Xətai - Bakının həm coğrafi şəraiti, həm də ərazisində
olan dövlət əhəmiyyətli müəssisələr baxımından ən uğurlu rayonu
hesab edilə bilərdi... Əgər icra başçısı sarıdan bəxti
gətirsəydi.
"Aznews.az" xəbər verir ki, bir vaxtlar Yasamalın indiki icra
başçısı İbrahim Mehdiyevin rayonu viran qoyma ənənələrini indiki
başçı Razim Məmmədov xüsusi istedadla və daha sürəkli şəkildə
həyata keçirir.
...Xətai böyük rayondur. Dərdləri də böyükdür, gözlə görünən
yox, gözə girən problemləri də. Biz də gözə girməməsi mümkün
olmayan problemləri sadalayacağıq.
SAKİNLƏR ÖLÜMLƏ ÜZ-ÜZƏ
Xətainin ən böyük prospekti, rayonu tən ortadan bölən –
"Ukrayna" dairəsindən Nizami rayonu sərhədinə qədər olan bir neçə
kilometrlik yolu qət etmək kifayətdir ki, rayon rəhbərliyinin
səriştəsiz, zövqsüz və acgöz olmasını əks etdirən əməlləri öz
gözlərinlə görəsən.
Xətai yəqin, yeganə rayondur ki, buranın sakinləri yalnız
avtomobil yolu ilə hərəkət edirlər.
Qucağında uşaq olan ana da, qoca da, cavan da avtomobil üçün
nəzərdə tutulan yolun tən ortası ilə mənzil başına irəliləyir.
Əlbəttə heç kim canından bezməyib. Kimsənin rayondakı məmur
harınlığından bezib, intihar etmək fikri də hələlik yoxdur. Onlar
yolun ortası ilə hərəkət etməyə sadəcə, məhkumdurlar. Çünki rayonun
mərkəzi küçəsində bütün səkilər, eləcə də mühafizə zolağı çoxdan
satılıb.
Budur, onlar müxtəlif ticarət obyektləri, restoranlar, kafelərin
ön divarının özülüdür. Obyektlərin qarşısında isə sahiblərinin və
müştərilərin avtomobilləri (Fotolar bayram günlərində çəkildiyindən
seyrəklik var. Adi günlərdə isə bura "ayaq basmaq" olmur). İcra
başçısı bu obyektlərin tikintisinə sərəncam verəndə, səkiləri
satmağı qəribə görünməyə bilər, çünki o heç bir işində sakinləri
nəzərə almayıb. Amma bu obyektlərin qarşısında avtomobillərin
dayanacağı, bununla da şəhərin əsas mərkəzi yollarından birisinin
yarısını "işğal" ediləcəyini və həmin ərazinin "taleyinə" əbədi
tıxac yazacağını niyə dərk etməyib, görəsən?
XƏTAİ EYBƏCƏRLİYİ
Bir neçə il əvvələ kimi mövcud olan yaşıllıq zolağının və
səkilərin məhv edilməsi hesabına ucaldılan bu tikililər, heç olmasa
bir cərgədə, yaraşıqlı, zövqlü olsaydı, dərdi yarı. Hündürlüyü,
rəngi, bütün arxitekturası ilə bir-birinin "üzünə tüpürən"
tikililəri belə eybəcərliklə inşa etmək hansı peşəkarlığın, hansı
ağılın məhsuludur?...
Ölkənin hər yerində heç olmasa, mərkəzi küçələri, görünən
yerləri səliqəyə salmaq, üzləməklə, nə bilim hasarlamaqla
gözoxşayan etmək proqramı həyata keçirildiyi bir vaxtda Xətai,
sanki eybəcərlikdə və zövqsüzlükdə nümunə olmaq siyasətini
yürüdür.
Təqdim etdiyimiz, fotolardan da göründüyü kimi, burda nəinki
şəhərin baş planı, heç "ayaq" planı da işləməyib, adi tikinti
qaydalarına belə riayət olunmayıb.
AĞAC YEYƏNLƏR
Ağacların, yaşıllıqların xüsusi məharətlə qırılması planı isə bu
rayonda həmişə işləkdir. Maraqlıdır ki, bu məsələlərə nəzarət edən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağac kəsənləri tutan
"əli" Xətaiyə çatmır. Ya da yüksək zirvələr fəth edən alpinist
nazirimizin bu rayona qalxmaq həvəsi yoxdur. Belə olmasaydı, burada
"yaşıl soyqrımın" həyata keçirilməsi barədə heç olmasa mətbuatda
gedən məlumatlara reaksiya verilərdi. Ola bilər ki, yol kənarları,
dediyimiz obyektlərin ucaldığı yerlərdə yaşıllıqların məhv edilməsi
faktini qeydə almaq orada yaranan dəhşətli tıxac üzündən mümkün
olmayıb. Amma indi hamının istirahət etdiyi, cəmi bir neçə il əvvəl
istifadəyə verilən Heydər Parkında başlayan "soyqrımı" görməyə nə
mane olur?
...Parkın böyük bir hissəsi hasara alınıb. Bura xüsusi gözəllik
verən təpəcik tamamilə dağıdılıb, ərazidə olan saysız- hesabsız
ağaclar isə əlbəttə ki, "gömülüb". İndi bu ağacların yerində özül
qazılıb, nəsə tikiləcək...
Əlbəttə ki, bu tikilidən də yol kənarındakı, daha doğrusu, yolda
ucaldılan binalardan fərqli bir şey gözləmək sadəlövhlük olar.
QURBANLIQ AĞACLAR
Başqa bir hasarlama isə Metronun "Əhmədli" stansiyasının
yaxınlığınadadır. Piyadalar üçün nəzərdə tutulmuş səki ilə bərabər
ərazidə yeganə yaşıl zona da hasarlanıb. Hasarlanmış ərazidə
ağaclar qurbanlıq qoyunlar kimi öz müştərilərini gözləyir. Həmin
müştərilər gələnəcən isə ərazi təmir sexi və yarasız avtomobillərin
dayanacağı kimi istifadəyə verilib. Hər iki tərəfində tikinti
işləri aparılan bu ərazidə ağacların xeylisi sexə görə məhv edilib.
Onlarin yerində isə təmir quyuları qazılıb. Ağaclıq, zibilliyə,
avtomobillərin xarab hissələrinin tullantı yerinə çevrilib.
İnsafən demək lazımdır ki, hasarlanan ağaclığın heç də hamısı
məhv edilməyib. Görsənən ağaclar yol kənarındakı çayxana,
yeməkxana, bərbərxana, nə bilim başqa hansısa XANAların
istifadəsindədir.
Hər halda bur rayonda sakinlərə məxsus yalnız öz mənzilləri var,
əgər o mənzillərə də çata bilsələr...