Bu günlərdə Krımın Ukraynadan ayrılıb Rusiyaya
birləşdirilməsinə qarşı mübarizədə Ukrayna xalqına yardım etmək
məqsədilə "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı Cövhər Dudayev
adına batalyonun yaradılması barədə qərar qəbul edib. Məsələnin
maraqlı tərəfi batalyona üzv yazılanlar arasında azərbaycanlıların
olması və müdafiə nazirinin keçmiş müavini, Norveçdə mühacir həyatı
yaşayan İsa Sadıqovun batalyonun ştab komandiri təyin edilməsi
oldu. İsa Sadıqov yayılmış informasiya ilə bağlı susmağa üstünlük
verdiyi bir zamanda batalyonun komandiri İsa Munayev müsahibə
verməyə razılaşdı.
Jurnalist Elnarə Əlosmanqızının C.Dudayev adına batalyonun
komandiri İsa Munayevdən xüsusi olaraq "Axar.az"
üçün aldığı müsahibəni təqdim edirik.
- Cənab Munayev, hazırda dünyanın müxtəlif ölkələrinə
səpələnən çox sayda çeçen var. Çeçenistandan uzaqda onların həyat
tərzi, yaşayışı, fəaliyyəti, azad Çeçenistan üçün mübarizənin hansı
səviyyədə olduğunu bilmək istərdik.
- 1999-cu ilin sentyabrında Rusiyanın başlatdiği yeni hərbi
təcavüz rus ordusunun qəddarlığı baxımından 1994-95-ci illərdəki
rus-çeçen müharibəsindən də bir az irəli getdi. Bunun nəticəsində
yüz minlərlə çeçen Azərbaycana, Gürcüstana, Avropa ölkələrinə,
Kanadaya getmək məcburiyyətində qaldı. Azərbaycan və Gürcüstan
özlərinin qaçqın problemi üzündən çeçenlərə hərtərəfli yardım
göstərilə bilmədi. Ancaq Qərb ölkələri, ABŞ və Kanada onlar üçün
gərəkli olan hər şeyi etdi. Yaşamaq hüququnun verilməsi, pulsuz
təhsil, sosial şərait və digər bu qəbildən olan məsələlər çeçen
gənclərinə Avropa ölkələrinin nüfuzlu universittlərində təhsil
almaq şəraiti yaratdı. Rusiyanın marionetkası olan Kadırov
tərəfindən onların qohumlarına olan qəddar münasibətə baxmayaraq,
dünyanın müxtəlif ölkələrində olan çeçen qrupları ölkəmizin
müstəqilliyi ideyasını dəstəkləyir. Hər il konfranslar təşkil
olunur, mitinqlər, nümayişlər keçirilərək Rusiyanın Qafqazda və
Çeçenistandakı koloniya siyasəti pislənilir. Çeçenlərin öz azadlığı
və müstəilliyi uğrunda mübarizəsinin avanqardı olan "Azad Qafqaz"
İctimai-Siyasi Hərəkat 2009-cu ildə Danimarkada yaradılıb. Burda
Azərbaycan, gürcü, çeçen, Şimali Qafqaz diasporası birləşir.
- Bu günlərdə "Azad Qafqaz" Hərəkatının qərarı ilə
Ukrayna xalqına yardım etmək məqsədilə Cövhər Dudayev adına
batalyonun yaradılması barədə qərar qəbul edilidi. Bu, hansı
zərurətdən yarandı? Çeçenistan uğrunda mübarizənin bitmədiyi bir
zamanda Ukrayna üçün vuruşmaq bir az qəribə deyilmi?
- Ukrayna xalqının Rusiya imperiyasına qarşı mübarizəsinin bizim
ümumi mübarizəmizin tərkib hissəsi olmasını nəzərə alaraq, biz öz
dəstəyimizi göstərmək qərarına gəldik. Ukrayna xalqına öz
dövlətlərini qorumaqda yardım etmək məqsədilə Qafqz qəhrəmanı
Cövhər Dudayev adına "Beynəlxalq Sülhməramlı Könüllülər Batalyonu"
yaratdıq. Biz əminik ki, Qafqazın azadlığı keçmiş SSRİ ölkələrinin
azadlığından asılıdır. Onların azadlığı bizim azadlığımızdır. Məhz
buna görə belə bir batalyonun yaranması qərara alındı.
- Batalyona üzv olmaq üçün Azərbaycandan da könüllülərin
müraciət etdiyi bildirilir. Bu günlərdə Azərbaycanda qəbul edilən
qanuna əsasən xarici ölkələrdəki hərbi münaqişlərdə iştirak edən
azərbaycanlıları üzün müddətli həbs cəzası gözləyir. Sizcə, bu
batalyona Azərbaycandan olan müraciətlərin sayını
azaldacaqmı?
- Azərbaycanlıların bizim batalyonda iştirakı ukraynalılar,
çeçenlər, gürcü və pribaltlara nisbətən azaddır. Ola bilsin ki, bu,
Azərbaycanda qəbul edilən sərt qanunlarla bağlıdır. Ancaq bizim
batalyonun dini prinsiplərlə yaradılmadığı, ekstremist və ya
terrorçu formalardan istifadə etmək niyyətində olmadığı faktı da
nəzərə alınmalıdır. Mən belə düşünürəm ki, Azərbaycanın indiki
hakimiyyəti üçün bizi dəstəkləmək, azərbaycanlı könüllüləri təqib
etməmək daha xeyirli olardı. Çünki onlar Rusiyanın gələcək
qurbanının Azərbaycan ola biləcəyini nəzər alaraq ancaq və ancaq öz
qardaşları olan Krım tatarlarına və ukraynalılara kömək etmək
istəyirlər.
- Başqa bir məlumata əsasən azərbaycanlı hərbçi,
Norvecdə mühacir həyatı yaşayan İsa Sadqov batalyonun ştab
komandiri təyin olunub. Bu xəbər nə dərəcədə həqiqətə
uyğundur?
- Doğrudan da "Azad Qafqaz" Hərəkatının prezidiumunun qərarı ilə
Azərbaycanın nüfuzlu hərbçisi İsa Sadıqov batalyonun ştab komandiri
təyin edilib. Bizim qənaətimizə görə, İsa Sadıqov öz xalqının
həqiqi övladıdır. Belə hesab edirik ki, bizim təşkilatda İsa
Sadıqov kimi nüfuzlu və savadlı insanın təmsil olunması bizim böyük
uğurumuzdur.
- Sizin İsa Sadiqovla bu məsələ ilə bağlı birbaşa
təmasınız olubmu?
- Mən özüm şəxsən onunla görüşmüşəm, söhbət etmişik. Bu
söhbətdən mənə aydın oldu ki, İsa Sadıqov Azərbaycanın və Qafqazın
həqiqi patriotudur. O, hətta Qafqaz xalqlarının azadlığı üçün özünü
qurban verməyə də hazırdır.
- İsa Sadıqov bu təklifi necə qarşıladı?
- Bizim onu "Azad Qafqaz" Hərəkatı sədrinın birinci müavini və
Ştab komandiri təyin etməyimizlə bağlı təklifimizi İsa Sadıqov
anlayışla qarşıladı və ona göstərilən yüksək etimada görə
təşəkkürünü bildirdi.
- Belə bir batalyonun yaranması ora könüllü üzv olan
döyüşçülərin, o cümlədən sizin və İsa Sadıqovun yaşadığı ölkədə
sizinlə bağlı hansısa problem yaratmayacaq ki?
- Bizim hazırda yaşadığımız ölkələrdə insan hüquq və
azadlıqlarına hörmət edilir. Bizim hər birimiz öz fikrimizi ifadə
etmək, ictimai-siyasi təşkilat və ya partiya yaratmaq haqqımız var.
Burda həm də azad və demokratik dövlət yaratmaq istəyən xalqlara
kömək etmək istəyinə də hörmət olunur. Biz yaşadığımız ölkələrin
qanunlarına hörmət edir və onlara riayət edirik. Bizim
hərəkətlərimiz sülhməramlı xarakter daşıyır. Beynəlxalq sülhməramlı
batalyon yaradılıb və komplektləşdirilib. Biz Rusiyanın hərbi
təcavüzündən əziyyət çəkən Ukrayna tərəfinin istənilən tapşırığını
yerinə yetirməyə hazırıq.
- Krımda referendum keçirildi və əsas mübarizə yəqin ki,
bundan sonra başlayacaq. Bu yaxın günlərdə "Azad Qafqaz" təşkilatı
və C.Dudayev adına batalyonun hansı addımlar atacağı gözlənilir?
Sizin könüllülər Ukraynaya gedəcəkmi?
- "Azad Qafqaz" Hərəkatı bundan sonra da Rusiyann dünyada
ekspansiv məqsədləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq
üçün siyasi, ideoloji və informasiya mübarizəsini davam etdirəcək.
Bizim batalyon isə Ukrayna tərəfindən gələn ilk müraciətdən sonra
dünyada azadlıq və demokratiyanın qorunması yolunda öz borcunu
yerinə yetirmək üçün ora getməyə hazırdır.
Elnarə Əlosmanqızı
Xüsusi olaraq "Axar.az" üçün