Bakının əksər yerlərində,
xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında əxlaqsızlıq
yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu
barədə mediada dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar
"masaj salonları"nın fəaliyyətinin heç də "axsamasına" səbəb
olmayıb. Əksinə, onların sayı getdikcə artır, mühafizə sistemi
gücləndirilir, təhlükəsizlik kameralarının sayı isə
çoxalır...
Məsələnin ən ağrılı və kədərli yeri odur ki, bu tip obyektlər
Bakının ən mərkəzi küçələrində, özü də yaşayış binalarının altında
yerləşir.
"Masaj salonu" adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq
yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər riskli
olsa da, AzNews.az-ın əməkdaşları buna cəhd
edib...
"Sabina"da "Relax"
Şəhərin mərkəzində fəaliyyət göstərən "Sabina" və "Relax"
məkanlarında şahidi olduqlarımız göstərdi ki, günün istənilən
saatında açıq-aşkar, qanuna heç bir məhəl qoyulmadan işlədilən bu
"yuvalar" həm də yetərincə səlahiyyət sahibi olan şəxslər
tərəfindən himayə edilir. Əgər belə olmasaydı, günün günorta çağı
kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etməsinə nəinki
icazə verilməzdi, hətta həmin şəxslər dərhal dəmir barmaqlıqlara
atılardı.
Siqaret tüstüsündə "görünməz olan" 16 yaşlı fahişə, 50
manat...
Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da
getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə "Sabina" "masaj
salonu"na enirik. Yaşı 16-dan 40-a kimi olan fahişələr foyedə
siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər.
Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə
girməyə" çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət
çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir
"masaj" seansının qiyməti 50 manatdır. Burada "çalışanların"
dediyinə görə, həmin pulun 25 manatı onların özünə, yarısı isə
buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə
vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə "masaj
olunmaq" üçün yenidən eyni məkana gəlsin. Yəni həmin "masajçı"nı
harasa dəvət etməsin. Burda hansısa fahişəylə həmsöhbət olmaq
əvvəldə də qeyd etdiyimiz kimi yetərincə təhlükəli olsa da, cəhd
edirik...
"Gündə 20, bəzən 30 nəfərlə münasibətdə
oluram"
Azərbaycanın bölgələrinin birindən olan 22 yaşlı Ayşə (ad
şərtidir-red) deyir ki, üç ildir bu məkanda "işləyir". Gündəlik
qazancının 100-150 manat civarında olduğunu söyləyən həmsöhbətimin
bildirdiyinə görə, gün ərzində 10-15 müştəriyə "xidmət göstərir":
"Əslində, müştəridən aldığımız 50 manatın yarısı bizə çatmalıdır.
Amma bir də görürsən ki, həmin puldan bizə 10-15 manat çatır. Elə
gün olur ki, 20, bəzən 30 nəfərlə əlaqədə oluruq. Rayonda isə elə
bilirlər ki, burda başqa işdə işləyirəm. 17 yaşımda ailə qurmuşam,
bir il sonra boşanmışam. 19 yaşımdan isə Bakıdayam".
Fahişəxanadakı "dəmir qanunlar"
Öyrənirik ki, rəhbərlik "masajçı"lara müştərilərin xeyrinə olan
şərt də qoyub: "Müştəri burdan narazı getməməlidir. Əgər hansısa
müştərinin narazı olduğu buranı işlədənin qulağına çatsa, həmin gün
məni qovar".
"Masaj salonları"nda göstərilən
xidmətlər...
"Sabina"dan ayrılıb çox da uzaqda yerləşməyən "Relax"a giririk.
Burda da təxminən eyni mənzərədir. Damağı siqaretli qadınlar,
"masaj"a gələn kişilər, qiymət razılaşmaları, bir də fonda eşidilən
musiqi səsi...
"Masaj salonu"nuna növbəti müştəri gələn kimi qızların "maması"
onlara yaxınlaşır, salam verir, yer göstərir və bundan sonra
"masajçılar" arasında seçim etmək üçün ona vaxt verir. Müştəri
həmin müddətdə bardan çay, qəhvə və ya hər hansı sərinləşdirici,
yaxud da spirtli içki alıb, nuş edə bilər. O, yarıçılpaq olan
xanımlardan birini seçib, "masaj otağına" aparır. Balaca, natəmiz
otağa girməmişdən öncə müştərilərin duş almaq imkanı yaradılır.
Burada xidmət göstərənlərin dediklərindən belə məlum olur ki,
"masaj prosesi" çox vaxt cəmi 5 dəqiqə çəkir. Əlavə vaxt itirənlər
müdiriyyətin tənəsinə tuş gələ bilər...
Bu fahişəxanaların əsas müştəriləri...
Gördüklərimizdən və "masajçılar"ın dediklərindən belə məlum olur
ki, bu obyektlərin əsas müştəriləri yeniyetmələr və ahıl
kişilərdir: "Əli heç yerə çatmayanlar bura gəlir... Bir də görürsən
evsiz, eşiksiz, dilənçiliklə pul qazanan biri girdi içəri. Amma
əsas müştərilərimiz uşaqlardır. Evdən pul oğurlayan kimi cumurlar
bura. Hələ burdan ucuz yerlər də var, ora daha çox gedirlər".
Masajxana-fahişəxanaların xeyiri və
ziyanı...
Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış
fahişəxanaların olması lazımdır, bəlkə də mütləqdir... İnsanlar
fiziki ehtiyaclarını hansısa "masaj salon"larında, üzərində "otel"
yazılmış "quşxanalarda" ödəməməlidir.
Ölkədə fahişəliyin leqallaşması ilə bağlı məsələ məlum və bəlkə
də başadüşülən səbəblərdən yubanır. Amma əvəzində paytaxtda daha
eybəcər bir mənzərə yaranıb. Kitab dükanlarının, əyləncə
mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə, avtomobillərin
belə yığışdırıldığı mərkəzi küçələrdə insanlara ucuz "masaj" təklif
olunur. Gecə yarı bu obyektlərdə hansı oyunlardan çıxarıldığını
yəqin, sakinlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları
da görür. Bəs niyə bunun qarşısı alınmır? Bu obyektlər hansı qanun
əsasında fəaliyyət göstərir və yaxud da onların fəaliyyəti nəylə
tənzimlənir? Axı bununla bağlı bir QANUN yoxdur. Bundan əlavə,
"masaj salonları"nda insanların sağlamlığı, təhlükəsizliyi necə
qorunur?.. Sual bununla da bitmir. Əsas sual - bundan əvvəlki
sualların cavabı isə bu sualla müəyyən olunmalıdır: Görəsən,
əxlaqın və qanunun pula təslim olunduğu, bu məkanların sahibləri
kimlərdir?