Rusiyanın ən qalmaqallı siyasətçisi, Rusiya Liberal
Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski
"Komsomolskaya Pravda" qəzetinə müsahibə verib. Siyasətçi
müsahibəsində rublun sürətlə ucuzlaşmasından, geosiyasi vəziyyətdən
danışıb. Jirinovski müsahibəsində Azərbaycanla da bağlı fikirlər
səsləndirib.
Publika.azın ixtisarla çap etdiyi müsahibəni təqdim
edir.
- Vladimir Volfoviç, qapınızın üzərinə qəribə elan
vurulub - "Əllə görüşmək və öpüşmək qadağandır".
- Alimlər sübut edib ki, əllə görüşəndə insandan insana mikrob
keçir. Bundan çoxdan şübhələnirdim, indi isə əminəm. Hələ görüşəndə
adamı öpənlər də var. Ən çox kazaklar və keşişlər. Öpüşərkən insana
150 növ mikrob keçir. Deməli, hər gün əllə görüşüb öpüşsən, mütləq
xəstələnəcəksən.
- Pul ilə daha çox mikrob keçir...
- Doğrudur, iaşə obyektlərində əllərini çirkli pula vururlar,
sonra kolbasa doğrayırlar...
- İndi isə rubl haqqında... Ucuzlaşıb, xalq xarici
valyuta axtarır, saxlayır. Nə baş verir?
- 1998-ci ildə rubl 4 dəfə ucuzlaşmışdı. İndi isə hələlik 40
faiz ucuzlaşıb. Əlbəttə, bu, ABŞ və Səudiyyə Ərəbistanının bizə
qarşı oyunu ola bilər. Digər tərəfdən, Rusiyanı tamam zəiflətmək
ABŞ-ın marağında deyil. Rusiya zəifləsə Avropa İttifaqı və Çin
güclənəcək. Rusiya olmasa, ABŞ 3 cəbhədə tək döyüşməli olacaq -
Avropa İttifaqı, Çin və İslam dünyası ilə.
- Sadə insanlar düşünür ki, Krım indi bizimdir. Bu
əladır. Ancaq rubl düşür, qiymətlər qalxır. Buna
dəyərdimi?
- Bunlar Krıma görə deyil. Bu, sadəcə səbəbdir. Soyuq müharibə
başlayıb. Rusiya iqtisadiyyatı dinc dövrdə çox güclənir. Bu isə
ABŞ-ı qorxuya salır. Çin, Hindistan, Braziliya, Türkiyə, İran,
bütün Orta Asiya Şanxay Əməkdaşlıq Təşkilatının bayrağı altda olmaq
istəyir. Amerikalılar bu oyunu başladılar ki, iqtisadi müharibədə
Rusiyanın qonşu ölkələrdə nüfuzu azalsın. Bunun öhdəsindən
gəldilər. Ancaq əsas odur ki, biz Krımı əldən vermədik. Ora ikinci
Donbasa çevriləcəkdi. Türk desantı Krım tatarları geyimində bütün
rusdilliləri məhv edəcəkdi.
- Qiymətlər durmadan artır. Nə etməli?
- Qiymətlər neftin ucuzlaşmasına görə artır. Özümüz günahkarıq.
İqtisadiyyatı neftdən asılı etmək olmaz. Aqrar sahəni
qaldırmalıyıq. Torpaqlarımızın cəmi 40 faizini əkib-becəririk.
Diqqəti ora yönəltmək lazımdı.
- Bəs nə qədər dözməliyik?
- Dükanlar ərzaqla doludur, anbarlar da. Gedib Çilidən çaxır,
yaxud da Yunanıstandan konyak gətirmək lazım deyil. Sifariş verin,
Orta Asiya, Azərbaycan, Krasnodar vilayəti sizə nə qədər istəsəniz,
konyak və çaxır göndərər.
- Amma mən Çili çaxırını sevirəm...
- Get Avropaya, orda Çili çaxırı iç. Mən çəkmə arağa keçmişəm.
Dostlarım 5 butulka göndərib.
- Deyirsiniz ki, soyuq müharibə başlayıb. Bundan əvvəlki
soyuq müharibə necə bitdi yaxşı bilirik...
- Soyuq müharibə Rusiya iqtisadiyyatı üçün yaxşı stimuldur. Elm
inkişaf edəcək, sənayemiz yenidən dirçələcək.
- Bəlkə, Novorossiyanın müstəqilliyini tanıyaq. Niyə
uzadırıq?
- ABŞ-ın istədiyi budu. Onda Rusiya-Ukrayna müharibəsi
başlayacaq. Milyonlarla ukraynalı və rus öləcək, şəhərlər
dağılacaq. Amerikalılar bu ərazilərdə ikinci Vyetnam görmək
istəyir.
- Çıxış yolu nədədir?
- Hələ ki görmürəm....