ABŞ-ın sabiq dövlət katibi Riçard Morninqstarın
Azərbaycana səfir təyin edilməsinin pərdəarxasından
yazdı
ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun bu günlərdə çapdan
çıxan kitabı qalmaqallara səbəb olub.
H.Klinton öz kitabında prezident kreslosu uğrunda apardığı
mübarizədən, o cümlədən Rusiyaya qarşı şəxsi münasibətindən bəhs
edir. ABŞ-ın sabiq dövlət katibi həmçinin senator olduğu dövrdə
İraq müharibəsinə razılıq verdiyi üçün hər kəsdən üzr istəyib.
H.Klinton 2002-ci ildə Konqresdə senator olduğu zaman İraq işğalına
"hə" dediyi üçün böyük bir səhv etdiyini etiraf edir. "Səhv edən
yalnız mən deyildim" yazan xanım Klinton kitabında həmçinin
Suriyadakı müxaliflərə silah yardımı mövzusunda prezident Obama ilə
yaşadığı fikir ayrılığına da toxunur.
Kitabda RF prezidenti V.Putinlə bağlı məqamlar da maraq doğurur.
Rusiya ilə ABŞ-ın münasibətlərindəki qaranlıq məqamlara aydınlıq
gətirmək baxımından sabiq dövlət katibinin kitabı böyük önəm kəsb
edir.
Kitabın işıq üzü görməsini müşahidəçilər xanım Klintonun 2016-ci
ildə keçiriləcək prezident seçkilərinə hazırlıq kimi
dəyərləndiriblər.
Qeyd edək ki, Hillari Klintonun "Çətin seçimlər" adlı yeni
memuarı 635 səhifədən ibarətdir. Kitabın böyük hissəsi xanım
Klintonun Obamanın prezidentliyinin birinci dönəmində Amerikanın
baş diplomatı olduğu illər ABŞ-ın xarici siyasətinə həsr
edilib.
Dörd il dövlət katibi olduğu müddətdə dünyanın 112 ölkəsinə
səfər edərək, 1,5 milyon kilometr yol qət edən xanım Klinton
kitabında xarici siyasət sahəsində 21-ci əsrin sınaqları və ABŞ-ın
qlobal liderliyi, eləcə də beynəlxalq xarici siyasət haqda
fikirlərini bölüşür.
Kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də yer
alıb. Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı gizli
məqamlara aydınlıq gətirən H.Klinton Riçard Morninqstarın
Azərbaycana səfir təyin olunmasından da söz açır.
Sabiq dövlət katibi Cənub qaz dəhlizini enerji diplomatiyası
sahəsində ən mühüm təşəbbüs kimi qiymətləndirir: "Layihənin
gerçəkləşməsi üçün lazım olan razılaşmaların müzakirə edilməsi
məqsədilə səfir Riçard Morninqstarı xüsusi nümayəndə təyin etdim.
Bu, Xəzər dənizində əsas mənbə olan Azərbaycanla qonşusu Ermənistan
arasında uzun illər sürən münaqişəyə görə mürəkkəb məsələ idi.
Cənab Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə elə
konstruktiv iş münasibətləri yaratmışdı ki, mən onu orada səfir
təyin etdim".
H.Klinton kitabında Azərbaycana iki dəfə səfər etdiyini qeyd
edərək, bu səfərlərin əsas məqsədinin regionda sülh səyləri və
demokratik islahatlara təşviq etmək, eyni zamanda qaz kəməri
layihəsinin gerçəkləşməsinə dəstək göstərməkdən ibarət olduğunu
yazır.
Musavat.com