"Starmed" klinikasının fəaliyyəti dayandırılıb. Səhiyyə
Nazirliyinin başqa reaksiyasını görməmişik. Ölüm halı ilə bağlı
Yasamal Prokurorluğuna müraciət etmişəm. Ehtiyatsızlıq üzündən
ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Fuad adlı
müstəntiqin apardığı ilkin istintaq prosesi davam edir. Əməliyyatda
iştirak edən tibbi heyətdən ilkin ifadələr alınıb. Tibbi
ekspertizanın rəyini gözləyirik".
Bu sözləri Analitik.az-a Maliyyə-İqtisad Kollecinin tələbəsi, 18
yaşlı Leyla Mürsəlovanın atası deyib. Martın 18-də burun əməliyyatı
zamanı həyatını itirən qızın valideyni Namiq Mürsəlov Səhiyyə
Nazirliyinə, Heydər Əliyev Fonduna və başqa qurumlara yazılı
müraciət edib. Onun sözlərinə görə, Leylanın əməliyyatı tək plastik
məqsədli yox, həm də tibbi tərəfdən lazımlı olub. Qızın burnunda
çəpər əyriliyi varmış.
N.Mürsəlov qızının ürək problemini gizlətdiklərini yazanlara
irad tutub:
"Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı,
müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın
20-də həkimlə ilk konsultasiyaya getdik. Martın 9-u analizlər,
müayinələr aparılıb. Sənan həkim kobud insandı, onun xəstələrlə
davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda
sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə
almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhələsi heç olmadı.
Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat
haqqı -1500 manat danışmışdıq, vəssalam. Qızımın ətraflı müayinə və
psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa
düşdüm. Təsəvvür edin, əməliyyatda rol oynayan anestezoloqu yalnız
faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı
sorğu-sual olunmadı. Ən azı qızımın əməliyyatına icazəsi üçün
müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni
və doğmanın izni olmadan əməliyyata başlamışdılar".
N.Mürsəlov deyib ki, səhər saat 11-ə işləmiş anestizoloq
gəlib:
"Dedi ki, bəs Leylanın təzyiqi düşüb, temperaturu çox yüksəkdir,
ürəyi dayanmaq üzrədir. Amma biz vəziyyətini normala qaytarmağa
çalışırıq. Həmin vaxt onlar bizdən Leylanın vəziyyətini
gizlətdilər, bəlkə də onda qızım keçinmişdi. Amma bizə ölüm
xəbərini təxminən axşam saat 4-də dedilər. Vaxtında bizə doğru
məlumat versəydilər, mən də əlavə həkim gətirməyə çalışardım. Amma
qızımın doğrudan da vəziyyəti ağır olub və bunlar hətta əlavə
reanimatoloq da gətiriblər sonradan, o da gec gəlibmiş".
N.Mürsəlov bildirib ki, Sənan həkimin ilkin ifadələri
saxtadır:
"Sənan həkim deyir ki, guya qızımın vəziyyəti əməliyyatı başa
çatdırana yaxın pisləşib. Axı əməliyyat saatına nəzər salsaq,
həkimin qızımın vəziyyəti haqqında ara-sıra bizə verdiyi
məlumatlarla onun ifadəsində böyük fərq görərik. Çünki narkozdan
sonra qızımın pisləşməsini xəbər edən həkimlər vəziyyətini normala
qaytarmadan necə əməliyyat ediblər? Belə çıxır ki, qızım keçinəndən
sonra əməliyyata başlayıblar. Çünki qızımın burnunda tamponlar
vardı. Bunu əlbəttə Leylanın ölümündə məsuliyyətdən qaçmaq üçün
ediblər".
Mərhumənin atası ürəkparçalayan sözlər deyib:
"Mənə ağır gələn odur ki, qızımı zülmlə öldürüblər. Biz onu
görəndə qolları, biləkləri gömgoy idi. Görünür ki, qızım hansısa
iynəyə reaksiyası zamanı şok keçirib və onu qollarından bərk
saxlayıblar. Tibb bacısının ifadəsi isə məni lap özümdən çıxardı.
Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı
görəndə pis olub və otağı tərk edib. Axı əməliyyatdakı tibb işçisi
müdaxilə, əl-ayağa düşmək əvəzinə niyə qaçmalıdır ki? Belə naşı,
məsuliyyətsisız tibb işçiləri niyə insanları bədbəxt edirlər?"