Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət
katibi Con Kerri ilə İsveçrənin Sürix şəhərində görüş
keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk səhifəsində yazıb.
Onun bildirdiyinə görə, 2016-cı ilin ilk görüşü zarafatyana
sözlərlə başlayıb:
"Kerri toplantı zalına daxil olan kimi masanın genişliyinin
fərqinə vardı və "Heyətlər arasında məsafəni azaltsaq, daha yaxşı
olardı" dedi. Sonra zala Lavrov daxil oldu. O, Kerri ilə görüşdü və
həmkarının yeni ilini təbrik etdi. Mətbuat nümayəndələri zalı tərk
etdikdən sonra görüş başladı".
Zaxarova daha sonra görüşlə bağlı öz fikirlərini də əlavə
edib:
"Heyətlər arasındakı məsafə, daha doğrusu heyətlərin mövqeləri
arasındakı məsafənin azalıb-azalmayacağını görüşlərdən sonrakı
nəticələr göstərəcək".
Qeyd edək ki, bu görüş zamanı Kerri və Lavrovun yanvarın 25-i
Suriyadakı münaqişə tərəflərinin baş tutacaq görüşü ilə bağlı
müzakirələr aparması gözlənilir.