Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


“Düşmən cavab atəşi ilə susduruldu...” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazın ilk gəlişində dəli bir həvəs məni üzü Qarabağa tərəf çəkdi. Bu həvəs qış yuxusundan ayılacaq torpağın nəfəsini hiss etmək idimi, yoxsa qəribçilik ömrü yaşayan əzəli və əbədi torpaqlarımızın ilıq nəfəsini ciyərlərimə çəkmək, - doğrusu, deyə bilmərəm. Amma içimdə bir boşluq vardı. Bu boşluğu doldurmaq üçün cəbhə xəttinə yola düşməyə ehtiyac duydum. Bərdədən və Tərtərdən olan dostlarıma zəng etdim: "Sizin tərəflərə gəlmək istəyirəm, əsgərlərlə görüşəcəyəm..." "Gözləyirik", - dedilər. Dostlarla bir yerdə olmağın həzzi də bir başqadır...

İpinin üstünə odun yığa bilmədim də

Dostum iş yoldaşı ilə birlikdə məni Bərdənin təzə avtovağzalında gözləyirdi. Onlar məni Tərtərin girəcəyinə, "Proyezd" deyilən yerə qədər ötürdü. Razı olmadım işindən ayrılmağına. Həm də Tərtərli dostum da mənə yol-yoldaşı olacaqdı. Gəlmişkən "N" saylı hərbi hissəyə baş çəkmək istəyirdim... Dostum ayrılarkən, geri dönəndə zəng elə, dedi. Mən isə ona ancaq səfərim başa çatdıqdan sonra Bakıya girəcəkdə zəng vurdum: "Rahatsız olma, mən artıq Bakıdayam", - dedim. Dostum təəssüf etdi və sonda gülərək:

- İpinin üstünə odun yığa bilmədim də...- dedi.

Bu, səfərin sonu idi... qarşıda isə ön cəbhə - düşmənlə təmas vardı...

Bura Qarağaclıdır...

Şosedən sağa, Qarağaclı kəndinə tərəf buruluruq. Müharibə bu kənddən uzaqlarda olsa da, hiss olunur ki, nə vaxtsa kənd sakinləri arasında özünün xofunu yaşadıb. İnsanlar əkin sahələrindədir. Elə kəndin dolanbac küçələrində də gözə dəyənlərin az olmasını Tərtərli dostum hər kəsin sahələrdə olmasında görür:

- İndi hər kəs işinin-gücünün arxasındadır. Burda elə bir təhlükə yoxdur, - deyir.

Bir qədər keçdikdən sonra isə, bələdçim əminliklə "Ümumiyyətlə heç bir təhlükə yoxdur, gedib görəcəksən, əsgərlərimiz "cilov gəmirir", mən onlarla tez-tez görüşürəm", - deyir.

Qarağaclıdan sonra Qaradağlı kəndi gəlir. Kəndin içində yol kənarı ilə axan arxların qırağında sıralanmış söyüdlər yaşıl yarpaqlarını geyinib.

İşıq gələn pəncərələri...

Qaradağlı kəndində artezian quyusunun yanında maşını saxlayıram. Su içirik. Yaxınlıqdakı dükandan əsgərlərimiz üçün bəzi şeylər alıram. Şəhərdən tədarük görmüşəm. Amma bir qədər də siqaret, diş pastası, diş fırçası əlavə etsəm, pis olmaz. Bələdçi dostum da mənimlə eyni fikirdədir:

- Mənim böyük bacım bu kənddə olur. Axşamlar sərhəd tərəfə olan pəncərələrə dəmir lövhə qapayırlar. Bir dəfə atəş açmışdılar, ancaq işıq gələn pəncərələri nişan almışdılar.

Narahat olma, onlar bizi yaxşı görür

Yolumuzun üstündə olan hərbi hissəyə yaxınlaşırıq. Növbətçi əsgərlərimiz çox sayıqdır. Zabitlərimizlə bir-neçə dəqiqə söhbət edəndən sonra daha irəlidə olan əsgərlərimizin görüşünə gedirik. Bura cəbhə xəttindən o qədər də uzaq deyil. Əsgərlərin, eləcə də yerli adamların dili ilə desək "val" boyu irəliləyirik. Bələdçimizə "bəs əsgərlərimizi görmürəm", - deyirəm. O isə gülümsəyir. Narahat olma, onlar bizi yaxşı görür.
"N" saylı bölük düşmənlə təmas xəttində yerləşir. Bizim postlarla, müşahidə məntəqələrimizlə düşmənin arasındakı məsafə 200-500 metr olar.

Qırmızı kənd

Qarşıda xarabalığı xatırladan bir kənd var. Daha doğrusu, nə vaxtsa burda insanlar yaşayıb, qaynar həyat olub. Yol yoldaşım buranın ermənilərin yaşadığı kənd olduğunu deyir. Əlavə edir ki, Tərtərin ətraf 5-6 erməni yaşayan kəndi vardı. Hamısına nəzarət bizimkilərin əlindədir. Sökülmüş, mərmidən çat vermiş daş evlərin arasında irəliləyirik.

Gedəcəyimiz hərbi hissədə bizi çox rəsmi, müharibə qayda-qanunlarının tələb etdiyi şəraitdə qəbul edirlər.
Hərbi hissənin həyətində əsgərlərimiz idmanla məşğuldur. Əlbəyaxa döyüşün fəndlərini mənimsəyir və təlim keçirlər. Bir qədər aralıda isə itlərə xüsusi təlimlər verilir, icrasını gözləyirlər.
Komandir əsgərləri haqda ürək dolusu danışır:

- Maşallah, əsgərlərim hamısı əsl döyüşçüdür. Savaş üçün bütün fəndləri, qaydaları mənimsəyiblər. Əvvəllər xidmətin çətinlikləri ilə üzləşən əsgərlər çox qısa müddətə yerli şəraitə, iqlimə uyğunlaşırlar. Bunlarla nəinki Qarabağı azad etmək, lap İrəvana da bayaraqlarımızı sanca bilərik. Hələ ki, torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində danışıqlar gedir. İnşallah hər şey yaxşı olacaq. Ali Baş komandanın əmrini gözləyirik.
Əsgər yeməkxanasının səliqə-sahmanı göz oxşayır. Yataq otağının və zabitlərin yerləşdiyi tikilinin dəhliz boyu divarlarında "Əsgər vərəqələri" (Divar qəzeti), əmrlər, xidmətdə fərqlənən əsgərlərə ünvanlanan təbriklər, ad günü olan döyüşçülərin siyahısı və sair diqqətimi çəkir.

Gətirdiyim iki qutu kağız dəsti, qələm və başqa ləvazimatları görən komandir: - Bunlara heç ehtiyac yox idi, - deyir...

Ətraf minalanıb

Bir qədər də önə gedirik. Düşmənlə üz-üzə dayanan əsgərlərin sifətində yüksək-əhval ruhiyyə var. Onlarla söhbətimdən məlum olur ki, əsgərlər daim ön xətdə olmağa can atırlar.

Cəlilabaddan həqiqi hərbi xidmətə çağırılmış əsgər Paşayev:

- Mənə bura daha rahatdır. Elə bilirəm ki, postdan aşağı düşüb istirahətə gedərkən, birdən komandirlərimiz "hücum" əmri verəcək, dostlarımdan bir qədər gec döyüşə atılacağam. Ona görə də yuxarıda, postda olmaq mənə çox rahatdır və bunu istəyirəm.

Müşahidə məntəqəsinin komandiri: "Ətraf minalanıb. Həm o tərəf, həm də bəri tərəf. Uşaqlarımız çox böyük əhval-ruhiyyə içindədir. İnanın, iki saat burda olsanız, erməninin bizdən necə qorxduğunu özünüz hiss edəcəksiz".

Düşmən cavab atəşi ilə susduruldu

- Arada atəşkəs pozulur, itkilərimiz olur, - deyirəm.

Azadov döyüşçü Azadov:

- Bu yaxınlarda bizim bir itkimiz oldu. Amma düşmənin itkisi daha çoxdur. Hava ki bir az yağışlı, küləkli oldu, onların kürkünə birə düşür. Hara gəldi atəş açırlar. Bəzən bizim əsgərlərdən çox uzağı nişangaha götürürlər və öz yerlərini bizə bəlli edirlər. Ona görə də "Düşmən cavab atəşi ilə susduruldu" deyimini qəribçiliyə salmayın. Onlar həqiqətən də susdurulur.

Əsgərlərimizlə söhbət etməkdən doymuram. Amma görüş üçün verilən vaxt da məhduddur. Bir azdan hava qaralacaq. Mənim isə geri dönüb, hərbi hissədə qoyduğum dostumla geri qayıtmağım da var.

"N" saylı bölüyün komandiri ayrılarkən deyir:

- Əsgərlərimizin təminatı yüksək səviyyədədir. Texnikamız, döyüş sursatımız, əhval-ruhiyyəmiz imkan verir ki, qısa bir müddətdə düşməni geri oturdaq. Və inanıram ki, belə də olacaq. Əmr verilsə...

- Biz də buna inanırıq, komandir, – deyirəm və geriyə, insanlarımızın rahat yaşadığı ərazimizə tərəf dönürəm...

Tarix
2014.03.12 / 20:35
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla