Suriyada və Ukraynada xidmət
edən Rusiya generallarının ard-arda öldürülməsi diqqət çəkir.
Ölümləri son dərəcə qaranlıq məqamlarla dolu 46 generaldan 39-u
Vladimir Putinin prezidentlik dövrünə təsadüf edib.
Axar.az xəbər verir ki, Rusiyanın müharibə cinayətlərini
ukraynalı bir qrup könüllü addım-addım izləyir. Yaratdıqları bir
şəbəkə vasitəsilə rus ordusuna bağlı bütün məlumatları toplayan
ukraynalılar şübhəli şəkildə ölən rus generalları barədə
sensasiyalı məlumat əldə ediblər.
Qrupun iddiasına görə, Kremldən verilən əmrləri icra etməkdən
boyun qaçıran generalların sayı son 20 ildə 46-ya çatıb. Bunlardan
8-i Rusiyanın Suriyada son iki ildə xidmət edən generalı olub və
naməlum səbəblərdən intihar ediblər.
Rusiyanın sabiq prezidenti Boris Yeltsinin dövründə (1990-1999)
isə 7 general naməlum səbəbdən ölmüşdü.
Ayaqqabı bağı ilə intihar
Son iki ildə intihar edən 8 generalın 2-i şiddətli baş ağrısı,
1-i xərçəng, 1-i depressiya kimi səbəblərdən vəfat edib. Lakin
generalların həqiqi ölüm səbəbləri bu günə qədər sirr
saxlanılır.
Rusiya Silahlı Qüvvələrinin generalı Buçnev 3 yanvar 2015-ci
ildə, general-mayor Mişanin 21 iyun 2014-cü ildə, general-mayor
Qudkov 8 iyun 2014-cü ildə, təqaüdçü, SSRİ silah qüvvələrinin
generalı Saplin 18 mart 2014-cü ildə intihar edib.
Hərbi Dəniz Donanmasının vitse-admiralı Apanasenko və Hərbi
Dəniz Qüvvələrinin şimal donanmasının admiralı Ustimenko özlərini
tapança ilə vuraraq intihar ediblər.
Polis generalı Kolesnikov 16 iyun 2014-cü ildə sorğulanmaq üçün
aparıldığı sorğu komitəsi binasının 6-cı mərtəbəsindən özünü ataraq
intihar edib. Hərbi Hava Qüvvələri generalı Kudryavtsevin isə 6
yanvar 2015-ci ildə xərçəngin dözülməz ağrıları üzündən özünü
ayaqqabı bağı ilə asdığı açıqlanıb.
Moskvada deyil, Livanda
Putin 2015-ci ildə qələbə bayramından bir gün əvvəl yüksək
səviyyəli hərbi rəhbərlikdən 20 adamı bir gündə ölkədən qovub.
Rusiyanın Suriyaya müdaxiləsindən 5 ay öncə baş verən bu hadisə
"Suriyanı işğal edəcək general heyətinin hazırlanması" anlamına
gəlir.
Yüksək çinli məmurlarla bağlı ortaya çıxan məlumatlar bu
iddiaları gücləndirir.
Rusiya Baş Qərargah rəisinin müavini, general-leytenant Serqun,
rəsmi məlumatlara görə, 3 yanvar 2016-ci ildə ürək tutmasından
vəfat edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli
"Stratfor" təşkilatı isə Krımı ilhaq etməkdə müstəsna xidmətləri
olmuş Serqunun 1 yanvar 2016-cı ildə Livanda öldüyünü
açıqlayıb.
Qatarın altına "düşdü"
Rus hərbi kəşfiyyatının iki nömrəli şəxsi general İvanovun
cəsədi 16 avqust 2010-cu ildə Türkiyənin Hatay vilayətinin
sahillərində aşkar olundu. Rusiya Suriyanın Tartus limanında dəniz
bazası yaradarkən İvanov bu bazanın inşasını təftiş edərkən
görüntülənmişdi. İvanov ölkə xaricində yaşayan çeçenlərin
qətllərini planlayan bir nömrəli şəxs kimi də tanınırdı.
Putin dövründə həyatını itirən generallardan bəziləri maraqlı
cinayətlərin qurbanı olub. General-mayor Şevelyov 2002-ci ildə
avtomobildə yandırılaraq, general-leytenant Trofimov 2005-ci ildə
silahla vurularaq, general-polkovnik Troşev 2005-ci ildə təyyarə
qəzasında, general-mayor Petrov 2009-cu ildə zəhərlənərək,
general-leytenant Dubrov isə 2010-cu ildə elektrik qatarının altına
"düşərək" ölüb.