Ondan başlayım ki, Vyana
bizim kimi gün yarımlıq gəlinəsi şəhər deyil, bura ən azından
dörd-beş günlüyə gəlmək lazımdı. Yüz illərcə tarixin cürbəcür
memarlıq üslublarında donub qaldığı sarayları, gəzdikcə gəziləsi
küçə və xiyabanları, baxdıqca baxılası muzeyləri var. Dinləməyə
konsertlərini, operalarını demirəm heç.
Əslində, bu yayın səyahət proqramında yalnız Polşanın
şəhərlərinə səfəri nəzərdə tutmuşduq. Gəmi-bərəylə Baltik dənizini
keçib, uşaqları Qdanskda "Solidarnost" hərəkatının tarixiylə,
Varşava, Krakov, Vroslav kimi şəhərlərdə tarixi yerlər və
muzeylərlə tanış etmək, Osvensimdə faşistlərin "konslager"ini,
Torunda Kopernikin evini göstərmək idi qəsdim. Araya salıb, yolüstü
tamam fərqli bir yerə – Vyanaya da dəymək qərarını son anda verdik.
Odu ki, bu şəhərə cəmi iki gün ayıra bildik.
Sizə bir məsləhət verim, Vyanaya səfər edəndə bizim kimi
etməyin, yəni Habsburqların özlərindən sonra qoyduqları mədəniyyəti
görüb tam anlamaq üçün Praqa-Budapeşt-Vyana marşrutunu seçin!
…Avstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində
yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən.
Uzaq Alp dağları fonunda yaxın yamaclar, üzümlüklər, laləzar
çəmənliklər xoş uşaqlıq xatirələrimi göz önünə kino lenti kimi
gətirir. Eniş-yoxuşlar boyu dolama yolları uşaqlara göstərib
Qarabağa bənzədirəm, Ağdamdan Şuşaya gedən yoldu elə bil, deyirəm.
Maraqlı gəlir, boylanıb baxırlar.
Vyanada qaldığımız müddətcə Qarabağa, Şuşaya köklənən ovqat məni
tərk eləmədi. Bir-bir yazacam, qaynağını biləcəksiniz.
Çoxunuza bəlkə də qəribə gələr bu bənzətmə – cəmi əlli-altmış il
ömür sürən balaca bir xanlığın paytaxtı Şuşa hara, əsrlərcə neçə
imperiyanın baş şəhəri olmuş Vyana hara, deyərsiniz.
Tarixlərinin əzəmətindən yox, bu şəhərlərin musiqili taleyindən
danışıram – Şuşa Azərbaycanın musiqi beşiyi sayıldığı kimi Vyana da
dünyanın musiqi mərkəzi hesab edilir. Altı yüzillik Habsburqlar
sülaləsinin idarə etdiyi dövlət və imperiyaların siyasi paytaxtı
olduğu kimi, Vyana, həm də Avropanın mədəniyyət mərkəzi olub.
Şəhərin adı Haydn, Mosart, Bethoven, Şubert, atalı-balalı Ştrauslar
kimi klassik bəstəkarların adı ilə bağlıdır. Sevgi novellalarının
bənzərsiz ustadı Stefan Sveyqin adını, qoy, ayrıca çəkim!
Vyana haqda hər cür məlumatı internetdən əldə etmək olar, odu
ki, uzun tarix açmayacam, eləcə çəkdiyim fotoları (əksər muzeylərdə
şəkil çəkməyə icazə verilmədiyindən bir neçə fotonu o muzeylərin
saytından yüklədim, bir də, bəzi yerlərdə çəkdiklərimin keyfiyyəti
yaxşı olmadığından bənzərini internetdən götürdüm) və təəssüratımı
bölüşəcəm.
Az bir vaxtda nə qədər yerə getmək olardısa, o qədər yerə baş
vurduq, çaparaq gəzdik. Siz gələndə arxayın dolanıb bu yerlərə öz
gözünüzlə baxarsınız, hələlik, mənim nəzərlərimlə seyr edin.
Maşını birinci Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına
sürdüm. Park Dunayın ortasındakı adada yerləşir. Şəhərin bu yerində
çay ikiyə bölünür, qoşa kanalla axır.
Bu yer bir suyu Şuşanın "dom otdix" dediyimiz istirahət evinin
bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı.
Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin
bağda Üzeyir bəy haqda "Uzun ömrün akkordları" filminin
çəkilişlərinə tamaşa etməyimi deyirəm. Anardan tutmuş Qədir
Rüstəmovacan xatırlayıram. Elə bilirlər, qədim zamanlardan, uzaq
ölkələrdən nağıl danışıram.
Yeri gəldi, qoy elə birini də sizə söyləyim! Demək, bir yay
həmin istirahət evində dincəlirdik. Səhər yeməklərinin birində
yeməkxana divarına vurulan afişada oxuduq ki, Cıdır düzündə konsert
olacaq. Axşamı böyüklərimizlə yığışıb getdik. Konsert uşaq
marağımıza tuş gəlmədi – simfonik orkestr nəsə qəliz musiqi çaldı.
Sonralar dünyanı dərk edəndə o konsertin dəyərini anlayacaq,
göyüm-göyüm göynərtiylə xatırlayacağam. Xatırlayacam ki, o isti yay
axşamı Cıdır düzündə simfonik orkestr maestro Niyazinin
dirijorluğuyla "Koroğlu" üverturasını çalırmış.
Bilmirəm, uşaqlara bunun nə demək olduğunu tam duydura bildim,
ya yox! Amma bir qədər yaşlı adamlar, xüsusilə də Şuşanı görənlər
"Cıdır düzü", "maestro Niyazi", "Koroğlu" uvertürası" sözlərindən
gözəl bir xəyal qurar, onların yaratdığı harmoniyanı hiss edərlər,
belə düşünürəm.
Hoteldə otaqlarımızı tutandan sonra əvvəlcədən hazırladığımız
proqram üzrə Mölker Bastei 8 ünvanına piyada yol aldıq.
Bethovenin "Ay işığı" sonatasını Bethovenin evində dinləmək də
varmış! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz
yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi
Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə
qalırdı. İllər uzunu hər səhər yuxudan onun, başqa qızların çaldığı
musiqilərlə oyandım.
İndi burda, Bethovenin evində həmin musiqini dinləyəndə xəyalım
artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getdi.
Zaman maşınına minmişdim elə bil. Heç nə eşitmirdim, Bethovenin özü
kimi kar idim. Eşitmirdim, amma onun musiqisini dumanın, tüstünün
yerdən qalxan halı kimi görür, yağış isladan torpağın ətri kimi
qoxulaya bilirdim…
Bu fotoda divardan asılan Bethovenin "Ay işığı" sonatasını həsr
etdiyi Cülyetta Qviççardinin portretidir. Çoxsaylı sevgi yaşayan
Bethoven heç vaxt evlənməyib. Ölümündən sonra tapılan son
məktubunda mirasını naməlum qadına vəsiyyət edib. Rejissor Bernard
Rouzun çəkdiyi "Ölümsüz sevgili" adlı film elə o məktubdan bəhs
edir. Düzdü, filmdə məktubun kimə yazıldığı sonda bəlli olur, amma
bəstəkarın bioqrafları məktubun ünvanlandığı qadının kimliyini
dəqiqləşdirə bilməyiblər.
Muzeyin pilləkənləriylə düşdükcə Bülbülün Şuşadakı ev-muzeyini
xatırlayırdım. Yamyaşıl bağçanın içində kürsülü, sürahılı bir ev
idi. O muzeydə ən çox yadımda qalan eksponat ona İtaliyada verilən
bir orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda hamıdan
qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki Bülbüllə…
Bethovenin mənzilindən Mosartın Domgasse küçəsi, 5 saylı binada
yerləşən evinə Siebensterngasse küçəsindən keçib getdik. On beş
dəqiqəlik yol bir an kimi gəldi.
Orta əsr barokko memarlıq üslubu ilə müasir dizaynlı binaların
bir-birini əvəz elədiyi binalara baxa-baxa keçəndə elə bilirsən,
zaman sənsiz ötür, xəbərin olmur. Buralara yolunuz düşsə, brend
dükanlara baş çəkib vaxt itirməyin, elə çölə açılan vitrinlərdə
qiymətləri görüb heyrət etməyiniz yetər.
Mosartın muzeyinə baxış litflə çıxdığımız axırıncı mərtəbədən
başladı. Audio-bələdçini dinlədikcə gözümün önündə Miloş Formanın
"Amadeus" filmi canlanırdı. Məni o filmə baxmağa bayaq haqqında
danışdığım evimizin kirayəçi qızları həvəsləndirmişdi. Bir qış
gecəsi "Retro" proqramında baxmışdıq o filmə. Uşaqlığımın son
çağları idi. Elə o vaxtdan milyonlarla insan kimi mən də Mosartın
ecazkar musiqisinin sehrinə düşdüm.
Sonralar "Çöl Qala" povestində Mosartın "Rekviem"i haqda bunları
yazacaqdım: "Rekviyem" bəşəriyyətin musiqili tarixidir. Burada
insanın yaranışı, yaşamaq uğrunda mübarizəsi, hiss və duyğuları,
sevgisi və nifrəti, arzu və umidi, yerdəki tufan, zəlzələ və
vulkanlar, sərin səba yelləri, bu dünyanın cənnət və cəhənnəmi, bir
sözlə, Yer kürəsinin genetik kodu cəmlənib. Mosartın "Rekviem"i
İnsanın Kainata mesajıdır".
Dahi bəstəkar muzeyin yerləşdiyi binanın son mərtəbəsində
yaşayıb, şəhər hakimiyyəti sonralar o biri mərtəbələri də alıb
muzeyə verib. Audio-gid deyir ki, bəstəkar Vyanada on üç ev
dəyişib, əksər dahilər kimi onun da özünəməxsus əhlikefliyi varmış.
Burda yaşadığı iki il maddi cəhətdən imkanlı vaxtına təsadüf edir.
Deyilənə görə Vyanaya təzə gələndə üzbəüz binanın zirzəmisində
yaşayan Mosart tez-tez həsrətli baxışlarla bura baxıb deyərmiş:
"Bir gün gələcək o binada yaşayacam". Və yaşayıb…
Muzeydə sərgilənən eksponatların heç biri bəstəkarın deyil.
Qulaqcıqlardan dinlədiyim audio-gid söyləyir ki, muzeydə Mosartı
xatırladacaq tək şahid mənzilin divarlarıdır. Hətta hansının yataq,
hansının qonaq otağı olması belə ehtimal edilir. Ev-muzeyləri ona
görə xoşlayıram ki, heç bir eksponat olmasa belə sahibini duya,
həyatını fantaziyanla təsəvvür edə bilirsən. Sizi bilmirəm, hərdən
məndə alınır belə şey. Bax, bu pəncərə qırağında Mosartı şıltaqlığı
ilə tez-tez küsdürdüyü Konstansiyanın könlünü alan gördüm. Düz
sözümdü!
Həmişə komfort arzulayan bəstəkarın həyat yolu acılarla doludur.
Dəbdəbəli əyləncə gecələrini sevən Mosartın pulla amansız rəftarı
tez-tez onu varlı himayədarlardan borc istəməyə vadar edərmiş.
Sonra maddi sıxıntılarına onu ölümə aparan xəstəlik də əlavə
olunur.
Qəribədi, dünyanı heyran qoyan həmişəyaşar əsərlər xoşbəxt
həyatda yox, kədər və iztirablarla sürülən ömürlərdə yaranır. Kamil
əsər sevincdən yox, qüssədən doğulur.
Söz açdığım filmə baxsanız, xüsusən də onun sonuna diqqət
etsəniz, ağır xəstəlikdən ölən, dəfninə pul olmadığından ümumi
məzarda basdırılan bəstəkarın həyat dramını tam acılığı ilə duymuş
olarsınız.
Muzeydə şəkil çəkməyə icazə vermirdilər. "Oğurluq" yalnız bunu
çəkə bildim. Belə "oğurluq" jurnalist adətimdən qalmadı, qüsura
baxmayın!
Müqəddəs Stefan kilsəsi Vyananın Innere Stadt adlanan mərkəzi
hissəsində yerləşir, bizim dillə desək, İçərişəhərində, ən qədim
yerində. Köhnə Vyana Dunayın cənub sahilində yerləşir. Çayın şimalı
əsasən son dövrlərin tikililəridir.
Bir neçə yüz ilə inşa edilən kilsə 1511-ci ildə indiki görkəmini
alıb. Tək Vyananın yox, elə Avstriyanın da milli simvolu
sayılır.
Vyananın demək olar, hər muzey və tarixi abidəsində Osmanlı
imperiyası ilə müharibələr xatırlanır. Məsələn, bu katolik
kilsəsinin tarixində xüsusi yazılır ki, ona arxiyepiskopluq statusu
yalnız osmanlı ordusu geri çəkiləndən sonra verilib.
Türklər Habsburqlar sülaləsinin uzun əsərlər boyu yay sarayı
olmuş Şönbrunnun (Schönbrunn Palace) tarixində də yad edilir. İndi
muzey olan sarayın audio-gidi söyləyir ki, 1683-cü ildə türklərin
başlatdığı II Vyana Savaşında saray dağılıb, sonra onu fransız
krallarının Versal sarayı nümunəsində bərpa etməyə başlayıblar.
Saray, onun füsunkar bağı kraliça Mariya Terezanın zamanında indiki
görkəmini alıb.
1441 otağı olan sarayın aldığımız biletin imkan verdiyi qədər
odasını gördük. Otaqdan otağa, zaldan zala keçdikcə, audio-gidin
söylədiklərini dinlədikcə elə bilirsən hər addımın tarixin bir
dövrüdü, ayağının ucunda keçirsən.
Bu, Napoleonun Avstriyanı işğal edəndə yaşadığı otaqdı! Bu
salonda kral üçün piano çalanda Mosartın 6 yaşı varmış! Xruşşovla
Kennedi yüksək səviyyədə ABŞ-SSRİ görüşünü bu zalda keçiriblər.
Hansı birindən yazasan!
Sarayın içində foto çəkməyə icazə verməsələr də bir-iki
"oğurluq" şəkil çəkdim. Onlar da yaxşı çıxmadı. Bu fotolar
internetdən götürdüyümdü, burda verirəm ki, saray gözəlliyini
uzun-uzadı yazmaqdansa şəkillərlə daha rahat çatdıra bilim.
Saraydan çıxıb bağa keçəndə nə görsəm yaxşıdır?! Sevimli gülüm –
sarmaşan qızıl gül! Uzun bir talvara dırmaşdırıblar.
Bizim Ağdamda bir ara dəb idi bu gül. Gül həvəskarları hasar
boyu əkirdi, uzanıb barıdan küçəyə aşırdı. Yazda qızılgüllü
məhlələrdən keçəndə adamı cənnət iyi vururdu. Peşman oldum bunu
uşaqlara deməyə. Yalan olmasın bəlkə yüz cür şəkil çəkdirdilər.
Şönbrunn parkın "Labirint bağı"nda hündür yerə çıxdım ki,
uşaqlar azanda yol göstərə bilim. Bir vaxtlar kral uşaqlarının
sevimli oyun yerində indi böyüklü-kiçikli hamı dolana-dolana
qalır.
Labirintdən çıxışı göstərmədim, dedim, həyat yolu da belədir,
çalışın özünüz tapın. Onlar yolu tapıb çıxanacan hövsələmi basıb
gözlədim!
Müqəddəs Roma İmperiyasının kralıçası Mariya Terezanın təkcə
heykəli əzəmətli deyil, elə özü də möhtəşəm xanım olub. İki
Avstriya imperatorunun, Fransa və Siciliya kraliçalarının
anasıdır.
Bu hökmdar qadın elmdə, təhsildə, maliyyə və idarəetmədə o qədər
köklü islahatlar aparmaqla yanaşı, Yeddiilik müharibədə də iştiraka
necə vaxt tapıb?! Dünyaya on altı uşaq gətirdiyini də düşünəndə,
məəttəl qalırsan. Heykəldə onu dövrələyənlər ona dövləti idarə
etməyə kömək eləmiş yaxın əyanlarıdır.
Avropa tarixində əzəmətli xanımlar olub, fransızlarda Katerina
Mediçi, ruslarda II Yekaterina, ingilislərdə Viktoriya belə qadın
hökmdarlardandır.
Hökmranlığı əlindən alınsa da xanımlığı ilə könülləri fəth
eləyən Natəvan da bizim Qarabağın xanzadəsiydi. Bənzətməmi uğursuz
sayacaq oxucuya onu deyim ki, qəriblikdə vətən tarixi də adama
əzəmətli gəlir, o tarixi yazan adamlar da! Yoxsa bu heykələ baxanda
Natəvanın Bakıdakı o balaca abidəsi hardan yadıma düşərdi ki…
Belveder adını ilk dəfə "İnam" Plüralizm Mərkəzində işləyəndə
eşitmişəm. Beynəlxalq konfranslar təşkil edərdik. Bəzən xarici
dostlar mənə suvenirlər, içkilər hədiyyə gətirərdilər. Bir dəfə
biri "Belveder" adında araq gətirmişdi. Sonra öyrəndim ki, xeyli
bahalı imiş. Belveder italyanca "gözəl mənzərə" deməkdir. Saraya
elə Vyana botanika bağından keçib getdik.
Kompleksə barokko stilində tikilmiş iki nəhəng saray, möhtəşəm
bağ, böyük hovuz daxildir. Türklərlə müharibədə ad çıxarmış,
dövrünün qüdrətli sərkərdələrindən olan Savoy şahzadəsi Yevgeni
tikdirib. Ölümündən sonra sarayı Mariya Tereza alıb.
Məşhur Avstriya Qalereyası burda yerləşir. Elə saraylardakı
rəsmlərə baxmağa bir gün vaxt lazımdı.
Aşağı Belveder sarayını dolaşıb, hektarlarla sahəni əhatə edən
bağı gəzəndən sonra Yuxarı Belveder sarayına keçməyə tələsməyin,
sarayın sağ böyründəki kafedə dondurma yeyin, ya da kofedən, çaydan
için.
Dincinizi alandan sonra 1955-ci ildə Avstriyanın Müstəqillik
Bəyannaməsi imzalanan bu möhtəşəm saraya baxmaq olar.
Avstriya krallarının qış sarayı. 1654-cü ildə tikilib,
zaman-zaman müxtəlif təyinatlı başqa tikililər də əlavə olunub.
Arxadakı bu əzəmətli bina isə sarayın başqa bir hissəsidir, indi
burada Avstriya Milli Kitabxanası yerləşir. Onu da VI Karl
tikdirib, 1754-cü ildə – Şuşa Qarabağ xanlığının mərkəzi elan
edilən il.
7 milyon nüsxədən çox kitab saxlanılır, aralarında qədim
papiruslar, əlyazmalar da var. Qarşısındakı atlı heykəl həmin o
Savoy şahzadəsi Yevgeninindir. Sarayın içərisinə girməyə vaxt
olmadı, çünki bir cavan bir maestro ilə görüşümüz vardı…
Bayaq maestro Niyazidən söz saldım, elə Vyana Musiqi
Akademiyasında dirijorluq təhsili alan Abuzər Manafovla görüşəndə
də ağlıma Niyazi gəldi. Elə bildim gələcəyin Niyazisiylə
görüşürəm.
Abuzərgilin ailəsində hamı musiqiçidir, İstanbulda yaşayırlar,
atası tanınmış pianoçu İslam Manafovla da, bacısı Turanla da elə
Feysbukda dostlaşmışıq. Gənc dostumuzla görüşümüz maraqlı oldu,
gördük ki, o, tək istedadlı musiqiçi deyil, həm də sadəqəlbli
vətənsevərmiş.
Vyananın küçələrindəki bulaqların suyu Alp dağlarından gəlir.
Dodağını dirəyib iç, içə bildikcə. Uşaqlara Ağdamda çay daşlarından
düzəldilmiş bulaqlardan danışıram, Qaraqaya kəhrizindən axardı.
Şuşa küçələrindəki belə bulaqların suyu isə Turşsudan gəlirdi.
Turşsuyu həm içirdik, həm də gözümüzə tuturduq. Deyirdilər, gözə
xeyirdir.
Alp dağlarının da suyunu elə Qarabağ bulaqlarının suyu kimidir,
buz kimi, şipşirin.
Adam vaxtın qədrini yaşa dolduqca bilir. O qədər boşuna vaxt
öldürmüşük ki, elə bilmişik, bitib tükənən deyil. Sonralar,
gərdişi-dövrandan az-çox baş çıxaranda vaxtın dəyərini bilirsən.
Onu qızılla ölçənlər də var hələ, onları demirəm heç. Sizi
bilmirəm, məndə son vaxtlar yaranıb bu hiss – elə bilirəm, baxmaq
istədiyim yerləri, görmək istədiyim işləri vaxt azlığından çatdırıb
görə bilməyəcəm. Tələsirəm!
Vyana kimi şəhərdə günyarımlıq zamanın hər dəqiqəsini qənimət
bilsək də görüləsi yerlərin çoxuna çatdırıb görə bilmədik. Məsələn,
İohann Ştraussun Praterstrabe 54 ünvanındakı ev muzeyinə gedərdim
həvəslə. Onun "Mavi Dunay" valsını elə Dunayın sahilində
dinləsəydım ömür boyu sağa-sola xərclədiyim milyon-milyon anın ən
qiymətlilərindən birini yaşamış olardım. Bu böyük bəstəkarın
Rusiyadakı sevgisindən bəhs edən "Peterbuqla vidalaşma" adlı sovet
filmini görən mənim kimi sovetdənqalma hər bir adam ora getməyə can
atar, mənə belə gəlir.
Yaxud Nubdorfer Strabe küçəsi, 54 saylı ünvanda yerləşən Frans
Şubertin ev muzeyinə gedərdim. Cəmi 31 il yaşamış bu dahi o balaca
ömrünə nələri sığdıra bilibmiş! 600 musiqi əsəri, 9 simfoniya.
Musiqidə romantizmin əsasını qoyan Şubert elə təkcə pianoda
dördəllə çalınan "Fantaziya"sı ilə əbədi şöhrətini saxlayardı,
fikrimcə. İnanmırsınızsa, Yutubdan bölüşdüyüm bu musiqini dinləyin,
dəlisiyəm bunun:
https://www.youtube.com/watch?v=aO5fLLHj55k
Sevgi novellalarının bənzərsiz ustası Stefan Sveyqin Koçqasse 8
ünvanında yerləşən balaca mənzil-muzeyinə də baş çəkər Sveyqə aşiq
olan kəs, hələ desən, onun Salzburq şəhərindəki muzey-mərkəzinə də
gedər, baxmaz 300 kilometrlik yola.
Sveyq yaradıcılığı ilə tanışlığım "Naməlum qadından məktub"
novellası ilə başlayıb, sevgi romanları oxuyan vaxtlarım idi
onda.
Bu şəhərə yolunuz düşsə, bir də mütləq onun operasına gedin, ya
bir tamaşa olsun, ya konsert, fərq etməz, biletin bahalığına fikir
verməyin, alıb baxın, dinləyin. Həyat adama bir dəfə verilir,
Vyanaya da hər gün gələsi deyilik ki! Dünya musiqisinin beşiyində
də konsertə getməyib harda gedəcəyik? Şansınızı qaçırmayın! Amma
küçələrdə addımbaşı sizi konsertə dəvət edənlərin felinə uymayın,
əsl musiqi onlar çalan deyil.
…Beləcə, bu füsunkar şəhərdən ayrılıb marşrutumuzdakı başqa
Avropa şəhərlərinə yol aldıq. Uşaqlar bir də gələcəklərini dedilər.
Vyananı mən də sevdim, həm də ona görə ki, mənə Qarabağlı günlərimi
epizod-epizod yaşatdı!
…Şuşanın havasını alan kimi oldum! Şuşada da Vyananı xatırlamaq
arzusuyla...