emalı güclərinin müəyyən hissəsinin bərpası hesabına nail olunub. Bununla belə, benzinin qiyməti ilin əvvəlindəki göstəricilərlə müqayisədə orta hesabla 20 faiz yüksək olaraq qalıb.
Benzin böhranından çıxmaq üçün Rusiya idxalı artırmalı, yanacaq ixracını məhdudlaşdırmalı və tədarükün bərpası məqsədilə neft emalı zavodlarına milyardlarla dollar subsidiya ödəməli olub”.