Ermənistan və Türkiyə arasında ticarət əməliyyatları artıq birbaşa rəsmiləşdirilir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının 2027-ci ilin dövlət büdcəsi layihəsini müzakirəsi zamanı deyib.
“Fiziki baxımdan təbii ki, iki ölkə arasında malların daşınması üçüncü ölkələr (əsasən Gürcüstan – red.) vasitəsilə həyata keçirilməyə davam edir. Yenilik ondan ibarətdir ki, əvvəllər bu ticarət gömrükdə də üçüncü ölkələr üzərindən rəsmiləşdirilirdi, hazırda birbaşa rəsmiləşdirilir. Sərhəd məsələsinə gəlincə, əvvəllər də bəyan etdiyim kimi, proses artıq o həddə çatıb ki, biz istənilən an sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addımlar ata bilərik”, – o bildirib.
Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli olduğunu vurğulayıb:
“2027-ci ilin əvvəlində Ermənistanda bu ilin yayında Qarsda keçirilən analoji tədbirə bənzər biznes forumunun təşkili planlaşdırılır”.
Erməni nazirin sözlərinə görə, Azərbaycanla formalaşmış sülhün möhkəmləndirilməsi, o cümlədən ikitərəfli ticarətin inkişafı və ərazinin malların tranziti üçün açılması istiqamətində tədbirlər də davam etdirilir. Mirzoyan TRİPP marşrutunun açılması ilə Azərbaycan yüklərinin də Ermənistan ərazisindən keçəcəyinə əminliyini ifadə edib.