"Bu, Türkiyənin daxilində gedən prosesdir".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev
Türkiyədə baş verən hadisələri şərh edərkən dedi. Onun sözlərinə
görə, PKK qruplaşmalarının fəallaşması Türkiyə sərhədləri
çərçivəsindən kənara çıxa bilməz:
"Son günlər Türkiyədə yaşananlar bilavasitə türk hökuməti ilə
bağlıdır. Türkiyə hökumətinin istədiyi vaxt bu etirazlar yatacaq.
Ordu əgər onlara qarşı gedərsə, PKK-nın orduya qarşı qalxma
ehtimalı olduqca aşağıdır. PKK qruplaşmaları təkcə Türkiyədə deyil,
Suriya, İraq, İran, o cümlədən Qarabağa da yerləşdirilib. Amma bu
qruplaşmaların ayağa qalxıb onlara dəstək verməsi, İŞİD-ə qarşı
mübarizədə bu qruplaşmaların köməyi inandırıcı deyil".
Politoloqun sözlərinə görə, etirazların nəticəsi olaraq Türkiyə
hökumətinin konkret addımlar atacağı da gözlənilən deyil:
"Bu etirazların Türkiyə hökumətinin İŞİD-ə qarşı aktiv hərbi
müdaxiləsi ilə nəticələnəcəyini düşünmürəm. Tam tərsinə, bu
hadisələr hökuməti qıcıqlandıracaq. Türkiyə əməliyyatlara
başlayarsa, Kobani kürdlərinin gücü daha da artacaq. PYD və ya
PKK-nın ortaq düşməninə qarşı Türkiyənin də qoşulması acı
nəticələrə səbəb ola bilər. Buna görə də bu etirazların Türkiyədə
nəyisə dəyişəcəyinə inanmıram".