Səudiyyə Ərəbistanında şiə
alimi Nimr ən-Nimrin edam edilməsindən sonra İranda bu ölkəyə aid
nümayəndəliklərin yandırılması tərəflər arasında ciddi gərginliyə
səbəb oldu.
Axar.az xəbər verir ki, iki ölkə arasında son günlər davam edən
qalmaqal digər ölkələrin də İrana olan münasibətində dəyişikliyə
gətirib çıxarıb. Hücumlardan dərhal sonra Körfəz Ölkələrinin
Əməkdaşlıq Şurasına üzv olan ərəb ölkələrinin toplantısı
keçirildi.
Toplantıda Səudiyyə Ərəbistanının nümayəndəliklərinin
yandırılmasına görə İran hökuməti kəskin tənqid edildi.
Hücumlardan dərhal sonra Səudiyyə hökuməti İranla diplomatik
əlaqələri kəsdiyi barədə məlumat yaydı və iranlı diplomatlara
ölkəni tərk etmək üçün 48 saat vaxt verdi.
Bundan sonra Bəhreyn və Sudan da eyni addımı atdı.
İranla geniş ticarət əlaqələrinə malik olan BƏƏ (Birləşmiş Ərəb
Əmirlikləri) isə həmin gün İranla diplomatik əlaqələri ən aşağı
səviyyəyə endirdi.
Küveyt və Qətər isə İrandakı səfirlərini geri çağırdı.
Digər tərəfdən Afrika ölkəsi olan Cibuti isə İranla diplomatik
əlaqələri tamamilə kəsdi.
İran hökumətini qınayanların sayı daha da artdı.
Türkiyə Xarici İşlər Nazirliyi də açıqlamasında İranda
Səudiyyəyə aid nümayəndəliklərinin yandırılmasından narahatlıq
keçirdiyini bildirdi və gərginliyin siyasi yolla həll olunmasını
istədi.
Pakistan və körfəz ölkəsi olan Oman da sözügedən olaylara görə
İran hökumətini kəskin tənqid etdi və ciddi tədbirlər görülməsini
tələb etdi.