Artıq bir ildən çoxdur ki, Sabunçu rayon Böyükşor yaşayış
massivində Olimpiya stadionunun tikintisi ilə bağlı qızğın işlər
gedir. Bu məqsədlə ərazidə olan mindən çox fərdi yaşayış evi və
obyekt sahiblərinə kompensasiya verilməklə sökülüb. Təkcə bir evdən
başqa... İndi yolu Ziya Bünyadov prospektindən düşən hər kəs
tozlu-torpaq içərisində, bomboş ərazidə qalan tənha evə diqqətlə
baxır. Və bu zaman istər-istəməz belə bir sual yaranır: hər kəs
getdiyi halda niyə bu evə toxunmayıblar?..
Yeni tikilən Olimpiya stadionunun yaxınlığındakı Böyükşor
qəsəbəsi, 12A ünvanda yerləşən bu tənha evdə Hüseynovlar ailəsi
yaşayır. Ailə söküləcək evin müqabilində onlara veriləcək
kompensasiyanın az olmasını əsas gətirərək öz evlərini tərk
etməkdən imtina edib. Ərazidə söküntü işlərini həyata keçirən
"Azəryolservis"in əməkdaşları isə verilən kompensasiyanın yetərli
olduğunu iddia edir...
Məsələ ilə bağlı adıçəkilən ünvana baş çəkib "Olimp dağının
ətəyində" qərarlaşan tənha evin sahibi ilə görüşdük. Bir stəkan çay
içməklə onların problemlərini dinlədik.
Ev sahibi Ələkbər Hüseynov bizimlə söhbətində 1971-ci ildən
burada yaşadığını və bu evin ona atasından miras qaldığını
deyir:
"Gözümü bu evdə açmışam. Elə bu evdən də bağçaya, məktəbə və
daha sonra isə əsgərliyə getmişəm. Bir sözlə, bütün həyatım bu evlə
bağlı olub. Evin iki otağında qardaşım qalır. O, ailəli deyil. Üç
otaqda iki övladım və həyat yoldaşımla biz yaşayırıq".
Ələkbər Hüseynovun sözlərinə görə, burdan köçmək istəməmələrinin
səbəbi də evin kvadratmetrinin düzgün hesablanmaması və yaşayış
sahəsinə görə onlara verilən kompensasiyanın az olması ilə
bağlıdır:
"Evi divardan-divara deyil, sadəcə otaqların içindən ölçdülər.
Divarların eni isə bir metrdir. Bunu da ümumi ölçüyə salmırlar.
Evimiz 130 kvadratmetr olduğu halda 48 kvadratmetr ölçüblər. İcra
nümayəndəliyindən və söküntü işlərini həyata keçirən
"Azəryolservis"in əməkdaşları tərəfindən evimiz əsassız olaraq 48
kvadratmetr hesablandıqdan sonra bank hesabımıza cəmi 63 min 534
manat pul köçürülüb.
Bu məbləğə iki ailə üçün ev almaq olmaz. Mətbəxi saymırlar.
Guya, mətbəxə pul verə bilmədiklərini dedilər. Sonda dedilər ki, 63
min 534 manat sizin hesabınızdadır, gedin bankdan götürün.
Etirazımıza baxmayaraq, bizi eşitmədilər. Mən dəfələrlə
"Azəryolservis"in əməkdaşlarına dedim ki, bu pula 2 ailə üçün biz
necə ev alaq? Deyirlər, o bizim problemimiz deyil".
Ə.Hüseynovun sözlərinə görə, adıçəkilən yaşayış massivində
1700-dən çox ev olub. Ancaq onlardan az bir hissəsi qanuni tikili
olub. Evlərin böyük əksəriyyəti sonradan tikildiyi üçün onların heç
birinin sənədi olmayıb:
"Sənədləri qaydasında olmayan evlərin sahiblərinə dedilər ki,
əslində sizə pul düşmür, ancaq gəlin, hər kvadratmetrə görə verilən
1020 manatla razılaşıb çıxın, əks halda heç bir kompensasiya
ödənilməyəcək. Vaxtilə qeyri-qanuni tikilmiş evlərin sahibləri
gördülər ki, onlara verilən pul qanuni tikilən evlərə verilən pulla
eynidir. Ona görə də həmin evin sahibləri razılaşıb çıxdılar. Biz
isə razılaşmadığımız üçün bu ağır şəraitdə yaşamağa məhkum
olmuşuq".
Ev sahibinin sözlərinə görə, ərazidə söküntü aparan şirkətin
nümayəndələri onları güdürlər ki, ailə evdən çıxıb harasa gedən
kimi tikilini dağıtsınlar. Ona görə də bunu bilən Hüseynovlar
ailəsi evi bir dəqiqə də olsun sahibsiz qoymurlar. Elə buna görə də
9 aydır işləmədiyini deyən Ələkbər Hüseynov hazırda maddi
durumlarının da yaxşı olmadığını söylədi: "Əvvəllər fəhləliklə də
olsa, ailəmi dolandırırdım. İndi evin sökülmə təhlükəsinə görə 9
aydır heç yerdə işləmirəm. Maddi durumumuz olduqca ağırdır.
Qohumların, yaxınlarımın verdiyi borc pul hesabına yaşayırıq. Belə
ədalətsizlik, belə zülm olmaz axı. Qazsız, işıqsız, susuz
toz-torpaq içərisində bu ağır şəraitdə yaşamaq olar? Səhərə qədər
işləyən maşınların səsindən yatmaq da olmur. Məni nəzərə almırlar,
heç olmasa bu iki məktəblini nəzərə alsınlar".
Ailə başçısının sözlərinə görə, 2013-cü ilin may ayında başlayan
söküntü işlərindən sonra iyun ayından etibarən evin qazı, işıq və
su xətləri kəsilib. Axşamlar evi işıqlandırmaq üçün generatordan
istifadə edən ailə suyu və qazı isə pulla almaq zorundadır:
"Artıq bir neçə aydır ki, bu şəraitdə yaşayırıq. Qaz, işıq və su
xətləri kəsilib. Axşamlar evi işıqlandırmaq üçün generatordan
istifadə edirəm. Yemək bişirmək, çay qaynatmaq üçün isə qaz
balonundan istifadə edirik. Suyu da pulla alırıq. Mən dövlətdən
artıq heç nə istəmirəm, öz halal haqqımı tələb edirəm. Məsələ ilə
bağlı dəfələrlə Prezident Administrasiyasına müraciət etmişəm,
ancaq baxan yoxdur. Mən mətbuat vasitəsi ilə ölkə başçısı cənab
İlham Əliyevdən, birinci xanım Mehriban xanım Əliyevadan, səsimi
eşidən hər kəsdən və ən əsası Allahımdan kömək istəyirəm. İnanıram
ki, etdiyim müraciətlərin heç biri ölkə başçısına çatmır. Əgər
mənim müraciətlərim prezidentimizə çatsaydı, indi mən burda, bu
çətin şəraitdə yaşamağa məhkum olmazdım. Prezident dəfələrlə
çıxışında deyib ki, evləri sökülən vətəndaşlar razı salınsın.
Sökülən evlərin hər kvadratmetrinə 1500 manat ayrılması və sahəsi
az olan evlərin sahiblərinə yaşayış vəziyyətləri nəzərə alınaraq
Prezidentin Ehtiyat Fondundan 20 faiz əlavə yardımın verilməsi
tapşırığını verib. Amma bütün bunlara baxmayaraq, problemimizi həll
edən yoxdur. Prezident 1500 manat dediyi halda bunlar 1020 manat
pul təklif edirlər. Bundan əlavə düzgün hesablama da aparılmır.
Bayaq dediyim kimi, mənim evim 130 kvadratmetr olduğu halda cəmi 48
kvadratmetr hesablayırlar".
Ancaq bütün çətinliklərə baxmayaraq, aylardır ağır durumda
yaşayan ailə bir gün haqq-ədalətin bərpa olunacağına, məsələnin
ölkə başçısına çatdırılacağına, qanunla onlara düşən kompensasiyanı
ala biləcəklərinə inanır:
"İnanıram ki, bir gün ədalət öz yerini tapacaq. Və mən inanıram
ki, ölkə başçısı bu məsələdən xəbər tutan kimi bizə kömək edəcək.
Ancaq zor gücünə heç kim məni öz evimdən, ata mülkümdən çıxara
bilməz. Gəlib evi başımıza uçursalar da, haqqımızı almayana qədər
heç yerə çıxan deyilik. Çox bezdirəcəklər, özümü yandıracam və buna
görə də bizə zülm edən şəxslər ədalət məhkəməsi və Allah qarşısında
cavab verməli olacaqlar..."