Cənubi Koreyada indiyədək görünməmiş, ən gurultulu və
qeyri-adi siyasi qalmaqal böyüməkdədir. İddialara görə, ölkəni dörd
ildir prezident yox, onun siyasətə dəxli olmayan rəfiqəsi idarə
edirmiş.
Axar.az xəbər verir ki, prokurorluq Prezident Pak Kın Henin işi
üzrə araşdırmaya başlayıb. O, ölkəni rəfiqəsi Çoi Sun-silin təsiri
altında idarə etməkdə ittiham olunur.
Prezidentin rəfiqəsi ilə bağlı da araşdırma aparılır. O,
prezidentlə yaxınlığından yararlanaraq varlanmaqda və qızına ali
təhsil almağa yardım göstərməkdə suçlanır. Hazırda həbsdə olan Çoi
Cənubi Koreyada böhrana səbəb olduğuna görə üzr istəyib. Prezident
rəfiqəsi 20 gün həbsdə qaldıqdan sonra ona ya rəsmi ittiham irəli
sürüləcək, ya da sərbəst buraxılacaq.
Cənubi Koreya prezidentinin reytinqi 1988-ci ildən bəri rəy
sorğularında rekord həddə düşüb. İndi cəmi əhalinin 5 faizi ona
dəstək verir. Ölkənin minlərlə sakini prezidentin istefası tələbi
ilə küçələrə çıxaraq etiraz edir.
Prezidentin rəfiqəsi Çoi Sun-sil kimdir?
İndi yaşı 60-ı ötən bu qadınlar hələ yeniyetmə çağlarından
dostluq ediblər.
Pak Kın He Cənubi Koreyanın keçmiş prezidentinin qızıdır. Onun
anasını, ölkənin birinci xanımını 1974-cü ildə prezidenti öldürmək
cəhdinə görə güllələmişdilər. "Əbədi həyat" dini sektasının lideri
olan Çoi Sun-silin atası da elə bu zaman prezident ailəsi ilə
yaxınlaşıb.
O, Pak Kın Henin hamisinə çevrilir, gənc qızı inandırır ki,
ölkənin gələcək prezidentinin anası onun yuxusuna girib və qızına
yardım etməsini istəyib. Dini lider Pak Kın Heyə ölkənin gənc
könüllülər hərəkatını idarə etməkdə yardım göstərir. Onun qızı Çoi
Sun-sil də hərəkatın liderlərindən idi.
Pak Kın He siyasi karyerasına başlayanda Çoi qadınlardan ibarət
"səkkiz mələk" qrupunu yaradır, onlar prezidentin qeyri-rəsmi
məsləhətçilərinə çevrilirlər.
Pak Kın He ittihamlarla bağlı nə deyir?
Prezident iki dəfə rəsmi şəkildə üzrxahlıq edib. Sonuncu dəfə o,
hüquq-mühafizə orqanları ilə əməkdaşlığa söz verib.
"Bu doğrudur, mən ehtiyatlılığı əldən verdim, çünki o, ən çətin
vaxtlarımda yanımda olub", – prezident rəfiqəsi haqda deyib.
Prezidentlə rəfiqəsini nədə ittiham
edirlər?
Çoi Sun-sil rəsmi şəxs olmasa da, rəfiqəsinin seçkiqabağı
kampaniyasında və hakimiyyəti dövründə ona məsləhətlər verib.
Bundan başqa Çoinin olduğu iddia edilən köhnə bir planşet tapılıb.
Orada prezident çıxışlarının 44 qaralaması tapılıb. Güman olunur
ki, onları Çoi Sun-sil redaktə edib. Həmçinin onun prezidentə hansı
qərarları qəbul etməli, rəsmi görüşlərdə necə geyinməli olması ilə
bağlı yol göstərdiyi deyilir.
Ayrıca, Çoi prezidentlə yaxınlıqdan yararlanaraq özəl şirkətlərə
idarə etdiyi fondlara 69 milyon dollar ianə vermələri üçün təzyiq
edib.
Anasının sayəsində prezident rəfiqəsinin qızı nüfuzlu
universitetlərdən birinə girib. Dərsləri buraxmasına və pis
qiymətlərə baxmayaraq, universitetdə təhsilini davam etdirib.