12:33
ATV kanalından ayrılan tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı
bu dəqiqələrdə "Üç nöqtə" qəzetinin redaksiyasında mətbuat
konfransı keçirir.
Publika.az-ın məlumatına görə, teleaparıcı tədbirdə ATV-dən
ayrılması ilə bağlı səbəblərə aydınlıq gətirib:
"Doğma kanalım barədə danışmaq mənə çox çətindir. Orda mənə
böhtanlar atılıb. Beş il əvvəl tanınan sima olmadığım üçün hansı
kanala getdimsə, məni qəbul etmədi. O vaxt mənə qapını yalnız ATV
açdı. İndi isə istəmədiyim hadisə baş verdi. Çoxları məni özümü
reklam etməkdə qınadı, haqları da var. Üç gün susdum. Bunun da
səbəbi vardı. Çünki bu müqəddəs bir layihə idi. Verilişi lağ
obyektinə çevirdilər, amma biz özümüzü təsdiq etdik. Beş ildir
bütün əməyimi "Səni axtarıram" layihəsinə sərf etdim. Üç gün
susmağımın səbəbi bu şəhadətnamə idi. Bu şəhadətnamə sübutdur ki,
"Səni axtarıram" mənim layihəmdir. Bu layihə başlayanda məni
qınadılar ki, sən Rusiyanın "Jdi menya" verilişini təkrarlayırsan.
Bu formatı mən yaratdım. Kanal rəhbərliyi ilə Müəllif Hüquqları
Agentliyinə getdim. Bu şəhadətnaməni almağıma səbəb isə digər yerli
kanalda eyni formatlı verilişin yayımlanması oldu. Agentlikdə xəbər
tutdum ki, üç il əvvəl ATV kanalının rəhbərliyi məndən xəbərsiz bu
verilişin şəhadətnaməsini öz adına almaq istəyib. Bu fakt qüruruma
toxundu. Buna görə də Vüqar Qaradağlıya dedim ki, siz bunu mənə
xəbər vermədən etsəz də, mən ATV-nin adının həmmüəllif kimi
çəkilməsinə razıyam. O vaxtdan verilişin müəlliflik hüququ mən və
ATV-yə məxsusdu. İndi isə öz müstəsna hüquqlarımı tələb edirəm.
Hələ avqustda ATV-dən getmək istəyirdim. Üç ildir ANS-dən təkliflər
alırdım. Amma ATV doğma kanalım olduğu üçün ordan ayrıla
bilmirdim".
***
Xoşqədəm Hidayətqızı mətbuat konfransında ATV rəhbəri Vüqar
Qaradağlı ilə bağlı da maraqlı açıqlamalar verib.
Teleaparıcı 3 gün ləngiməsinin səbəbini məhz verilişin
şəhadətnaməsini ATV-dən ala bilməməsi ilə izah edib:
"Beş il ərzində dünyanın hər yerindən 68500 məktub almışıq. Bu
veriliş çox sevilirdi. ATV rəhbəri Vüqar Qaradağlı mənə dedi ki,
veriliş apreldən etibarən yayımlanmayacaq. Vüqar Qaradağlı neçə
gündür ki, verilişin sənədlərini mənə vermək istəmirdi. Söhbət
mənim marağımdan deyil, yüzminlərlə insanın ah-naləsindən gedir.
Mən layihənin müstəsna müəlliflik hüququna malikəm. Gəlirin 50
faizi mənim olmalıdır, amma indiyədək mənə heç nə verilməyib. Çünki
bundan xəbərsiz olmuşam. ATV-dən çıxmaq fikrində deyildim. Amma
buna məcbur oldum".
X.Hidayətqızı 3 gün ləngimə ilə aldığı şəhadətnamənin də ona
verilişin tam hüququnu vermədiyini bildirib. Onun sözlərinə görə,
Vüqar Qaradağlı "Səni axtarıram"ın tam hüququnu verməkdən imtina
edib. Sənədə əsasən, veriliş hazırda paylı mülkiyyət
formasıdır:
"Vüqar Qaradağlı dedi ki, harada istəyirsən, get, verilişi aç,
ancaq bütün hüquqları sənə verməyəcəm. Mənə əvvəldən bildirdi ki,
yuxarıdan ATV-də axtarış verilişinin olmaması tapşırılıb. Mən isə
öyrəndim ki, bu, həqiqətə uyğun deyil. Yuxarıdan belə tapşırıq
verilməyib. Hətta aprelin 12-də yayımlanan verilişi zorla efirə
verdirdim".
X.Hidayətqızı Vüqar Qaradağlıya çağırış edərək bildirib ki, bu
veriliş onun əziyyət və zəhməti hesabına başa gəlib və müstəsna
səlahiyyət onun halal haqqıdır: "Bildiyimə görə, Vüqar Qaradağlı
namaz əhlidir. Onun bu məsələyə diqqət yetirməsini istəyirəm".