Rusiya Prezidenti Vladimir Putinin Cənubi Osetiya və
Abxaziya üzrə köməkçisi Vladislav Surkov Krım rəhbərləri Vladimir
Konstantinov və Anatoli Moqilyovla qeyri-rəsmi görüş
keçirib.
"Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi
məlumata görə, Krım Ali Radasının sədri Konstantinovun mətbuat
katibi Oksana Korniyçuk jurnalistlərin suallarını cavablandırarkən
Surkovla hər- hansı görüşün olmadığını bildirib. Lakin muxtar
vilayətin Baş nazirinin mətbuat katibi Violette Lisina media
nümayəndələrinə açıqlama verərək, Moqilyovla Putinin köməkçisinin
görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, Kerç boğazı
üzrərindən Ukrayna- Rusiya dostluq körpüsünün tikintisi görüşdə
müzakirə mövzusu olub. Lakin ukraynalı siyasilər səslənən bu
fikirlə razılaşmırlar. Onlar bildiriblər ki, artıq neçə
onilliklərdir ki, körpunun təməlinin qoyulması kağız üzərində
qalır. Onlar bir qədər də irəli gedərək, "Rodina" (Vətən) kimi
blokun yaradıcısi və bununla da iqtidar partiyası olan "Yedinaya
Rossiya"nın (Vahid Rusiya) seçkilərdə uğurunu təmin etmış bir
şəxsin Krıma gizli səfərinin altında Kremlin müəyyən məkrinin
olduğu qənaətindədirlər.
Surkovun adamları bu aralarda Krım tatarlarını da ələ almağa
cəhd edib. Belə ki, onlar Krıma komək etmək istəklərini
açıqlayıblar. Lakin Krım tatarlarının liderlərindən biri olan Refat
Çubarov qəti şəkildə bildirib ki, kömək ayrılıqda deyil, yalnız
Ukrayna üzərindən mümkündür. Bundan sonra rus emissarlar onunla
təmasa girməyiblər.
Xatırladaq ki, əsl adı Aslanbek Andarbekoviç Dudayev olan
Vladislav Surkov 21 sentyabr 1964-cü ildə Çeçenistanın Duba-Yurt
məntəqəsində anadan olub. Sonralar anası ilə Rusiyanın
dərinliklərinə köç edən Aslanbek anası tərəfindən pasportunda
Vladislav Surkov kimi qeydiyyatdan keçib. Gənc olmasına baxmayaraq,
Kremlin "Boz kardinalı", Putinin "sağ əli" sayılır. Hətta
Çeçenistan müharibəsinin yatırılmasında Putinin ona istinad etdiyi
deyilir. Böyük və peşəkar siyası texnoloqdur. Sahibkar Mixail
Xodorkovskinin cangüdəni işləmiş Surkovun Çeçenistan rəhbəri Ramzan
Kadırovla da yaxın dost münasibətləri var. Dəfələrlə damarlarında
çeçen qanının axması ilə fəxr etdiyini bildirib.