İŞİD terrorçuları girov götürdükləri yezidi qızları seks
köləsi kimi alıb-satır, fiziki və cinsi təcavüz
edirlər.
Axar.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki,
İŞİD-in girov götürdüyü yezidi qızlarından biri də İraqın
şimalındakı Herdan kəndində yaşayan 19 yaşlı Daliadır.
İŞİD-in əlində doqquz ay qalan Dalia aprelin 4-də azadlığına
qovuşub. Onun girovluqda yaşadıqları isə sözün əsil mənasında
vəhşilikdir. Hər cür təcavüzə məruz qalan, işgəncə edilən Dalia 7
dəfə İŞİD terrorçuları tərəfindən alınıb və satılıb.
Onun başına gələn hadisələri təqdim edirik:
"Liseydə oxuyurdum və sonuncu sinifə keçmişdim. 2014-cü ilin 3
avqust səhəri yuxudan oyandığımda İŞİD terrorçularının kəndimizə
hücum etdiyini və hər kəsin qaçmağa çalışdığını gördüm. Bizi
tutdular və hamımızı bir yerə yığıb "ya müsəlman olacaqsınız, ya da
öləcəksiniz",- dedilər. Hamımız qorxduğumuz üçün onlarla
razılaşdıq. Buna baxmayaraq, kənddəki kişilərin hamısını yığıb
apardılar və bir daha onlardan xəbər ala bilmədik.
Qadınları gənc və yaşlı olmaqla iki qrupa böldülər. Gənc qızları
uşaqlarla birlikdə Telafer (Mosul vilayəti) şəhərinə apardılar.
Bizi Telaferdə məktəbə yerləşdirdilər. Ora qul bazarı idi. Hər gün
İŞİD əmrləri gəlib, aramızdan birini seçib pulla alırdı. Aralarında
türklər, almanlar və çeçenlər də vardı. Əsasən, 12-13 yaşlarındakı
qızları alırdılar. Terrorçuların arasından telaferli bir türkman
məni alıb evinə apardı. Onun arvadı və üç uşağı vardı.
Beş ay onun yanında qaldım. Bir gün Əbu Mustafa adlı İŞİD əmiri
gəlib məni güclə onun əlindən aldı və Aymen adlı çeçen İŞİD əmirinə
hədiyyə etdi. Aymen mənə təcavüz etməzdən əvvəl saçımdan tutub,
başımı içi neftlə dolu vedrəyə saldı. Çeçen terrorçu mənə "siz çox
pissiniz, biz sizi belə təmizləyirik",- dedi. Sonra məni evdən
çıxmağa qoymadı və 3 gün təcavüz etdi. Aymen bundan sonra məni Əbu
Saleh adlı başqa bir İŞİD-çinin əlində olan yezidi qızla dəyişdi.
Əbu Saleh bir gecə mənə təcəavüz etdikdən sonra Aymenə geri
qaytardı. 10 gün sonra məni Aymenə verən Əbu Mustafa qayıdıb gəldi.
"Mən bu qızı sənə özünə nökər etməyin üçün verdim, əgər kimləsə
dəyişəcəksənsə geri qaytar",- dedi və məni Aymendən aldı. Bir ay
Əbu Mustafanın evində qaldım və sonra İzam adlı mosulluya
satıldım.
O da mənə təcavüz etdikdən sonra Mosuldan olan İŞİD döyüşçüsünə
satdı. 15 gün onunla qaldım, sonra o da məni telaferli İŞİD-ə
işləyən həkimə satdı. O, hər gecə məni İŞİD qərargahına aparıb
təcavüz edir və səhər açılanda anamın yanına aparırdı. Bir dəfə
artıq ölməyi gözə alıb "gəlmirəm" dedim. Kəndi idarə edən İŞİD
liderlərindən biri bunu eşitdi və ona hər şeyi danışdım. O, məni
həkimin əlindən aldı və kərküklü ərəbə satdı. Sən demə, məni alan
ərəb kürdlərlə birgə iş görürmüş. O məni kürdlərə vermək üçün
aldığını dedi. Məni alan ərəblə əvvəlcə Kərbəlaya, sonra Bağdada,
daha sonra isə Zahoya getdik. Zahoda məni kürd polislərə təslim
etdi. Zahoda işləyən atam məni polislərdən götürməyə gəldi. Atamı
ilk gördüyümdə uçduğumu zənn etdim. O da ağlamağa başladı. O qədər
sevindim ki, həmin an yaşadığım hər şeyi unutmuş kimi oldum..."