Bakı Dövlət Universitetinin mətbuat xidməti ötən gün
tələbələrin imzası ilə redaksiyalara göndərilən və Hüquq
fakültəsinin müəllimi Sərvər Süleymanlının işdən azad olunmasına
hazırlıq görüldüyü barədə narahatlığı əks etdirən məsələyə reaksiya
verib.
BDU-dan Axar.az-ın elektron ünvanına göndərilən açıqlamada
bildirilir:
"Bəzi saytlarda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
0,5 ştat müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sərvər
Süleymanlının işdən azad edilməsi haqqında hazırlıq işlərinin
aparılması barədə məlumat yayılıb. Aydınlıq üçün bildiririk ki,
dosent S.Süleymanlı bir neçə ay bundan əvvəl öz xahişi ilə dekan
müavini vəzifəsindən azad edilib. Son günlər onun tədrisin təşkili
qaydalarından kənar dərs aparması ilə bağlı tələbələrdən çoxsaylı
ərizə və şikayətlər daxil olub. Buna baxmayaraq, onun işdən azad
edilməsi üçün hazırlıq işlərinin aparılması həqiqətə uyğun
deyil.
Sadəcə olaraq tələbələrin müraciəti Bakı Dövlət Universitetinin
Tədris Metodiki Şurasında araşdırılır. Bu məsələ rektorluqda
müzakirə olunmayıb və Sərvər Süleymanlı ilə bağlı hər hansı qərar
yoxdur. Sərvər Süleymanlı hazırda hüquq fakültəsində elmi-pedaqoji
fəaliyyətini davam etdirir".
Xatırladaq ki, ötən gün BDU-nun çoxsaylı tələbələrinin imzası
ilə mediaya məktub ünvanlanmışdı. Məktubda yüksək səviyyəli
pedaqoq, müəllim adını uca tutan və şəffaf fəaliyyəti ilə hamının
rəğbətini qazandığı bildirilən S.Süleymanlıya qarşı fakültə
dekanlığı tərədindən ədalətsizlik edildiyi, onun işdən
uzaqlaşdırılması üçün tələbələrdən bəzilərinə məcburi ərizə
yazdırıldığı qeyd olunurdu:
"Hazırda xüsusi "Sabah" qrupunda olan tələbələri məcbur edir,
onun əleyhinə ifadə alır, guya Sərvər müəllimin tədrisini
istəmədikləri yönündə ərizələrə imza atmalarını tələb edirlər. Bu
işə canfəşanlıq edən isə imtahan öncəsi Sərvər müəllimə zəng edən
və ondan oğluna yuxarı qiymət yazılmasını xahiş edən, ona imkanının
yaxşı olmasını və müəllim olaraq ona köməyinin dəyəcəyini vəd edən
bir valideyndir. Hələ adını açıqlamaq istəmədiyimiz bu valideyninin
canfəşanlığı Hüquq fakültəsinin dekanatlığına Sərvər müəllimi işdən
uzaqlaşdırmaq üçün bəhanə olmuşdur".
Tələbələri Sərvər Süleymanlını ləkələməyin mümkünsüz olduğunu
yazmışdılar:
"Onu başqa adla ləkələmək mümkün deyil. Rüşvət almır, tapşırığa
qulaq asmır... Tələbələrə daha çox nəzəri biliklərlə bərabər
dərsləri "case"lər üzərində quran müəllimə başqa necə şər atmaq
olar?!"
Sonda tələbələr BDU-unu rektorluğuna üz tutur və media
vasitəsilə rektorluqdan yardım istəyirdilər:
"İnanırıq ki, bu məsələ rektorluq tərəfindən obyektiv
qiymətlədiriləcək, haqq-ədalət öz yerini tapacaq".