Bir müddət öncə şəhərdə təyinatı məlum olmayan ət
məhsullarının satışı böyük ajiotaja səbəb oldu. Mənbəyi və mənsəbi
qaranlıq olan bu məhsulların satışdan çıxarılması üçün müəyyən
işlər də görüldü. Haqlarında cinayət işi açılsa da, müəyyən işbaz
qruplar ifşa olunsa da, bütün bunlar nəticəsiz qaldı. Məlum olan
odur ki, zay məhsullar satışdan hələ də çıxarılmayıb.
"Axar.az" olaraq ət bazarlarına baş çəkdik. Ayrı-ayrı qəssab
dükanlarında keyfiyyətli ətlər satılsa da, bazarlar, özlərinin
"bazar qayda-qanunları"nı heç kəsə güzəştə getmək istəmir, deyəsən.
Hər halda bir oxucumuzun telefon zəngi bizim Nəsimi rayonunda "Təzə
bazar" kimi tanınan ticarət mərkəzinə baş çəkməmizə səbəb oldu.
Telefon zəngi bu bazarda hər axşam, eləcə də gündüzlər şıdırğı ət
alverinin getməsi haqda məlumat verirdi. Həm də satılan ətin
keyfiyyətinin çox aşağı olması deyilirdi.
Haqqında bəhs olunan ünvana gedərək araşdırma apardıq.
Gördüyümüz mənzərə ürəkaçan olmadı. Ət və ət məhsullarının açıq
yerlərdə pərakəndə satışı davam etsə də, topdan satış yox idi. Bizi
isə əsasən ət məhsullarının topdan satışı maraqlandırırdı. Öyrəndik
ki, topdan satış axşamdan başlayaraq səhər sat 7-yə qədər davam
edir.
Bazarda ətin topdan satışı həyata keçirilən yerə getdik və
gördüklərimiz bizi dəhşətə gətirdi. Ət sallaqxanalarının altında it
satılırdı. Demək, gecələr ət, gündüzlər it...
Ət və it bazarının girişində ayaq saxladıq. Yaşlı bir kişidən
burada ətin necə və nə vaxtlar satıldığını bir daha soruşduq.
Həmsöhbətimiz danışmağı sevən olmasa da, ondan bəzi şeylər
öyrənməyə müvəffəq olduq.
- Gündüzlər tutuquşu, başqa quşlar və gördüyünüz kimi heyvan
satılır. Ət almaq istəsəniz, ancaq axşamlar gəlin, – dedi.
Ətin keyfiyyəti ilə maraqlandıq.
"Yaxşı olardı, özünüz görəsiniz. Ucuz ət var, kolbasalıq,
dönərlik ətlər. Belə ətin bir kilosunun qiyməti 3,5–4,5 manat arası
dəyişir. Bunlar əsasən qoca və dişi heyvan ətləridir".
Vicdanını tərəziyə qoyur
- Bəs ölü mal əti necə?
- Nə bilim vallah, özləri, öz Allahları bilər. Hər halda belə
söhbət gəzir. Amma inanmaq olmur. Gərək vicdanını itirəsən.
Söhbətimizə qulaq asan yaşlı qadın:
- Onlar vicdanlarını tərəziyə qoyur.
- Sallaqxanaların yerləşdiyi bu yerdə xeyli sayda maşın
dayanıb. Bura həm də pullu dayanacaqdır? – soruşuram. Yaşlı
kişi:
- Yox, bazar müdirinin, başqa sahibkarların maşınlarıdır, -
deyir. - Elə buradaca polis məntəqəsinin otağı da var.
Görmürlər ki, necə itdir?
İri qəfəslərdə müxtəlif növ tutuquşu və cins itlər satan oğlana
yaxınlaşıram. Anar adlı bu gənc satdığı heyvanları tərifləməsə də,
haqlarında ətraflı məlumat verir. Ona yaxın cinsdən olan it və it
küçükləri satır. Qiymətləri ilə maraqlanıram. Gözü təzə açılmış
küçükləri göstərir:
- Bunların qiyməti 350 manatdır. Bunlar isə 450. Boyları bir
qədər də böyüyəcək. Amma cinsləri elə belədir. Böyük itlər vardı
ki, qiyməti 2000–3500 manat arasında idi. Məmməd Arazın şeiri
yadıma düşdü: "İti bazarında atından baha..."
Tutuquşularının da qiyməti rənginə, böyüklüyünə və bacarığına
görə dəyişir. Qiymətlər müxtəlifdir. 10 manatdan başlayan qiymət
100 manata qədər yüksəlir.
Anar sakit oğlan təsiri bağışlayır.
- Niyə satdığın itləri, quşları
tərifləmirsən?
- Nəyini tərifləyim? Görmürlər ki, necə itdir?
"Təzə bazar"dan çıxıb 6-cı mikrorayonda, Cəfər Xəndan küçəsində
yerləşən o qədər də böyük olmayan "Aysel" ət bazarına gedirik.
Bazarın səliqəsi göz oxşayır. Qəssabların əynindəki xələtlər
təmizliyi ilə seçilir. Əslən Laçın rayonundan olan Məşədi Hacı ilə
söhbət edirik. Bazarın rəhbərliyi və yaradılan şəraitlə bağlı ağız
dolusu danışır. Söhbət zamanı məlum olur ki, bazarda iki həkim, iki
laborant fəaliyyət göstərir. Kəsilən heyvanlar diri alınıb
gətirilir və burada xüsusi kəsimxana deyilən yerdə kəsilir.
Heyvanları kəsib, dərisini soyan ayrıca adamlar var.
Məşədi:
- Vallah, burda haram ət tapılmaz, bıçaq heyvanın boğazına
bismillahsız aparılmaz. Ona görə də müştərimiz boldur. Düzdür,
əvvəllərlə müqayisədə alış-veriş aşağı düşüb, amma buna da min
şükür.
Qoyun və iri dırnaqlı heyvanlar əsasən Bərdə, Beyləqan, Tərtər,
Füzulidən alınıb gətirilir.
- Bu yerlərin heyvanları aldatmır, çəki verə bilir, ətləri də
dadlı olur, – məşədi deyir.
İki ət bazarında apardığımız araşdırma ondan xəbər verdi ki, nə
qədər qadağalar qoyulsa da, ciddi tədbir görülsə də, bəzi işbazlar
zay ət məhsullarının bazarlara çıxarılmasına yol tapa
bilirlər...