Ötən həftə uzaq Afrikada 27 illik diktatura süquta
uğradı. Burkina Fasoda cümə axşamı başlayan etirazlardan sonra
Prezident Bleys Kampore istefa verdi. Bundan əvvəl onun 27 illik
prezidentlik dövrünü uzatmaq cəhdinə görə etirazçılar parlamenti və
hökumət binalarını yandırmışdı. Bəs kimdir bu Kampore və onun idarə
etdiyi Burkina-Faso dövləti haqda nələr bilirik?
Axar.az bu qısa tarixçəni təqdim edir.
***
… Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını
yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu
vəzifədən qazandığı əmək haqqı ilə - ayda 450 dollar ilə dolanırdı.
Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər
fonduna bağışlayırdı.
Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə
gəlməmişdən əvvəl aldığı "Pejo" markalı avtomobildən, buzxanası
sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət
olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün
dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması
olmuşdu.
Bundan savayı, Sankara işçilərinə onun iş otağında kondisioner
quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: "Mən
dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram".
Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən
asmağa da icazə verməmişdi.
O, "Mersedes" markalı avtomobillərdən ibarət olan hökumət
avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən
ucuz marka "Reno" avtomobilləri ilə təmin etmişdi.
Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi
sürücüdən istifadə etməyi və birinci sinif aviabiletlərlə uçmağı
qadağan etmişdi. Həmçinin, məmurlara bahalı Qərb kostyumları deyil,
yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini
tapşırmışdı.
Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir
aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir
dəfə Sankara Nazirlər Kabinetinin yarısını işdən çıxardıb kollektiv
fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha
faydalı olacaqlarını bəyan etmişdi.
Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra
Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd
etmişdi.
Sankaraya Afrikanın Çe Gevarası deyilir.
1987-ci ildə indi devrilmiş prezident Kamporenin xuntası
ədalətli prezidenti devirdi, silahlı qarşıdurmalarda Sankara
öldürüldü. Və diktaturanın 27 illik hakimiyyəti başladı.
Bleys yalnız ötən həftə inqilab yolu ilə aşırıldı.