"Uzaqdan baxana döyüş asan gələr" deyiblər atalarımız.
Təbii ki, hər bir peşənin, işin çətin və görünməyən tərəfləri var.
Bəzən hansısa işlər kənardan bizə adi gəlir. Bu isə qarşımızdakı
insanların əməyini qiymətləndirməyə imkan vermir. Hava
nəqliyyatında çalışanların sahib olduqları peşə gözəl olmaqla
yanaşı, döyüşə atılan döyüşçülər qədər çətin və
məsuliyyətlidir.
Report-un
əməkdaşı işin nə qədər çətin məsuliyyətli olduğunu görmək üçün bir
gününü təyyarə pilotları və bələdçiləri ilə keçirib.
Buludların üzərindən yer üzünü seyr
etmək...
Təyyarə ilə səyahətə çıxmaq avtomobillə, qatarla səfər etməyə
bənzəməz. Yer üzünü buludların üzərindən izləmək insana bir başqa
həyəcan verir. Təyyarə səyahəti bir çoxlarının həyatında bəzən
unudulmaz anlarla, bəziləri üçün yüksəklik qorxusunu dəf etməklə,
hətta kimlərinsə həyatının sevgisini tapmaqla yadda qalır.
Təyyarədə həyatın demək olar bir çox vacib məqamlarını yaşamaq
mümkündür. Təyyarə səyahəti zamanı həm də xeyli sayda sual yaranır.
Məsələn, təyyarə saatlarla yolu necə qət edə bilir? Təyyarə uçuşa
necə hazırlanır? Saatlarla bizə qulluq edən təyyarə bələdçiləri
bunu yorulmadan necə edə bilirlər? Uzun müddət uçuş həyata keçirən
təyyarələr su və yanacaqla necə təmin edilir? Bütün suallarımıza
cavab tapmaq üçün "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar
Cəmiyyətində olduq.
Təyyarəyə xüsusi avtobusla aparılan pilotlar və
bələdçilər
Əvvəlcə gücləndirilmiş şəkildə aparılan yoxlanış prosedurunu
keçdikdən sonra pilotların və bələdçilərin uçuşöncəsi toplandığı
otağa yollandıq. Burada "Boeing 787-8 Dreamliner" təyyarəsi ilə
Bakı-London reysi üzrə uçuşa hazırlaşan işçi heyətinin planlaşdırma
işlərini apardıqlarını gördük. Onlar qarşılarındakı planşetlər
vasitəsilə səfərə çıxacaqları reys üzrə uçuş xəttini müzakirə
edirdilər. Kapitan pilot uçuşla bağlı son göstərişlərini verirdi.
Digər otaqda isə reys üzrə səfərə çıxacaq heyət üzvləri həkim
müayinəsindən keçirdi.
Əgər həkim müayinə zamanı heyət üzvlərindən birinin səhhətində
cüzi də olsa problem aşkarlasa,
həmin heyət üzvü əvəzlənir və onun reysə çıxmasına icazə
verilmir.
Həkim müayinəsindən sonra keçdik bələdçilər otağına.
Bələdçilərin yığıncağında baş bələdçi onlara ayrı-ayrılıqda hansı
işləri görəcəklərini izah edir və göstərişlər verirdi.
Bələdçilər uçuşa hələ bir neçə saat qalsa da təyyarəyə
yollandılar. Onlar sərnişinlərin rahatlığını təmin etmək üçün bütün
lazımi vasitələri əvvəlcədən yerbəyer etdilər. Yeri gəlmişkən,
bələdçilər və pilotlar təyyarəyə xüsusi avtobusla aparılır.
Bələdçilərdən sonra pilotlar təyyarənin uçuşa hazırlığını yoxlamaq
üçün təyyarəyə yollandılar.
Göyün yeddinci qatında
Daha sonra AZAL-ın ən böyük təyyarələrindən biri olan "Boeing
787-8 Dreamliner"in göyərtəsinə qalxdıq. Orta uzunluqlu, geniş
gövdəli və iki reaktiv mühərrikə malik bu təyyarə modeli, 1995-ci
ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra
"Boeing" şirkəti tərəfindən istehsal edilib. Təyyarənin ilk uçuşu
2007-ci ilin avqust ayına planlaşdırılsa da, yalnız 2009-cu il
dekabrın 15-də baş tutub. Buna baxmayaraq, "Boeing-787" 55 ölkədən
861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir.
Şirkət bir neçə təxirəsalmadan sonra ilk "Boeing-787"ni 2010-cu
ilin fevral ayında istismara verib. Hazırda AZAL-ın anqarında 2
ədəd "Boeing 787-8" təyyarəsi var. Sürəti 900 km/saat, uçuş
məsafəsi 15200 km, sərnişin tutumu isə 210 nəfər olan təyyarə ilə
Azərbaycanda ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olub.
Təyyarənin üç fərqli xidmət sinfindən ibarət olan göyərtəsinə
qalxanda özünü artıq göyün yeddinci qatında hiss edirsən.
Təyyarə salonunu uçuşa bələdçilər hazırlayır. Hər zaman səliqəli
şəkildə gördüyünüz təyyarə salonlarında döşəkçələrdən tutmuş,
dəstələnmiş jurnallar, yolboyu istifadə etdiyiniz hər şeyi
bələdçilər yerləşdirir.
Sərt qayda: pilotların yeməyi fərqli
olmalıdır!
Sərnişinləri, işçi heyətini yeməklə təmin edən şirkət də yeməkləri
təyyarəyə bələdçilərinin köməyi ilə yerləşdirir. Maraqlı
məqamlardan biri odur ki, biznes və ekonom sinifdə olduğu kimi,
pilotların yeməyi də fərqli olur. Bu da əsasən təhlükəsizlik
məsələləri ilə bağlıdır. Sərnişinlərin təhlükəsizliyinin təmin
edilməsi üçün pilotların qidalanmasına xüsusi diqqət yetirilir.
Dünya praktikasında da olduğu kimi, uçuş zamanı pilotlardan biri
qidadan zəhərləndiyi halda digərinin zəhərlənməməsi üçün onlara
verilən yeməklər mütləq fərqli olmalıdır. Yəni, əgər bir pilota
toyuq əti verilirsə, digərinə həmin yeməkdən verilə bilməz.
Bələdçilər təyyarədə doğuş həyata keçirməyi belə bacarırlar
Bir çoxları üçün adi sayılan bələdçilik işi asan görünsə də,
əslində, çox çətindir. Onların işi təyyarədə sərnişinlərə yalnız
bələdçilik etmək deyil. Bələdçilər ilkin tibbi, psixoloji yardım
etməklə yanaşı, hətta fövqəladə vəziyyətdə təyyarədə doğuş həyata
keçirməyi belə bacarırlar. Onların hər çətin vəziyyətə hazırlıqlı
və soyuqqanlı olması üçün mütəmadi olaraq xüsusi təlimlər
keçirilir. Eyni zamanda, tonlarla ağırlığı olan təyyarənin qapısını
bağlamaq da böyük məsuliyyət və ustalıq tələb edir. Belə ki,
qapının bağlanması zamanı hər hansı bir yanlış və ehtiyatsız
hərəkət bələdçiyə ciddi xəsarət (onurğa, qol, kürək sınığı, ağır
əzələ dartınması və s.) yetirə bilər.
Təyyarədə xüsusi yataq otağı
Bəs "Boeing 787 Dreamliner"in göyərtəsində işçilərin istirahət
etməsi üçün xüsusi yataq otağının olduğunu necə, bilirdinizmi?
Məncə, bu, heç birimizin ağlından belə keçməyib. Uzunmüddətli uçuş
üçün nəzərdə tutulan bu təyyarədə işçi heyətinin növbə ilə
dincəlməsi üçün bir yataq kabini da var. Burada onlar yata və ya
istirahət edə bilərlər.
Bələdçilər təyyarənin salonunu qaydaya saldığı vaxtlarda,
kapitan və köməkçi pilot təyyarənin ətrafında vizual baxış
keçirdilər. Onlar təyyarənin su, yemək və yanacaqla təmin edilməsi
prosesini izləyir, təkərlərin, mühərriklərin vəziyyətini
yoxlayırlar. Kapitan pilot təyyarənin reysə çıxmaq üçün heç bir
texniki və ya digər problemlərin olmadığını müəyyənləşdirdikdən
sonra uçuşa icazə verir. Təyyarənin havaya qalxıb-qalxmayacağına
isə yalnız kapitan pilot qərar verə bilər. Bundan sonra pilotlar
təyyarənin göyərtəsinə qalxıb, pilot kabinində təyyarəni uçuşa
hazırlamaq üçün yoxlanışlar apardılar. Bütün bu proseslər
tamamlandıqdan sonra gülərüz işçi heyəti tam hazır vəziyyətdə
təyyarədə sərnişinləri qarşılamağa başladılar...