Bu sözləri "Axar.az"ın əməkdaşına bayramqabağı reportaj
hazırladığımız bazarda sadə vətəndaşlardan biri dedi…
Bəli, artıq baharın gəlişini qarşılamağa, "Novruz bayramı"nı
ənənəvi milli bayram kimi qeyd etməyə az saylı günlər qalıb. Bunun
üçün də hər evdə bayram ab-havası hiss olunmalıdır. Bayram simvolu
olaraq süfrələrdə xonçanı bəzəmək üçün səməni, şəkərbura, paxlava,
şorqoğalı və şamın olması vacib sayılır. Ən əsası da bunları
hazırlamağa və bayramı keçirtməyə imkanın olması çox vacibdir. Və
belə bir məqamda həmişə olduğu kimi bazarlarda bayram qabağı süni
qiymət artımı başlayıb.
Ucuz bazarda yanğın
Hazırda bayram qabağı bazarlardakı qiymətləri öyrənmək üçün bu
dəfə də yolumuzu hamının ucuz və sərfəli bazar kimi tanıdığı və
oradan bazarlıq etdiyi "Səkkizinci kilometr" bazarından saldıq.
Bazara girər-girməz gözümüz qiymətlərə sataşdı. Qiymətlər əvvəlki
vaxta nisbətən od tutub yanırdı. Səbəbini öyrənmək üçün satıcılara
yaxınlaşaraq söhbətə başladıq. Satıcılar qiymətlərin heç də baha
olmadığını bildirdilər. Amma onlardan fərqli olaraq alıcılar çox
narazılıq etdilər. Şikayətləndilər ki, bu bahalıqda aldıqları maaş,
pensiya ilə necə bazarlıq edəcəklərini bilmirlər.
Qoz, fındıq, şabalıd…
Əvvəlcə qoz, fındıq, şabalıd və s. qiymətlərlə maraqlandıq.
Satıcının deməsinə görə, qiymətlərdə elə də çox artım yoxdur:
- Əsas qoz və şabalıd bahadır. Qoz bir manat artıb. Yerli
çərəzlərin xarici çərəzlərə nisbətən qiymət fərqi çoxdur.
Qoz: 7-11 manat
Fındıq: 6-8 manat
Şabalıd: 12 manat
Sarı kişmiş: 5-8 manat
Qara kişmiş: 6-10 manat
Quru meyvələr: müxtəlif.
Meyvələrin qiyməti ilə maraqlandıq. Burada da
qiymətlərdə xeyli dəyişiklik var idi. Hətta satıcının sözlərinə
görə, əksər meyvələr xarici olsa da, yerli meyvə adı ilə satılır.
Malı satılsın deyə, məcburdur ki, alıcını aldatsın. Amma
qiymətlərin baha olmasını boynuna almasa da, baha aldıqlarından
danışdı.
- Qiyməti heç kəs qaldırmır. Biz baha aldığımıza görə baha da
satırıq. Əksər meyvələr də xaricidir, yerli çox azdır. Alıcıların
çoxu yerli meyvə istəyir. Biz də məcburuq ki, xaricdən gələnləri
alıcılara yerli meyvə adı ilə sataq.
Alma: 1-3 manat
Apelsin: 2-4 manat
Mandarin: 2-3 manat
Ananas: 4-7 manat (1 ədəd)
Kivi: 3 manat
Süfrələrin yaraşığı səməni və xonçaların qiyməti də
müxtəlifdir:
- Şamların qiyməti bir manatdan üç manata qədərdir. Üç manatlıq
şam isə ətirli şamdır. Səmənin də qiyməti müxtəlifdir, lap on iki
manatlıq səməni də var.
Səməni: 2-12 manat
Şam: 1-3
Ürəyimiz istəyəni ala bilmirik
Qiymətləri öyrəndikdən sonra bazardan çıxanda alıcıların
fikrilə maraqlandıq. Yalnız müəllimə olduğunu deməklə kifayətlənən
xanım qiymətlərdən çox şikayətləndi:
- Qiymətlərdən razı deyilik, hər şey bahadır. Aldığımız maaş
bayram keçirtmək üçün bizi qane etmir, ürəyimiz istəyəni ala
bilmirik. Kimin pulu varsa, bayramı yaxşı keçirdəcək. Allah verən
hər şeydən bir az aldım ki, süfrəmiz boş qalmasın, evimdən,
ocağımdan bayram tüstüsü çıxsın".
Kasıblara bayram keçirtmək yaraşmır
Fikrini soruşduğumuz yaşlı bir nənə isə bazardan çıxaraq
öz-özünə deyinirdi. Yaxınlaşıb niyə gileyləndiyini soruşduq.
Deyəsən nənə bayaqdan narazı qaldığını bildirmək üçün bizi
izləyirmiş. O da hamı kimi qiymətlərdən şikayətləndi, hətta
bazarlıq etməyə pulunun çatmadığını dedi:
- Əlli manat pensiya alıram, ailədə on bir baş adamıq. Bazarlıq
etməyə pulum çatmadı. Hər şey bahalaşıb. Evdə siyahı tutub
gəlmişdik, çox şey ala bilmədik. Kasıblara bayram keçirtmək
yaraşmır.
Apardığımız kiçik hesablamadan məlum oldu ki, bayram bazarlığı
üçün ən azı 150-250 manat arası xərcləməlisən. Bu da çoxlarının bir
aylıq maaşı deməkdir. Bir aylıq maaşını da bayram bazarlığına sərf
edən imkansız nə etsin ki, bir ay ac qalmasın?
Nə isə, bayramınız mübarək...