Moskva Univermağının yanması bu ticarət mərkəzinin kimə
məxsus olduğunu gündəmə gətirib.
İctimai müzakirəyə çevrilən bu suallara cavab tapmaq
üçün "Axar.az"ın olaraq ticarət mərkəzindəki obyekt sahibləri və
digər məlumatlı şəxslərlə söhbətləşdik.
Giriş qadağandır
Saat 11:50. Çevik Polis Alayının əməkdaşları univermağın
girişini nəzarət altında saxlayır və içəri heç kəsi buraxmır. Səbəb
kimi dəyən ziyanın hesablanması və araşdırma işlərinin aparılmasını
göstərirlər.
Moskva Univermağı kimindir?
Univermaqda ticarətlə məşğul olan obyekt sahibləri "Moskva"
Ticarət Mərkəzinin sahibi kimi yalnız bir adamın adını çəkdilər:
Elmira Mədətova.
Elmira Mədətova kimdir?
Öyrəndik ki, təxminən 70 yaşlarında olan Elmira xanımın Bakıda
bir neçə iri ticarət obyekti var. Bu obyektlərin arasında "Nəsimi
bazarı"nın da adı çəkilir. Satıcılardan biri deyir ki, Elmira
Mədətovanın əsli Bakının Maştağa kəndindədir. Həyat yoldaşı da
zəngin biznesmenlərdəndir.
"Görürsən, nə əclaf adamdılar?"
Yanan obyekt sahiblərinin həyəcanı açıq-aydın hiss olunur.
Həyəcanlarını dilə gətirməkdən özlərini saxlaya bilmirlər:
"İçəri keçib yanan mallarımı görməliyəm. Sənin nə vecinə, orda
yanan mallar sənin deyil ki! 10 mindən çox malım yanıb. Nə sığorta
var, nə də bir şey. Obyekt yiyəsinin nə vecinədi e? Milyonları var.
Olan kasıb-kusuba olur".
Öz arasında danışan iki satıcı qadının dialoqu onlardan birinin
təlaşını tam çılpaqlığı ilə ortaya qoyur. Onları içəri
buraxmadığına görə polisin üzünə qarşı təhqir etməkdən belə
çəkinmir:
"Görürsən necə adamdılar? Mallarımız içəridə yanır, amma gedib
görməyimizə icazə vermirlər. Mən öz gözümlə mallarımı görməliyəm,
ya yox?"
Orta yaşlı oğlan satıcı da danışmağa başlayır:
"Hamının malı yanıb. Az olsun və ya çox, fərq etmir. Dərd
orasındadır ki, "uçot-hesab" və borc dəftərini mağazada qoymuşam.
Yansa, heç nə. Elə bil ki, mağazada olan-olmayan hər şeyim
yanıb".
Başlarına gələn olayın təsirindən huşunu itirərək özündən
gedənlər də olub. Bu barədə satıcılar məlumat verir. Dediklərinə
görə, özündən gedən həmin obyekt sahibi bankdan 30 min manat pul
götürüb və hamısına mal alıb. İndi isə mallarından xəbəri belə
yoxdur.
Polislər qərarlıdır
Saat 12:30. Satıcıların bu qədər israrlarına rəğmən, ÇPA
əməkdaşları onları içəri buraxmamaqda qərarlıdır. Ara-sıra mülki
geyimli şəxslər gəlir və polislər qapını ehtiramla açaraq onları
içəri ötürürlər. Polisin ehtiramı ilə içəri keçən şəxslər
satıcıları daha da qəzəbləndirir:
"Bax, o kimdir ki, buraxırsan içəri? Onun bura aidiyyəti yoxdur.
Bəlkə də hansısa mağazanın sahibidir, amma biz tanımırıq. Amma
bizim də içəridə mağazalarımız var axı. Milyon qazanmırıq ki! Bir
qarın çörək pulu üçün işləyirik. İndi nə edəcəyik? Banklardan pul
götürüb mal alırıq. Allah bilir kim yandırıb öz məqsədi
üçün..."
Polis bu yerdə onun sözünü kəsir:
"A kişi, içəri buraxdığımız adam polisdir, obyekt sahibi deyil.
İcazə verilən kimi hamınızı birdən buraxacağıq".
O qadına dəfələrlə yazılı xəbərdarlıq
etmişdik
Satıcıların giley-güzarını, çığır-bağırını yarıda qoyub
Fövqəladə Hallar Nazirliyinin baş leytenantına yaxınlaşırıq. Adını
deməkdən imtina edir, amma olduqca maraqlı bir faktın üstünü açır.
Demə, FHN-nin müvafiq idarəsi tərəfindən Moskva Univermağının
rəhbərinə yazılı şəkildə bildirilib ki, yanğın-təhlükəsizlik
qaydalarına əməl olunsun və qanunvericiliyə uyğun olaraq yanğından
mühafizə üçün gərəkli avadanlıqlar alınıb quraşdırılsın:
"Həmin yazışmalarda özüm də iştirak etmişəm və dəfələrlə Elmira
xanıma qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə etmişik.
Əməl etmədi, yanğın xəbərdarlıq sistemini quraşdırmadı. Ancaq bir
şeyi yaxşı edib ki, yanğını söndürmək üçün olan əl balonlarını
vaxtında alıb. Çünki yanğınsöndürənlər gələnə qədər satıcılar
özləri həmin balonlarla yanğının yayılmasının qarşısını nisbətən
ala bilmişdilər".
İçəridən çıxan var
Saat 13:00. Yanğın baş verən univermaqdan FHN-in əməkdaşları
maddi sübutlarla bir yerdə çıxırlar. Univermağın içərisindəki
eskalatorun yanaraq kül olmuş bir hissəsi əşyayi-dəlil kimi
araşdırmağa aparılır. Nazirliyin eksperti deyir ki, maddi sübutlara
baxış keçiriləndən və ümumi araşdırma başa çatandan sonra hadisənin
baş vermə səbəbləri aydınlaşacaq. İlkin versiya kimi eskalatorda
baş verən qısaqapanma göstərilir.
Biz hadisə yerindən uzaqlaşanda satıcıların "qoy içəri keçək"
nidaları hələ də səslənməkdə idi. Polislər isə heç bir satıcını
yanan obyektlərinə buraxmırdı...