Balıqçılıq peşəsi
qədimliyi ilə yanaşı, həm maraqlı, həm də insan sağlamlığı üçün
olduqca faydalıdır. Bununla məşğul olarkən insanın əsəbləri
sakitləşir, beyinə dinclik gəlir. Hətta həkimlər də bunun faydasını
nəzərə alaraq stress, yuxusuzluq, yorğunluq və yüksək təzyiqdən
əziyyət çəkən pasiyentlərinə balıq ovu ilə məşğul olmağı məsləhət
görürlər. Biz də bir günümüzü bu maraqlı peşə sahibləri ilə birgə
keçirmək qərarına gəldik.
Bayraq meydanının yaxınlığında tilov atan, əksəriyyəti təqaüdçü
olan bu insanlar günlərinin çox hissəsini dəniz kənarında
keçirirlər. Aralarında peşəkar balıqçılarla yanaşı, sadəcə, vaxtını
keçirən, öz dilləri ilə desək, ruhən dincələn, istirahət edən
insanlar da var.
Belə insanlardan biri də iş adamı Ceyhun Əliyevdir.
Dünənin iş adamı, bu günün isə balıqçısı olan bu insanla söhbətimiz
maraqlı oldu. Həyatda həmişə qalib olduğunu söyləyən Ceyhun Əliyev
bu sahədə bəxtinin heç də yaxşı gətirmədiyindən
gileyləndi:
- Uşaqlıqdan ova böyük həvəsim var, demək olar ki, hobbimdir.
Hətta oğlum Həsənağa da bu xüsusiyyəti ilə mənə bənzəyir. O da
uşaqlıqdan ta bu günə kimi mənimlə balıq ovuna gəlir (əlini oğluna
tərəf uzadaraq onu bizə göstərir).
Mən ən böyük zövqü ovda olarkən alıram. Balıq ovu isə mənim ən
sevimli məşğuliyyətimdir, ancaq bəzən bu sahədə bəxtim heç də yaxşı
gətirməyib. Maraqlıdır, həyatda çox şanslı olsam da, balıqçılıq
sahəsində bəxtim gətirməyib. Bir müddətdir bura gəlirəm, bəzən heç
nə tuta bilmirəm. Bu gün də evdən çıxanda dedilər ki, əliboş
gəlsən, evə qoymayacağıq (gülür). Ona görə də gecə burda yatmalı
olsam da, gərək balıq tutam.
Suyun mazutlu, çirkli olduğunu göstəririk: belə
yerdə balıq ovlamaq olarmı?
- Yuxarıdan baxanlar da bizim şəhər haqqında eyni sözü deyə
bilərlər. Bakıda atmosfer həddindən artıq çirklənib, nəfəs almaq
mümkün olmasa da, biz yaşayırıq. Dənizdə balıqların da vəziyyəti
belədir, amma yaşayırlar. Hər bir canlı düşdüyü mühitə
uyğunlaşır.
Söhbətimizin bu yerində tilov bir neçə dəfə
dartınır. Balıqçı sevincək tez-tələsik tilovu dartır, ancaq tilovu
yenə də boş çıxır. Balıq qarmağa keçirilmış yemi götürüb gedib.
Müsahibim deyinə-deyinə, bəxtindən gileylənə-gileylənə qırmağa
yenidən yem keçirir. Onun bu hərəkəti mənə nədənsə Ernest
Hemenqueyin "Qoca və dənizçi" əsərini xatırladır. Deyəsən, bizim
qəhrəmanın bəxti doğrudan da, bu sahədə gətirməyib. Ancaq o öz
işini davam etdirir:
- Nədənsə qarmağa keçirdiyim bu yemi rüşvətə bənzədirəm. Biz
özümüz rüşvətxor olduğumuz kimi, heyvanları da rüşvət hesabına
rahat yaşamağa öyrədirik. Tilovdan yemi çıxaran o balıq da lap
rüşvət sahəsində peşəkarlaşmış məmurlar kimidir. Bayaqdan gəlib
yemi aparır, heç vaxt da tilova düşmür. Bizim bəzi məmurlarımız da
belədir, həmişə rüşvət alırlar, amma heç vaxt da tilova düşmürlər.
Əvəzində günahsızın biri gəlib tilova keçir.
Peşəkar balıqçı
O, tilovu yenidən suya atır. Biz isə ona uğurlar
arzulayıb digər balıqçıya, 73 yaşlı Əlövsət Babayevə yaxınlaşırıq.
Əvvəlki müsahibimizdən fərqli olaraq Əlövsət kişi peşəkar
balıqçıdır, bütün həyatını da bu sahəyə həsr edib. Elə tilovuna
düşən balıq da onun peşəkarlığından xəbər verirdi:
- Bütün ömrümü balıqçılığa həsr etmişəm. Cavan vaxtlarımda
qayıqla dənizə çıxardım, amma indi daha qocalmışam, açıq dənizə
çıxmağa gücüm çatmaz. Həm də daha əvvəlki balıq da dənizdə
qalmayıb. Əvvəllər dənizdə balıq çox idi. İndi neft tullantıları
hesabına dəniz həddən artıq çirklənib. Buna görə də balıqların çoxu
məhv olub. Sağ qalanlar isə şimala köç ediblər. Böyük çayların və
şimal küləklərinin hesabına o tərəflərin suyu xeyli təmizdir.
Əlövsət dayı balıq tutmağın faydasından və bu sahədə
aldığı zövqdən danışır:
- Mən balıq ovundan aldığım zövqü heç nədən almamışam. Balıq ovu
çox gözəldir. Burda olanda ruhən dincəlirəm sanki. İnsan özünü
burda bütün qayğılardan, problemlərdən azad, təbiətin bir hissəsi
kimi hiss edir. Axşamlar isə öz zəhmətinin hesabına tutduğun balığı
qızardıb yeməyin başqa bir ləzzəti var.
Müsahibim daha sonra balıqçılıq peşəsində
başına gələn maraqlı və təhlükəli bir əhvalatı danışmağa
başladı.
- Bir dəfə çox maraqlı bir hadisə ilə qarşılaşmışdım. Təxminən
10 il bundan əvvəl Kürə balıq ovuna getmişdik. Biz ora çatanda
artıq gecə idi. Çox yorulmuşdum. Ona görə də tilovu suya atdım,
ayağıma bağlayıb yatdım. Gecənin bir vaxtı oyandım ki, məni nə isə
sürüyür. Dərhal başa düşdüm ki, tilova böyük balıq düşüb. Amma
bəxtim gətirdi, yaxınlıqda olan uşaqlar məni tutub saxladılar,
balıq isə tilovu qırıb getdi. Ondan sonra daha tilovu ayağıma
bağlamıram (gülür). O vaxt uşaqlar yaxınlıqda olmasaydı, o balıq
məni Kürdə boğacaqdı.
Bu vaxt müsahibimizin tilovu ağır-ağır tərpənir. Bunu
görən balıqçı tilovu boşaldır:
- Bu, deyəsən, böyük balıqdır. Ona görə də tilovu ağır-ağır
tərpədir. Böyük balıqlar bic olurlar, onların belə oyunları bəzən
saatlarla davam edir. Mən də tilovu boşaltdım ki, o bütün oyununu
göstərsin.
Burda balıqçı bizimlə söhbəti kəsir. Qoca dənizdən öz
balığını gözləyəcək…