İstanbul Texniki
Universitetində (İTİ) təşkil olunan "İstanbulda tarixi
abidələrin vəziyyəti" adlı beynəlxalq konfransda Aya Sofya
muzeyinin 4 minarəsinin dağılma təhlükəsi olduğu
açıqlanıb.
Axar.az bu haqda türk mediasına istinadən xəbər verir. 10 illik
elmi təcrübə və araşdırmalardan sonra məlum olub ki, 7 və daha
yuxarı bal gücündə zəlzələ baş verərsə, muzey dağılacaq.
Aya Sofyanın seysmik dayanıqlığı üzərində aparılan çalışmalara
rəhbərlik edən Rəşad Oygüc verdiyi açıqlamada nuzeyin
restavrasiyasının vacib olduğunu deyib: "İndiki halda Ayasofyanın 4
minarəsi, 7 və daha çox bal gücündə zəlzələyə davamlı deyil.
Minarələrdə bərpa işləri aparılmalıdır. Tarixi abidəni zəlzələ
risklərinə qarşı qorumaq lazımdır. Aya Sofyanın zəlzələ zamanı
hansı vəziyyətə düşəcəyi barədə hazırladığımız üçölçülü zəlzələ
modelində araşdırdıq. Virtual zəlzələ təcrübələrində minarələrin
böyük risk daşıdığını təsbit etdik".
Xatırladaq ki, inşasına 532-ci ildə başlanan Aya Sofyanın
tikintisi 5 il 11 ay 10 günə başa çatıb. 1935-ci ildən bu günə
qədər muzey kimi fəaliyyət göstərən abidənin qübbəsinin hündürlüyü
55-60 metr, eni 31-36 metrdir. Bu qübbə eni 1,1 metr olan 40 dirəyə
söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla
107 sütun saxlayır və açılan 40 pəncərə onun bol işıq almasına
səbəb olur.