İranın ali rəhbəri Əli Xamenei bu dəfə baş müşaviri Əli Laricanini Kreml sahibi Vladimir Putinlə görüşə göndərib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Laricaninin Putinlə görüşü İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib. Maraqlıdır, görəsən ali rəhbər müşavirlərini Kreml sahibi ilə görüşə göndərəndə, məqsədi barədə prezidenti məlumatlandırır?
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İran Konstitusiyasında əsas fiqurun ali rəhbərin olduğu bəllidir:
“Ancaq axı İran prezidentinə tabe olan xarici işlər naziri var və ölkənin xarici siyasətinə o cavabdehdir. Azərbaycana baxışda İrandakı paralel strukturların fərqini gördük. İranın xarici işlər naziri Abbas Arakçının çıxışlarında və açıqlamalarında Azərbaycana iradı olmazkən, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bir neçə gün əvvəl Pakistanın daxili işlər naziri ilə görüşdə ona Azərbaycandan şikayət etdi. Bunun özü də maraqlıdır ki, müşavir Azərbaycanla bağlı “iradlarını” Pakistanın nazirinə niyə bildirib? Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və İslamabad Vilayətinin “iradlarını” təkrarlamayacaq. Görünür, Vilayəti ali rəhbərin Azərbaycanla bağlı “iradlarını” dolayı yolla Bakının diqqətinə çatdırmaq istəyib. Ancaq həmin “iradlar” məntiqsiz olduğuna görə, Bakı onlara əhəmiyyət verməyib. Bakının tərəfmüqabili Qum deyil, Tehrandır”.