İngiltərənin nüfuzlu "Tayms"
dərgisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məşhur
illüzionists Harri Hudini ilə müqayisə edib.
Axar.az xəbər verir ki, dünən Türkiyədə keçirilən növbədənkənar
parlament seçkilərinə toxunan qəzet Ərdoğanın inamlı qələbəsinin
gözlənilməz olduğunu etiraf edib:
"O, yenidən küncə sıxılmış halda seçkiləri qazandı. Seçki
nəticələrini bəyənmədiyi üçün beş ay sonra qumar oynayıb ikinci
seçki qərarını verərkən gülüş, hirs və şübhəylə qarşılandı. Onun bu
qədər qısa müddətdə nəticələri dəyişdirə, kürdlərdən və
millətçilərdən səsləri geri alaraq qələbə qazanacağına heç kim
inanmırdı. Nəticələr liberallar üçün yaxşı sayılmaz. Amma sabitlik
axtaran investorlar üçün bu, yaxşı xəbərdir. İndi məsələ Ərdoğanın
praqmatik dövrlərə qayıdacağı, yoxsa son dövrlərdəki kimi
qütbləşdirici siyasətini davam etdirməsidir. Bəlkə zəfər əldə
etdiyinə görə son bir neçə ay ərzində içindəki kinli paranoyanı
yüngülləşdirə bilər. Ərdoğan uzun müddətli oynayır. O, 2023-cü ildə
cümhuriyyətin 100-cü il dönümündə icra səlahiyyətlərinə malik bir
prezident olmaq istəyir. Dünən səhərə qədər bu, boş xəyal kimi
görünürdü. Amma axşam tam reallığa çevrildi. Ərdoğan siyasətin
Hudinisidir".
Məlumat üçün bildirək ki, ABŞ-ın Viskonsin ştatında yaşayan
Hudini Budapeştdə ravvin ailəsində anadan olub. O, 10 yaşından
başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə
başlayıb. 1900-cü ildə Avropa turu zamanı "Canlı filin yox olması"
tryuku ilə dünya şöhrəti qazanıb. 1908-ci ildə Rusiyaya qastrolu
zamanı o, Butırka həbsxanası və Petropavlovsk qalasındakı ölümə
məhkum olunmuş məhbusların kamerasından xilas olunmasını nümayiş
etdirib. Huduni ABŞ prezidenti Teodor Ruzveltlə çox yaxın dost
olub.
Harri Hudini 1926-cı ildə müəmmalı şəkildə vəfat edib.