Rusiya Strateji Araşdırmalar İnstitutunun rəhbəri
Vladimir Yevseyev Vaşinqtonun əsas məqsədinin müstəqil İraq-Kürd
dövlətinin qurulması olduğunu, bunun Türkiyə üçün çox böyük təhdid
meydana gətirdiyini açıqlayıb.
Ria Novosti-yə müsahibə verən Yavsayev ABŞ-ın Kürdüstanın
qurulması üçün hər yola əl atdığını qeyd edib: "Təəssüf ki, bunu
söyləmək məcburiyyətindəyəm ki, ABŞ yalnız de-fakto deyil, de-yure
olaraq da İraq Kürdüstanının qurulması üçün səylərini artırıb. Bu
Türkiyə üçün çox ciddi nəticələrə gətirib çıxaracaq".
Türkiyədə milyonlarla kürdün yaşadığını xatırladan rusiyalı
mütəxəssis belə olan təqdirdə Türkiyə kürdlərinin də ayağa
qalxacağını açıqlayıb:
"Türkiyədə yaşayan kürdlər də yeni qurulan dövlətə daxil olmaq
istəyəcək. Hazırda Türkiyədə nə qədər ciddi kürd etirazlarının
yaşandığını görürük".
Rusiyalı mütəxəssis keçirdiyi bir çox görüşlərdən sonra
Türkiyənin digər NATO üzvü ölkələrlə bərabərhüquqlu bir ölkə
olmadığı qənaətinə gəldiyini bildirib:
"Səddam rejiminin devrilməsində öz torpaqlarını ABŞ-a verməməsi
və Qara dənizdə NATO gəmiləri ilə əməkdaşlıqdan imtina etməsi NATO
daxilində Türkiyəni ikinci dərəcəli ölkələr sırasına salıb".
İŞİD-in Türkiyə torpaqlarına hücum edəcəyi təqdirdə NATO-nun bu
ölkənin imdadına çatacağından əmin olmadığını deyən politoloq
Prezident Ərdoğanın da bununla bağlı heç bir ölkədən kömək
istəməyəcəyini bildirib.