İçərişəhərdə yerləşən Aşurbəy məscidində və Badamdardakı
sələfi ibadət evlərində keçirilən əməliyyatdan sonra Qaraçuxur
məscidi hədəfə gəlib.
Adıçəkilən qəsəbədə yerləşən və vəhabilərin ibadət yeri kimi
tanınan məscidə xəbərdarlıq edildiyi və qısa zaman sonra
yoxlamaların başlayacağı ilə bağlı xəbərlər yayılır.
Redaksiyamıza qəsəbədən gələn məlumatda o da deyilir ki, həmin
qəsəbədə vəhabilərin böyük biznes obyektləri də var.
Məsələ ilə bağlı Axar.az-ın əməkdaşı Qaraçuxur qəsəbinə yollanıb
və məsələni yerində araşdırıb.
Qəsəbənin girişində yerləşən məscidin ətrafında çoxlu sayda dini
mağazalar var. Mağazaların adlarına və içəridə çalışanların
qiyafələrinə baxanda, onların sələfilərə aid olduğu aydın olur. Bu
məzhəbdən olanlara aid dini mağazalarla bərabər, müxtəlif restoran
və iaşə obyektləri də məscidin yanında yerləşir.
Restoranın sahibi
Restorana girib jurnalist olduğumuzu və bir qədər söhbət etmək
istədiyimizi deyirik. Ofisiant kimi çalışan uzun saqqalı gənc
özünün jurnalistlərlə söhbət etməsinin düzgün olmadığını və bizi
restoran sahibinin yanına aparmaq istədiyini deyir. Razılaşdıqdan
sonra bir nəfərlə görüşürük. Bir qədər sonra aydın olur ki, bu şəxs
də əslində restoranın sahibi deyil və o da jurnalistlərlə danışa
bilməz.
Burdakıların hamısı qardaşlarındır
Restorandan çıxıb yaxınlıqdakı mağazaya giririk. Sələfi
məzhəbindən olan satıcı onlara qarşı təzyiq olduğunu və bu səbəbə
görə məscidin ətrafında toplaşdıqlarını deyir:
"Hər yerdə sıxışdırırlar. Dövləti demirəm, insanlar sıxışdırır.
Dövlətin nəzarəti normaldır. Ancaq başqaları da bizə əngəl olur.
Buna görə də əsasən məscidin yanında özümüzə yer açırıq. Buradakı
obyektlərin hamısı qardaşlarındır. Pis-yaxşı, dolanırıq".
Şam namazından sonra sükut
Bir qədər sonra "şam" namazı başlayır. "Qardaşlar" 3-4 nəfərlik
dəstələrlə məscidə tərəf gəlir. Sələfilərdən birinin təkidindən
sonra məscidə keçirik.
Onu deyək ki, camaat namazını qıldıran imam ibadət bitdikdən
sonra heç bir mövzuda söhbət açmır və səssiz-səmirsiz çölə çıxır.
Bundan sonra hamı sakitcə dağılışır.
Məscidin girişində şiələrlə dava
Məsciddə əsasən sələfilər namaz qılsa da, şiə etiqadından olan
insanlar da bura namaza gəlir. Məsciddə şiə etiqadından olanlara
rastlaşmasaq da, söhbət etdiyimiz sələfilərdən biri deyir ki, bu,
Qafqaz Müsəlmanları İdarəsinin göstərişi ilə bağlıdır.
Orta yaşlı sələfi deyir ki, əvvəllər məscidə kütləvi halda gələn
şiələrlə qarşıdurmalar olurdu və bir müddət öncə bu dava da həll
olunub:
"Onlar məsciddə ayrıca namaz qılır, sonra isə onlar çıxır, biz
içəri keçib namaz qılırıq. Nə qədər çox gəlirlərsə, əlhəmdülillah,
bizə çatmazlar. Allah hamısını islah etsin".
3-5 günə bu məscidi də bağlayarlar
Məsciddə aparılan yoxlamalar barədə söhbətləşdiyimiz sələfi
"qardaşlar" Qaraçuxur məscidinin də gec–tez bağlanacağını
deyir:
"Əvvələr toplaşdığımız məscidlərin hamısı bir-bir bağlanıb.
Əbu-Bəkr məscidindən sonra toplaşmaq da çətinləşib. O gün də
Aşurbəy məscidində əməliyyat keçiriblər. Ora bağlansa, yəqin 3-5
günə buranı da bağlayarlar".
İçi mən qarışıq, polislər bizi haqqına
tutur
Məscidin yan-yörəsində yerləşən ticarət obyektləri ilə bağlı
söhbətləşdiyimiz vəhabilərdən biri deyir ki, küçə ticarəti ilə
məşğul olduğu üçün onun özünü də bir neçə dəfə polis bölməsinə
aparıblar:
"Bu mağazalardakı qardaşlar hamısı ailəsinə çörək qazanmaq
istəyir. Gücü çatan dükan açır, çatmayan da mənim kimi burda küçə
ticarəti ilə məşğul olur. Dövlətin qanunu var. Küçədə ticarət
olmaz. Elə içi mən qarışıq, polis bizi haqqına tutur. İmkanım olsa,
küçə alveri ilə məşğul olmaram. Bir neçə dəfə tutub aparıblar
bölməyə, xəbərdarlıq edib buraxıblar. Düzdür, mən ancaq namaz
saatlarında, qardaşlar məsciddən çıxanda alver edirəm. Namazdan
çıxanlar gedən kimi də yığışdırıram. Ancaq adam da var ki,
səhərdən-axşama qədər küçədə alver etmək istəyir. Olmaz axı,
dövlətin də qanunu var".
Beləcə, reportajımızı başa çatdırırıq. Allah hər kəsi islah
etsin, inşallah.