Dünya bazarında neft
bahalaşır. Brent markalı neftin 1 barrelinin dəyəri 58,05 dollar
olub. Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət
əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,56
artaraq, 52,25 dollar təşkil edib. ICE London qitələrarası
birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 0,25 dollar
bahalaşaraq, 58,05 dollar olub.
Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) baş katibi Abdulla
əl-Badri isə yenidən neftin 200 dollara qədər bahalaşacağı barədə
nikbin açıqlama verib. O bildirib ki, neftin bir barrelinin 200
dollara qalxması üçün istehsalçılar öz investisiyalarını
azaltmalıdırlar: "Artıq neftin bugünkü qiyməti son həddə çatıb,
inanıram ki, tezliklə yüksəliş baş verəcək".
G20-yə üzv dövlətlərin maliyyə nazirləri və mərkəzi bank
rəhbərlərinin ortaq görüşündə isə vurğulanıb ki, neftin ucuzlaşması
dünya iqtisadiyyatının inkişafına təkan verəcək: "Enerji
daşıyıcıları idxal edən dövlətlərin alıcılığını artıracaq".
İstanbulda keçirilən görüşün yekununda bildirilib ki, neftin
ucuzlaşması bəzi dövlətlərə öz vergi siyasətinə baxmağa da imkan
yaradacaq. Həmçinin dünya iqtisadiyyatının bərabər inkişaf etmədiyi
də qeyd edilib:
"Dünya iqtisadiyyatının inkişafı bərpa olunsa da, özəlliklə
inkişaf etmiş bəzi dövlətlərdə, məsələn, Avrozonada və Yaponiyada
bu proses çox yavaş gedir".
Sənəddə Beynəlxalq Valyuta Fondunda islahatların gedişindən
narazılıq ifadə edilərək, ABŞ islahatla bağlı razılaşmanı
təsdiqləməyə çağırılıb. Tədbirdə Azərbaycanın maliyyə naziri Samir
Şərifov da iştirak edib.
OPEK isə cari ildə dünya neft bazarındakı vəziyyətlə bağlı yeni
proqnozunu açıqlayıb. Azərbaycan mətbuatında ən çox yer alan mövzu
isə OPEK-in proqnozlarında Azərbaycanla bağlı işlədilən nikbin bir
fikirdir. Caspian-Barrel-in araşdırmalarına görə, təşkilat bu il
dünyada neftə olan tələbatın artacağını, OPEK-ə daxil olmayan
ölkələrdə, o cümlədən Azərbaycanda neft hasilatının azalacağını
proqnozlaşdırır.
"OPEK ekspertləri belə qənaətə gəliblər ki, təşkilata üzv
olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin
qiymətlərinin yenidən artmasına ciddi təsir edəcək. Nəticədə bu
proses Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin artmasına da
təsir edəcək. Ancaq bu həqiqətənmi belə olacaq? Və OPEK
ekspertlərinə inanmaq olarmı? Axı, heç öz təşkilatlarında hasilata
və qiymətə 10 ildən çoxdur ki, nəzarət mexanizmini itirən bir qurum
Azərbaycanla bağlı həqiqətənmi dolğun bir araşdırma aparıb və sonra
belə bir qənaətə gəlib?", - deyə vurğulanır.
Bildirilir ki, OPEK-in Azərbaycanla bağlı hərdən dərc etdiyi
statistik məlumatları heç də hər zaman reallığı əks etdirməyib:
"Çünki onlar adətən, bir qədər köhnəlmiş rəqəmlər olur. İkincisi,
2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft hasil edilib. Cari
ildə isə hökumətin proqnozlarına görə, ölkədə 40,62 milyon ton neft
hasilatı planlaşdırılır. Yəni obyektiv səbəblər üzündən neft
hasilatının 1,28 milyon ton və ya təqribən 9,5 milyon barel
azalması gözlənilir. İkinci bir tərəfdən, Azərbaycan neftinin real
orta ixrac qiyməti 2014-cü ildə 101 dollar olub. 2015-ci ildə
verilən ən optimist proqnozlar neftin qiymətinin 60 dollar
olacağına hesablanıb. Normal qiymətlər isə artıq 55 dollardan da
aşağıdır. Pessimist qiymətləri isə 50 dollar çivarında proqnoz
edirlər. Yəni OPEK-də məgər bilmirlər ki, Azərbaycanın "daha çox
qazanması" ifadəsi əslində 2014-cü illə müqayisə nəzərdə
tutulmalıdır və buna nail olmaq üçün əgər 10 milyon barelə yaxın
hasilat azalırsa, onda ixrac neftinin qiyməti ötən illə müqayisədə
heç olmasa 7 faiz baha olmalı idi. Yəni indi hərraclarda təklif
edilən qiymətlərdən 2 dəfəyə yaxın yüksək. Demək, bu sadəcə,
OPEK-in bu təşkilata daxil olmayan ölkələri neft hasilatını
azaltmaq təklifi ilə bağlı şirnikləndirməsindən başqa bir şey
deyil".
Son proqnozlara görə isə neft 20 dollara düşə bilər. ABŞ-ın
Citibank-ı bu proqnozla çıxış edib. Bankın analitikləri ikinci
kvartalda WTI markalı neftin bir barelinin 20 dollaradək
ucuzlaşacağını proqnozlaşdırırlar.
Musavat.com bildirir ki, bankın analitikləri neftin qiyməti ilə
bağlı bədbin proqnoz veriblər. Belə ki, birinci rüvdə neft 40
dollardan aşağı, ikinci rübdə isə 20 dollar ola bilər.
Bank həmçinin orta qiymət də müəyyənləşdirib, bu, 2015-ci il
üçün 54-63 dollar, 2016-cı il üçün isə 68 dollardır. Citibank-ın
analitikləri OPEK-in 200 dollarla bağlı bəyanatını real hesab
etmirlər.
Yerli ekspertlər isə bildirirlər ki, neftin qiymətinin artması
ilə bağlı fundamental iqtisadi səbəblər yoxdur. Bəzi şayiələr
üzərində sirkulyativ hərəkətlər edilir. Həmçinin vurğulanır ki,
yaxın gələcəkdə neftə olan tələbatda artım gözlənilmir.
Xatırladaq ki, neftin qiyməti bir il ərzində 54 faiz aşağı
düşüb. Beynəlxalq Energetika Agentliyinin rəsmisi deyib ki, qiymət
belə davam edərsə, neftin istehsal edilməsi üçün qoyulan
investisiyalar 100 milyard dollara qədər azalacaq.