Ana səhifə Planet |
Gəl, indi gülmə… ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan “Terrorçuluq 2018” hesabatında Türkiyənin FETÖ-nu terror qruplaşması kimi tanıdığı qeyd edilib və üstəlik, Fətullah Gülənlə bağlı “sürgündə olan din adamı” ifadəsindən istifadə olunub. Bizim də bildiyimiz kimi, Fətullah Gülən ABŞ-a “sürgün”ə getməyib. Müalicə olunub, sonra Türkiyəyə qayıdacaqdı. Bizə belə danışmışdılar. Başqa sözlə, bu cür sırımışdılar. Həqiqət sonradan ortaya çıxdı. Sən demə, Fətullah “MKİ aparatı” imiş və ehtiyatda saxlanırmış. Daha doğrusu, vaxtın, saatın tamamlanmasını gözləyirlərmiş.
Axar.az xəbər verir ki, bu fikirlərə türkiyəli yazar Əhməd Kekeç “Star” qəzetində dərc olunan köşəsində yer ayırıb:
“Bu cümlədən sualımıza qəti bir cavab verə bilərik: 15 iyul kimin əsəri idi? Çevriliş üçün həvəslənən və TSQ daxilində təşkilatlanan bir qrup Xaşxaşinin, yoxsa çevriliş keçmişimizin müdir kreslosunda oturan müttəfiqimiz ABŞ-ın (yəni MKİ) əsəri idi?
Cavab çox açıqdı: 15 iyul bir MKİ təşəbbüsü idi və aparat olaraq da Fətullah Gülən və dəstəsindən istifadə olundu.
Başqa cür mümkündürmü?
Bu günə qədər edilmiş bütün çevriliş cəhdinin arxasında strateji ortağımız və “dostumuz” Amerikanın barmağı vardır.
Məsələn, özlərini “sosialist” kimi qələmə verən bürokrat artığı axmaqlar 27 mayla fəxr edirlər, bu çevrilişi “inqilab” zənn edirlər (bu çevrilişin inqilab olduğuna dair Konstitusiya Məhkəməsindən də qərar çıxarıblar). Onlar çevrilişçilərin hazırladığı konstitusiyanı “gəlmiş-keçmiş ən azad konstitusiya” kimi qəbul etsələr də, 27 mayın ABŞ-ın çevriliş cəhdi olduğunu xatırlamaq istəməzlər.
İnqilab cəfəngiyatını bir kənara qoyub, çevrilişdə iştirak edən Sami Kiçiyim (Küçük) xatirəsin oxusunlar. Kiçik NATO-dan “tapşırıq” alaraq Türkiyəyə qayıtdığı gün çevriliş hazırlıqlarına başladıqlarından danışır (1955-ci illər…)
Menderes ağır sənaye müəssisələri üçün Sovet İttifaqı ilə kredit anlaşması imzalamasaydı, sadəcə, bir “kənd təsərrüfatı” ölkəsi kimi qalmağımıza razılıq versəydi, çevriliş olmayacaqdı.
9 martçıları ingilis kəşfiyyat xidməti ortalığa saldı. Bir mənada deşifrə edilmələrini təmin etdi. Zəruri “səbəb” yarananda – 12 martda MKİ məsələyə qarışdı və işlərini bitirdi. 12 martın “gözlənilən inqilab” olmadığını anlaya bilməyən sosialist sarsaqlar vəziyyət aydın olana qədər “tərif yarışı”na girdilər. Məmduh Tağmaçın endirdiyi gürz - “Balyoz” zərbəsilə sərsəmləyəndə də “faşizm” ədəbiyyatına meyil saldılar.
12 sentyabr onsuz da MKİ-nin çevrilişidir.
Bunu da bir vaxtlar Daxili İşlər naziri olan Həsən Fəhmi Günəşdən soruşsunlar. MKİ agenti Corc Aleksandr Peki “iş üstündə” yaxalayıb deportasiya edən odur. CHP-çi olsa da, igid bir siyasətçidir.
28 fevral da ABŞ-ın çevrilişidir.
Rəhmətlik Ərbakan çox irəli getdiyi üçün (yəni D-8 layihəsini başlatdığı) endirildi.
Bacara bilsəydilər, 15 iyul da bir “ABŞ çevrilişi” olaraq siyahıda öz yerini tutacaqdı. Bəs sürgündəki “sümüklü” Fətullah nə olacaqdı? Nə olacaqdı? Böyük bir mərasimlə Türkiyəyə qayıdacaqdı və Akın İpəyin inşa etdirdiyi Ankaradakı krallıq taxtına (bir növ kölgə prezident postu) əyləşəcəkdi.
Sonra?
Məmləkətdə böyük hüquq cinayətləri başlayacaqdı və başda liberal xadimlərimiz olmaqla, Taha Ağyol kimi “möhtərəm”lər buna “hüququn aliliyi” deyəcəkdi!”
Tarix
2019.11.05 / 16:03
|
Müəllif
Orxan Tağıyev
|