Adətən xarici ölkədən fərqli olaraq bizdə qadınların sürücülük
etməsi heç də normal qəbul olunmur və elə də çox rast gəlinmir.
Bəzən də qadına xas olmayan peşə ilə məşğul olan xanımlarımızı
görəndə ona təəccüblə baxırıq. Bəzilərimiz isə heç tanımadan,
haqqında heç nə bilmədən qarasınca danışırıq. Ancaq elə peşələr var
ki, sözün əsl mənasında qadınların "ifa"sında qəribə görünür.
Məsələn, taksi sürücülüyü. Hər halda, o qədər də alışdığımız durum
deyil.
45 yaşlı taksi sürücüsü Zərdanə xanımı Cəza Çəkmə
Müəssisələrinin birinin qarşısında müştəri yolu gözlərkən gördüm.
İlgimi çəkdi, yaxınlaşıb taksiyə əyləşdim və gedəcəyimiz ünvanı
dedim.
Özü də təəccübləndiyimi hiss etdi və mənimlə qız-qıza
dərdləşməyə başladı. "07" markalı maşının sükanında qadın sürücünün
olması adamda daha da maraq və həvəs oyadır. Amma Zərdanə xanım
bütün "07" sürücüləri kimi heç də xoşbəxt adama bənzəmir. Saçları
pırtlaşıq, əlləri qırış-qırış, qapqara, uzun dırnaqları toz və
çirklə dolu, üzü də əlləri kimi qaradır. Əynindəki paltarlar isə
sürdüyü maşın kimi illərin nimdaşı. Dərhal çox səliqəsiz və özünə
baxmayan bir xanım təəssüratı yaradır. Bütün davranışlarından hiss
olunur ki, Zəriş maşın həvəskarıdır, yəni "avtoş"dur. Özü də
mənimlə söhbət etdiyi zaman etiraf edir ki, "bu, qadın işi deyil",
ancaq naşükürlük də etmir:
"Şükür, bu təkərlər məni çörəyə çatdırır. Bu, təkərlərin
sayəsində balalarımı firavan dolandıra bilirəm".
Neçə ildir sükan arxasında olduğunu, niyə məhz bu peşəni
seçdiyini soruşuram.
Məcburam
- Əslən Maştağa əhlindənəm, on iki yaşımdan maşın sürməyi
öyrənmişəm. O vaxt atam məni oğlan kimi böyüdürdü, elə ondan
öyrənmişdim maşın sürməyi. Otuz üç ildir sürücüyəm, ancaq
taksiçiliklə iki ildir məşğulam. Əslində, bu peşəni istəyərək
seçməmişəm. Bəzən utanıram taksi sürücüsü işlədiyim üçün. Amma elə
bir ölkədə yaşayırıq ki, məcburam işləyəm, başqa əlacım yoxdur.
Uşaqların ehtiyaclarını ödəmək üçün bu işi seçmişəm, həm də uşaq
vaxtından maşın sürməyin həvəskarı olmuşam. Ancaq məcburiyyət
qarşısında qalıb həm çörək pulumu qazanıram, həm də bu türmənin
qapısından gələn-gedəni yolda qoymayıb taksiçilik edirəm. Az da
olsa, çox da olsa, balalarımı saxlayıram.
Hər kəs öz həyatını yaşayır
- Sürücülük etdiyinizə görə qınayan olmur?
- Olub. Anacaq heç kəsə fikir verməmişəm, çünki mən ac qalanda
heç kəs mənə bir tikə çörək verməyib. Hər kəs öz həyatını yaşayır.
Həm də mən hazırda Maştağada yox, Kürdəxanıda yaşayıram.
Yadımdan çıxartmamışdım maşın sürməyi
O özünü sözün əsil mənasında sürücü hesab
edir:
- Həmişə sükan arxasında rahat olmuşam. Ancaq ailə qurandan
sonra həyat yoldaşım icazə vermədi sürməyə. Sonra taleyin işi yenə
hərlədib-fırlatdı, mənə sürücülüyü nəsib etdi.
Susur, elə bil əzizi kimi sükana
sarılır.
Qara günlər məni həbs etdi
- İki qızım var, həyat yoldaşım isə dünyasını dəyişib. Heç
rəhmətlik sağ olanda da günüm yaxşı deyildi. Çox keşməkeşli həyat
yaşamışam. Ailə qurandan sonra da üzüm gülmədi, ağ gün məndən uzaq
oldu, qara günlər isə ömrümə yazılaraq məni dustaq kimi həbs etdi.
Yalnız iki qızım məni xoşbəxt edır. Məni yaşadan həm də bu
maşındır, bəlkə də bu olmasaydı, küçələrdə sərgəndar qalardım. Elə
günlərim olub ki, həftələrlə çörək tapmamışıq yeməyə, kiflənmiş
çörək yemişik. Ancaq indi Allah ruzimi verir…
Həyat yoldaşım elə maşınımdır
- Bəs, nə yaxşı ərə getmədiniz?
- İstəmədim, düzü sevməmişdim həyat yoldaşımı, ancaq istəmədim
kimsə balalarıma atalıq etsin və onun yerini doldursun. Həyat
yoldaşım elə maşınımdır, çünki hər zaman yanımdadır.
Söhbət etdikcə gözlərindən yaş muncuq tək gilə-gilə
köynəyinə düşür. Bir əli ilə sükanı sıxaraq elə bil acığını və
yaşadığı pis günlərin acısını sükandan çıxır. Yenə də əzizi
kimi…
Zabratlı dindar bir şəxs verib
- Maşın özünüzündür?
- Yox... Bundan əvvəlki maşınım "06" idi, onu sürücü yoldaşım,
əslən zabratlı dindar bir şəxs verib. Sonra bu maşını qızım sosial
şəbəkədə görüb mənə demişdi. O birini satıb, bir az pul topladım,
bunu aldıq. Bu da ruzili maşındır, heç vaxt məni darda
qoymayıb.
O, bəzi kişilər kimi qadından istifadə edən
deyil
- Bəs nə yaxşı bir sürücü tanış sizə maşın hədiyyə
etdi?
- Mən onu taksi sürücüsü kimi tanımışdım. Sonra təmiz adam
olduğuna əmin olub vəziyyətmi danışmışdım. O da mənim acı taleyimə
pis olduğuna görə maşın hədiyyə etdi. Özüm də görürdüm ki, o insan
bəzi kişilər kimi qadından istifadə edən deyil. Hələ bu günə kimi
də əlaqələrimiz var. O da taksiçiliklə məşğuldur. Tək mən deyiləm,
çox adama əl tutub. Özü də ara-bir mən dayandığım yerə gəlir, orada
dayanır.
- Yalnız türmənin qarşısında taksiçilik
edirsiniz?
- Elə orada dayanıram. Çünki ordakı sürücü yoldaşlarımla
bir-birimizi tanıyırıq, çox vaxt onlar öz müştərilərini mənə
verirlər. Mənə çox hörmət edirlər, o yer mənə daha doğmadır.
Bir-birimizə üzümüz-gözümüz öyrəşib
- Bəs onlar qınamır sizi?
- Təzə-təzə gələndə bir az birtəhər baxırdılar.
İndi isə tam fərqlidir, bir-birimizə üzümüz-gözümüz öyrəşib. Artıq
oradan kənarda işləmək də istəmirəm, həm evimə ə yaxındır.
Allah rızası üçün yaxşılığımı edirəm
Xanım sürücü məhərrəmlik vaxtı türmədəki müştərilərini
pulsuz aparmağından da danışır:
- Məhərrəmlik vaxtı türməyə gəlib-gedənlərə yardım edirəm. Çünki
o vaxt vəziyyətim pis olanda niyyət etmişdim ki, imkanım olsun,
bacardığım qədər hər kəsə kömək edəcəyəm. İndi hər il matəm ayında
heç kəsdən pul almıram, pulsuz fəaliyyət göstərirəm. Hətta bəzən
sürücü yoldaşlarım mənim bu hərəkətimə görə məni qınayırlar.
Arxadan biri qayışı boğazıma atdı
- Adətən, sürücülərimizin həyatı tez-tez təhlükədə
olur…
- Olub, o qədər olub ki... Hamı elə bilir sürücülük asan
peşədir. O qədər təhlükəli hadisələrlə üz-üzə qalmışam! Allah elə
bil məni özü qoruyub. Düzünü deyim, həmişə özümü qorumaq üçün
üstümdə soyuq silah gəzdirirəm. Deməli, bir dəfə qış aylarıdır,
dəhşət soyuqdur, qaranlıq da düşüb. Yolun qırağında dayanmışam, 3-4
cavan oğlan maşına oturub bunları dəniz kənarına aparmağımı istədi.
Dənizə çatmışdım ki, arxadan biri qayışı boğazıma atıb məni boğmaq
istədi. Arifə bir işarə lazımdır, necə deyərlər, mən də bunlara
dedim ki, mənə əl vurmayın, ancaq üstümdə nə varsa, lap maşını da
verəcəyəm. Bunların əllərindən çıxmaq üçün deyirdim. Qayışı
boğazımdan buraxandan sonra əlimi atıb maşını kilidlədim və bıçağı
çıxardıb yanımdakı oğlanın boğazına dirədim. Uzaqdan maşın işığı
göründü, elə bil məndə arxayınlıq yarandı, qapıları açıb bunları
düşürtmüşəm. Bir neçə gün özümə gəlməmişəm. O hadisədən sona
gecələr işləmirəm daha.
Bu, səkkizinci maşınımdır
Söhbəti dəyişir:
- Mən maşın həvəskarıyam, bu da səkkizinci maşınımdır. Sürətlə
sürməyi də çox sevirəm. Yalnız bir mahnıya qulaq asıram sürətlə
sürəndə. O da Faiq Ağayevin "Kim arar səni, kim arar" mahnısıdı.
(Həmin mahnını qoşur, yüksək səslə mənə də qulaq asdırır. -
G.K.)
Dəvədəlləyi kimi səhnədə özlərinə əl
qatırlar
- Ancaq indiki müğənnilərə elə də qulaq asa bilmirəm. Hərəsi
əlinə bir mikrofon alıb, düşür səhnənin canına ki, mən xoş
gəlmişəm, səsim yoxdur, ancaq guruldayıb oxumalıyam. O dövrlər
getdi e. Firuzə İbadova, Şövkət Ələkbərova, Sara Qədimova, heç
onların səsinə çatan səs var indi? Dəvədəlləyi kimi səhnədə
özlərinə əl qatırlar. Bu gün səhnəyə çıxır, səhər fonoqramın
hesabına populyarlaşır.
Yaman tez-tez darıxıram
- Bəzən yaman tez-tez darıxıram. Əlimi tez krossvorda atıram, o
krossvord olmasa, ürəyim partlayar. Yaxşı ki, darıxmağımı ağlımdan
çəkib aparır. Fikrim çoxdur, dərdimi bununla aldadıram, qadan alım.
Mən də hamı kimi istəmişəm ki, evimin xanımı olum, bir qazan
küftə-bozbaşımı bişirim. Əsil xanım xanım olmalıdır. Qismət
deyilmiş də. Mənə də ancaq əzab-əziyyət yazıldı.
Zəriş xanım mahnıya qulaq asır, mənim diqqətimi isə siqaret
kötüyü ilə dolu külqabı çəkir...