- Salfet neçəyədir?
- 1 manat…
Satıcının verdiyi bu cavab gün ərzində yaşadığım ilk şok idi.
Adi dükanlarda 10 qəpik olan salfeti Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında 1 manata verirdilər. Ürəklər şəhərinə səfərin belə
başlaması heç də xoş deyildi. Dohadan gələn təyyarənin hava
limanına enişinin gecikməsi isə növbəti narazılığın yaranmasına
səbəb oldu.
YAĞIŞLI, AMMA QURU TİFLİS
Bakıda hava günəşli olsa da, Tiflis bizi yağışla qarşıladı. Amma
bu yağış heç də yollarda hiss edilmirdi. Bakıdan fərqli olaraq bu
tarixi şəhərin kanalizasiya sisteminin standartlara uyğun qurulması
yağış sularının şəhərin mənzərəsini korlamasına mane olurdu.
Tiflisin bir özəlliyi də ondadır ki, şəhər genişlənsə də, öz
tarixiliyini qoruyub saxlayıb. Demək olar ki, bütün qədim binalar
olduğu kimi saxlanılıb. Yalnız məscidləri çıxmaq şərti ilə. Vaxtilə
10-dan artıq məscidi olan şəhərdə yalnız bir müsəlman ibadət yeri
qalıb. Tiflis şəhəri dağlar və yaşıllıqla əhatələnməsinə
baxmayaraq, çirklidir. Burada daha çox pivə və çaxır şüşələrinə
rast gəlmək olar.
6 SAATLIQ YOL VƏ BATUMİ
Tiflisə gələnlər heç şəhəri gəzməsə belə, Dəmiryolu Vağzalını
görməklə hiss edərlər ki, ölkə çox kasıbdır. Tiflis-Batumi qatarına
daxil olanda ilk düşündüyüm öz vaqonlarımızdakı vəziyyətin şükürlü
olmasıdır. "Ekspress qatarı" (sürət qatarı) adlansa da, onda
ekspresslikdən heç bir əlamət yox idi. Hər stansiyada dayanır və
sanki şəhərin natəmizliyi vaqonlara keçirdi. Təxminən 370
kilometrlik yolu 6 saata getdik. Batumi görünüşü və müasirliyinə
görə Tiflisdən xeyli fərqlənir. Paytaxtın əksinə olaraq, daha çox
müasir elementləri özündə əks etdirən Batuminin simvolu delfindir.
Təmizliyi ilə fərqlənən bu Qara dəniz incisi ölkənin əsas turizm
mərkəzlərindən biridir. Şəhərdə reallaşdırılan bütün infrastruktur
layihələrinin hamısı turistlərin cəlb edilməsinə hesablanıb.
BATUMİDƏ GÖRMƏLİ ƏSAS YERLƏR
Batumiyə gələn turistlərin ilk olaraq baş çəkməli olduğu məkan
Batumi Botanika Bağıdır. Ərazisinə görə dünyada ikinci yeri tutan
bağın əsası 1880-ci ildən sonra qoyulub. Bağda 120 mindən artıq
ağac var və il ərzində orta hesabla 60 min adam bu bağı ziyarət
edir. "Aşağı bağ", "Yuxarı bağ" və Giorgi Kapriçidze adına
dənizkənarı bağ"dan ibarət olan parkın ümumi sahəsi 10 hektara
bərabərdir.
BATUMİ BULVARI
Əsası 1881-ci ildə qoyulan Batumi Bulvarının təxmini uzunluğu 7
kilometrdir. Köhnə və yeni hissələrdən ibarət olan bulvar da
müxtəlif fiqurlu heykəllər onun mənzərəsinə rəngarənglik qatır.
Dənizkənarı parkda müxtəlif formalı sxem-heykəllərin tərkib hissəsi
kimi göstərilən ürək fiqurları isə ecazkar mənzərə yaradır.
BAŞIBƏLALI UNİVERSİTET
Batumidə ən uca binalardan biri də keçmiş prezident Mixail
Saakaşvilinin vaxtında ucaldılan və universitet kimi fəaliyyət
göstərməsi nəzərdə tutulan binadır. Batumini bizimlə tanış edən
taksi sürücüsünün sözlərinə görə, Mişa (Saakaşvili) həmin binanı öz
adına universitet kimi fəaliyyət göstərməsini istəyirmiş. Amma
hakimiyyətin dəyişməsi keçmiş prezidentin arzularını ürəyində
qoyub. Hazırda həmin tikili istifadəsiz qalır.
"ƏLİ VƏ NİNO"YA SEVGİ ABİDƏSİ
Batumini bizimlə bağlayan bağlardan biri də "Əli və Nino"
romanının qəhrəmanlarının şərəfinə ucaldılan "Sevgi heykəli"dir.
Hündürlüyü 7 metr olan heykəlləri Tamar Kvesitatze hazırlayıb.
Heykəllər hər 10 dəqiqədən bir biri-birinin içindən keçir.
Heykəllərə baxanda yanımızda dayanan rusdilli turistlərə "Əli və
Nino" əsəri haqqında məlumat verən bələdçi qadının uydurduğu
yalanları eşdəndə ilk ağlımıza gələn söhbətə müdaxilə etmək
oldu:
- Əsərin sonunda Əlini Ninonun atası xəncərlə kürəyindən vurub
öldürür!
- Ay xanım, axı elə olmur, siz niyə yanlış informasiya
verirsiniz?! – deyirəm.
- Siz yalan deyirsiniz. Elə olur!
Mübahisə uzansa da qadını inandırmaq olmadı. Hiss olunurdu ki,
qadın turistlərə əlinin məhz rus əsgərləri tərəfindən öldürüldüyünü
demək istəmir.
Ümumilikdə Batuminin paytaxtımızla oxşarlığı çoxdur. Ən böyük
ortaq nöqtə hər ikisinin dənizlə əhatələnməsi və turizm əhəmiyyətli
olasıdır. Məhz bu baxımdan Bakı rəhbərliyinin Batumidən öyrənməli
olduğu çox xüsusiyyətlər var.