"İslam dövləti"nin işğalında olan Mosul şəhərinin
gündəlik həyatı lentə alınıb.
Axar.az xəbər verir ki, BBC əhəmiyyətinə görə İraqın ikinci
şəhəri sayılan bu bölgədən reportaj hazırlayıb. BBC-dən Qadi
Sarinin əldə etdiyi gizli çəkilişdə məscidlərin partladılması,
boşalmış məktəblər və niqab geyməyə məcbur edilən qadınlar
göstərilib. Sakinlər daim qorxu içində yaşadıqlarını deyirlər.
Şəhər sakini Hanaa: "Qadın geyiminə dair İD qaydaları çox
sərtdir - qadını təpədən dırnağadək qara libas örtməlidir. Bir gün
ərimlə şəhərə gəzməyə çıxmaq istədim. Sifəti açıq qoyan paltar
geymək istəyəndə, ərim mənə niqab geyməyi tapşırdı. Mən şokda idim,
çünki İD şəhəri tutandan sonra evdən bayıra çıxmırdım və şəhərdəki
vəziyyətdən xəbərim yox idi".
Onun sözlərinə görə, restorana gediblər: "Həmin restorana
müştərilər ailəliklə gəldi. Yerlərimizi tutandan sonra ərim mənə
üzümü aça biləcəyimi dedi. Lakin üzümü açanda restoran sahibi
dərhal gəlib ərimdən üzümü örtməyim üçün yalvardı. Sahibin
sözlərinə görə, İD müfəttişləri qəfildən bura gəlib mənim üzüaçıq
olduğumu görsələr, onu qamçılayacaqdılar".
İxtisasca ginekoloq olan Məryəm xristiandır: "Məni hamı kitab
dəlisi kimi tanıyır, böyük kitab kolleksiyam var idi. Kitablarımın
sayı artırdı, çünki İraqı tərk edən dostlarım bilirdi ki, mənim heç
yerə getmək fikrim yoxdur. Mosulun tutulması ərəfəsində sünni
ekstremistlər məni hədələyirdilər, lakin din-məzhəbindən asılı
olmayaraq, qadın pasiyentlərimin uşaq doğuşunu ayrı-seçkilik
olmadan həyata keçirirdim. Mosul tutulandan sonra mən şəhəri tərk
etməli oldum. Ərbilə gəldikdən sonra mənə şok xəbər çatdı: İD mənim
evimi müsadirə edərək, onu xristian olduğumu anladan "N" hərfilə
işarələyib. Mən dərhal Mosuldakı dostlarıma zəng vuraraq onlara
kitablarımı xilas etmələri üçün yalvardım. Lakin artıq gec
idi".
Zaid: "Ən yüngül cəza qamçılanmadır. Misal üçün, siqaret
çəkənləri belə cəzalandırırlar. Oğruların əlini kəsirlər, zina edən
kişi hündür binadan yerə atılır, qadın isə ölənədək daşa tutulur.
Cəza ictimai yerlərdə icra olunur ki, camaatın gözü qorxsun".
Şəhərdə yanacaq qıtlığının yarandığı, ərazilərin zibilləndiyi,
tikinti işlərinin dayandığı, məktəblərin bağlandığı aydın olur.
Hişam: "Həyat inanılmaz dərəcədə dəyişib. Kim ki, orduda qulluq
edib və günəmuzd işləyib, onlar pulsuz qalıb, çünki daha iş yoxdur.
Varlılar yığdıqlarının hesabına yaşayır, maaşa baxan güclə dolanır,
yoxsulların isə ümidi tək Allaha qalıb".