"Axar.az"ın Gürcüstanın yeni prezidenti Georgi
Marqvelaşvilinin andiçmə mərasimində iştirak edən əməkdaşının
Tiflisdən göndərdiyi reportajı sizə təqdim edirik.
"Noyabrın 17-si, Gürcüstan vaxtı ilə səhər saat 10-da Tiflis
küçələri adi günlərdən fərqli olaraq daha hərəkətli idi. Şəhər
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya
mərasiminə hazırlaşırdı.
Xarici və yerli jurnalistlər mərasim keçiriləcəyi parlament
binasının həyətində media üçün ayrılan yerləri tutmağa
başlayırdı.
***
Səhər saat 11-dən etibarən Mərasimdə gürcü bəstəkarlarının və
dünya klassiklərinin simfoniyaları ifa olunur. İnaqurasiyada
iştirak edənlər Prezident qvardiyası və mərasimdəki digər ordu
birləşmələrinin, gürcü silahlı qüvvələrinin döyüş bayrağı ilə
təntənəli keçidini izləyir.
Tiflis vaxtı ilə saatlar 13.00-ı göstərir və yeni prezident
mərasimin protokulunda nəzərdə tutulduğu zamanda parlamentin
həyətinə daxil olur.
II İlianın əli havada qalır
Marqvelaşvilinin bütün
hərəkətləri və addımları protokola uyğun olsa da, azacıq səhvə yol
verdi. Parlament binasına daxil olan gürcü prezident qonaqları
salamlaya-salamlaya ölkə rəhbərliyinin əyləşdiyi yerə tərəf gəlir.
İlk olaraq baş nazir və eyni zamanda özünün partiya sədri olan
Bidzina İvanişvili ilə görüşüb salamlaşır. Protokola görə isə, ilk
olaraq bütün Gürcüstanın patriarxı II İlia ilə görüşməli idi. Elə
dini rəhbər də o cür zənn etdiyi üçün əlini onlara doğru addımlayan
Marqvelaşviliyə doğru uzadır. Marqvelaşvilinin əlini baş nazirə
doğru uzatdığını görən II İlia, əlini yavaşca aşağı salır.
Marqvelaşvili daha sonra Gürcüstanın ali dini liderini salamlayır
və əlini öpmək üçün onun qarşısında lazım olduğundan da artıq
əyilir. Yeni prezidentin bu hərəkətini az öncəki yanlışını başa
düşməsi kimi də qiymətləndirmək olar. (Bax: Video)
Az sonra Marqvelaşvili and içəcəyi yerə gəlir və gürcü
qanunvericiliyinə görə and içir:
"Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına
əməl edəcəyimə and içirəm və əlimdən gələn hər şeyi öz ölkəmin
birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm".
Prezident and içdikdən sonra Gürcüstanın himni səslənir.
Marqvelaşvili döyüş bayrağı ilə keçirilən keçidi qəbul edərək, Ali
Baş komandanın öhdəliklərini də öz üzərinə götürür.
İvanişvili Rövnəq Abdullayevi arxadan
çağırır
Azərbaycan tərəfindən
inauqurasiya mərasimində rəsmi olaraq Baş nazir Artur Rasizadə
iştirak etsə də, ARDNŞ prezidenti Rövnəq Abdullayev də qonaqlar
arasında idi. Mərasim başa çatarkən gürcü baş naziri İvanişvili
parlament binasının çıxışına doğru addımlayan Rövnəq Abdullayevi
çağırması və yaxınlaşıb salamlaşması da diqqətimizdən
yayınmadı.
ARDNŞ Prezidenti binanı tərk etdikdən sonra parlamentin
qabağında olan baş nazir Artur Rasizadə ilə birgə yollarına davam
edir.
Bakı-Tiflis-Bakı