"İslam dövləti" terror
təşkilatını dəstəkləyən və özlərini "Xansa briqadası" adlandıran
qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Bu
sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət
beynəlxalq medianın diqqətindən kənarda qalıb.
"9 yaşlı qızın ərə getməsi qanunidir"
Əsas məqsədi Səudiyyə Ərəbistanından və Körfəz ölkələrindən
qadınları səfərbər etmək olan bu traktatda suallara cavablar
verilir.
Axar.az BBC-yə istinadla xəbər verir ki, indi bu traktat
ingiliscəyə tərcümə edilərək Londonda mənzillənmiş anti-ekstremist
araşdırma mərkəzi "Quilliam" tərəfindən çap edilib.
"9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir - sənəddə deyilir.
- Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir".
Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı,
"xilafəti" bağlı qapılar arxasından dəstəkləməlidir.
Sənəddə deyilir ki, qadınlar geridə qalmamalı, təhsil görməli,
ələlxüsus da islam dininə aid hər şeyi bilməlidirlər, amma yalnız
15 yaşından başlayaraq.
Qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa
modeli iflasa uğrayıb və "qadınlar kişilərlə bərabərlikdən tikandan
başqa bir şey qazanmayıblar".
Dəbli geyimlər satan "boutiques" dükanları iblis əməli
sayılır.
Mühacirlərin cənnəti - Rakka
Sənəd Qərb ölkələrindən İD-ə mühacirət etmiş qadın cihadçıların
sosial mediada post etdikləri avantürist və çox vaxt da zorakı
mesajlardan xeyli fərqlənir.
Bildirilir ki, qadınların rolu oturaqdır və onlar kişi
cihadçıları onlar üçün uşaq doğmaq da daxil, evdən
dəstəkləməlidirlər.
"Dövlət heç nəyi qadağan etmir" - traktatda deyilir, lakin
dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki
yerləri bir-birindən ayrıdır.
İŞİD-in de-fakto paytaxtı sayılan Suriyanın Rakka şəhəri
"mühacirlərin cənnəti" adlandırılır və deyilir ki, "ailələr burada
aclıqdan, soyuq küləklərdən və şaxtadan" azaddırlar.
Millətçiliyə lənət oxunan traktatda izah olunur ki, Rakkada
tayfalar birləşiblər, çeçen suriyalının dostudur, səudi qazaxın
qonşusudur.
Pozğun qadın və kafirlərin kanalı
Traktatda iddia olunur ki, əksinə, Körfəz ərəb ölkələrindəki və
Səudiyyədəki qadınlar vəhşilik və düşmənçiliklə üzləşirlər.
Bu düşmənçilik qadınların kişilərlə birlikdə dükanlarda
işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb
təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki
"kafirlik universitetlərində"oxumaqda büruzə verir.
Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə
televiziyası "fahişələrin və kafirlərin televiziya kanalı"
adlandırılır, yazar qadınlara isə "pozğun qadın" damğası
vurulur.
Xaricdən gətirilən müəllimlər öz "zəhərli və kafir ateist
ideyalarını yayan casuslar" kimi lənətlənir.
Bu traktatda yezidi mülkilərin kütləvi şəkildə köləyə
çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən,
kəsilən başların Rakka şəhərində nizəyə taxılmasından bir kəlmə də
deyilmir.
Lakin bir mühüm mesaj verilir: qadınlar Səudiyyə Ərəbistanı və
Körfəz ölkələrindəki ədalətsiz həyatdan qaçıb "İslam Dövləti"nin
utopiyasına pənah gətirməlidirlər.