Bəzən şəhərdəki tıxaclara tab gətirmək mümkün olsa da,
"diribaş" sürücülərin tıxacın gətirdiyi gərginliyə əlavə başağrısı
olması dözülməz olur. Doğrusu, belə sürücülərin yol hərəkəti
qaydalarını pozaraq qarşıdan gələn maşınların yoluna çıxması
tıxacların uzun zaman davam etməsinə səbəb olur.
Onsuz da o bir elə geniş olmayan paytaxt küçələrinin hər iki
tərəfində sıralanan maşınların yolları daha da dar etməsi də
maneədir. Həm də küçələrin dayanacaqlara çevrilməsi əlavə
problemlərin yaşanmasına səbəb olur. Baxmayaraq ki, son vaxtlar
şəhərin bir neçə yerində müasir dayanacaqlar tikilib, lakin bu
problem hələ də aradan qaldırılmayıb. Səbəb aydındır. Bir-iki
dəqiqəlik park üçün uzaq bir məsafəni qət etmək olmur. Ona görə də
ali məktəblərin, metro dayanacaqlarının, apteklərin, bazar və
marketlərin, eləcə də digər obyekt və müəssisələrin qarşısında
yaranan bu dayanacaqlar həmin yerlərdə arzuolunmaz tıxacların
yaranmasına səbəb olur.
Pullardan dövlət büdcəsinə pay düşürmü?
Bəs bu dayanacaqlara nəzarəti hansı qurum həyata keçirir?
Sürücülərə edilən "xidmətə" görə ödənilən pullardan dövlət
büdcəsinə pay düşürmü?
Əyinlərində yaşıl gödəkcə, qollarına qırmızı sarğı bağlayan,
maşınları "qarşılayıb, yola salanlar" kimdir, kimdən göstəriş alır
və ya ümumiyyətlə, bunların "böyüyü" kimdir? Bir araşdırma aparmağa
çalışdıq.
Bəs əslində necədir?
Nimdaş geyimləri, tüklü sifətləri, əllərindəki çubuqları ilə
gözə dəyən bu insanların bəzilərinin yaxalarında tanıtım lövhələri
də var. Əslində bütün bunlar onların rəsmi olaraq hansısa qurumun
işçiləri olmasından xəbər verir. Bəs əslində necədir?
Musiqili Komediya Teatrının yerləşdiyi küçənin park üçün icazəli
yerində maşın saxlamaq mümkün olmadığından Beynəlxalq Bankın
ofisinin əks tərəfində özümə yer edirəm. Gənc oğlan maşının
dayanmasına yardım göstərir. Maşını rahladıqdan sonra oğlandan:
- Burda saxlamağın qorxusu yoxdur? Aparmazlar ki? -
soruşuram.
Gənc oğlan arxayıncasına:
- Nə qorxusu ola bilər ki? Sən pulunu bəri başdan ver, get
işinin dalınca.
Ödənişin neçə qəpik olması ilə maraqlanıram. Gənc maşınımın
yuyulmasının vacib olduğuna deyir. Razı olmuram. Ödənişlə bağlı
sualıma cavab verir:
- Baxır sənin dayanmağına, tez gəlsən, 1 manat bəs edər.
Bir manatın çox olduğunu deməyimə bənddir. And içir ki, burda
maşın saxlamağa icazə olmadığı üçün xərcləri çox çıxır.
- Həm də kameralar var, baxırlar, nə qədər maşının dayandığının
haqq-hesabı gedir. Bizə qalan qəpik quruş, bir də yuduğumuz
maşınların puludur.
Maraq məni çəkir. Söhbətə tuturam.
- Ötən dəfə MSK-nın köhnə binasının yanında saxlamışdım.
Sənin kimi biri məni arxayın saldı. Amma qayıdanda gördüm ki,
maşınımı aparıblar.
- O pis oğlan deyil axı, maşını əldən verməzdi, görəsən nə olub
elə?.. Mən elə namərdliyi eləmərəm. Gərək pul verəsən ki,
aparmayalar da.
Arxayın ol, sənin maşınına toxunmazlar
Nəzarətçi oğlandan kimə haqq verdiyini soruşuram. Məlum olur ki,
küçələrdən maşınları aparan Evakuatorlarla bunların razılaşması
var. Nəzarətçilərin izni olmadan maşın saxlayanlar bunun ağrısını
çəkirlər:
- Özümüz çağırırıq, deyirik ki, maşın dayanıb, gəlib aparırlar.
Həm də bizə yer lazım olur axı, "naxalnı" girən maşınları
"nakolkalayırıq". Buna görə də sən arxayın ol, sənin maşınına
toxunmazlar.
Ödəniş edirəm. Söhbət zamanı onu da öyrənirəm ki, bu oğlan
maşınları cərimə meydanına aparanlarla əlbirdi. Bir də yola
quraşdırılan kameralara nəzarət edən idarənin hansısa işçisi gəlib
aylığını alır, bundan əlavə heç yerə pul ödəmir, qazancları
özlərinə qalır. İcazəli yerlərdə dayananlar isə Nəqliyyat
Nazirliyinin Nəqliyyat Departamentinin işçiləri sayılır. Və onlar
NN-in yola nəzarət edən əməkdaşlarına pul ödəyirlər.
Gəl indi Qarabağı al da...
Səməd Vurğunun ev muzeyinə çatmamış küçədə hərəkət etmək
ümumiyyətlə mümkün deyil. Hər iki tərəfdə saxlanılan maşınlara az
qala sürtünərək keçmək olur. Orta yaşlı, ağzında siqaret, yaşıl
gödəkcəli kişiyə yaxınlaşıram.
- Mənə yer düzəlt, maşınımı saxlayım.
Saymazyana:
- Yer yoxdur- deyir.
- Mənə vacib lazımdır, bu yaxınlarda işim olacaq, maşını
uzaqda saxlamaq istəmirəm, apararlar, - deyirəm,
yumşalır.
- Ağsaqqal, inan, yorulmuşam yer düzəltməkdən, mən bəs bunları
nə edim? – sıralanmış maşınları göstərir - sənə necə yer
düzəldim?
"Evakuatora zəng elə, gəlsin bir ikisini aparsın, yer boşalsın",
- deməyimi görürəm. Nəzarətçi partlayır:
- Pah atonnan, gəl indi Qarabağı al da... bu millət düzəlmədi
də... sır-sıfatından mədəni, yeyib içən adama oxşayır, amma mənə
deyir, işverənlik elə. Birincisi, evakuator bura girə bilməz, burda
dayanmağa icazə var, ikincisi də... sən allah, get burdan.
Gör mənim sifətimdə nakişi sözü yazılıb?
Getmirəm, xətrinə dəydiyim üçün üzrxahlıq edirəm. Axır ki,
könlünü alıram:
- O tərəflərdə belə hallar olur, - deyirəm. -
Dedim bəlkə, sən də o cür işləyirsən...
- Yox, mən o cür işləmirəm. Gör mənim sifətimdə "nakişi" sözü
yazılıb?
Pərt olsam da, büruzə vermirəm. Bir qədər də söhbət edirəm. İşi,
dolanışığı ilə maraqlanıram. Uzun çək-çevirdən sonra dərdinin
qaysağını qopara bilirəm:
- Vaxtın olsa, gözlə, hava qaralana yaxın Nəqliyyat
Departamentindən gələcəklər. 3 nəfərdilər, hərəsinə 7 manat
verirəm. Alıb gedəcəklər. Bu əraziyə baxanlardı. Pis adam deyillər
e... onlardan da umurlar da...
- Kim umur ki?
- Guya bilmirsən, onlardan da yuxarılarda oturanlar. Ötür-ötürdü
də.
Öyrənirəm ki, Səbayel rayonu üzrə bütün "dayanacaqlardan" haqqı
bu "üçlük" yığır.
– Baxma, bu, xeyli pul edir, – bunu da nəzarətçi deyir.
Adını soruşuram. "Adım Raqifdir", - deyir O da məlum olur ki
Raqif heç yerdən maaş almır. Baxmayaraq ki, işə rəsmi düzəlib. Heç
vergi də ödəmir. Ödəyəcəyi vergilər ödədiyi gündəlik 7 manatlardan
çıxır...
Bura olmaz, buralar tutulub
Nərimanov metrosunun üstündəki parkın 4 tərəfi də belə
dayanacaqdır və burda işləyən "stoyanşiklər" də dövlətə vergi
ödəmir. Heç onlar da maaş almırlar. Dolanışıqları hər maşından
aldıqları 20 qəpikliklərdən toplanıb özlərinə qalanlardı. Açığı, bu
insanların hamısı dolanışıqdan şükürlü idi. Cavad adlı işçidən
yaşlı qohumumu bura necə düzəldə biləcəyimi soruşuram.
- Bura olmaz, buralar tutulub. Sən bax, göz gəzdir, gör harada
maşın dayanır və orda "stoyanşik" yoxdur, mənə de, adam var, deyim
kömək etsin. Pis deyil, daş daşımırsan, hamballıq eləmirsən. Allah
bərəkət eləsin, mənə hər gün ən azından 35-40 manat pul qalır.
Xərcimdən əlavə ha... Xərc də ki heç nədir. Sadəcə, bura bərəkətli
yerdir, elə yer var ki, 10-15 manata işləyirlər...
Şəhərin ayrı-ayrı yerlərindəki müşahidələrim və apardığım
araşdırmalardan məlum oldu ki, əslində sürücülərdən toplanan
pulların dövlət xəzinəsinə bir şey çatmır. Bu pullar dama-dama göl
olub, ayrı-ayrı adamların cibinə axır...