Kürün iki hissəyə ayırdığı Mingəçevirdə sakinlər təmiz
suyun həsrətini çəkir. Şəhərin "Energetiklər" (Az DRES) qəsəbəsinin
sakinləri Axar.az-a ünvanladıqları şikayətdə uzun illərdir bu
problemdən əziyyət çəkdiklərini deyiblər:
"Mingəçevirdə yaşayanlar heç vaxt su qıtlığından əziyyət
çəkməyiblər. Bir çox bölgələrindən fərqli olaraq, bizdə bütün günü
mənzillərə təzyiqlə su gəlir. Ancaq bu suyun təmizlənməməsi bizim
ömrümüzü azaldır. Kür suyu təmizlənmədən birbaşa kanaldan
götürülərək evlərə verilir. Hansı ki, həmin çaya kanalizasiya
suları da birbaşa axıdılır. Biz istifadəyə yaramayan suyu içmək
məcburiyyətindəyik".
Sakinlər eyni zamanda uzun illərdir istifadə edilən su boruları
və kanalizasiya xətlərinin sıradan çıxdığını bildiriblər. Bu
səbəbdən də mənzillərə verilən suyun təzyiqi xeyli azalıb, qəzalar
adət halı alıb.
Kanalın suyu birbaşa evlərə verilir
"Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin
sədri Çingiz Nəzərov da sakinlərin fikirlərini təsdiq edərək
qəsəbəyə suyun Yuxarı Qarabağ kanalından götürülərək təmizlənmədən
evlərə verildiyini deyib:
"Şəhərin mərkəzi hissəsinə verilən su Mingəçevir su anbarından
30-40 metr dərinlikdən götürülür və bütün təmizləmə proseslərindən
keçərək sakinlərə paylanır. Bu sistem 1953-55-ci illərdə qurulub və
hələ də istifadə edilir. Lakin "Enetgetiklər" qəsəbəsinə verilən su
elə də dərin olmayan kanaldan götürülür və birbaşa sakinlərə
ötürülür. Bu da onların səhhətində ciddi fəsadlara yol açır".
Çirkli su, köhnə borular...
İçməli suyun anbarlarda yığılmasını vacib sayan ekoloq burada
suyun çökdüyünü və özü-özünü müəyyən qədər təmizlədiyini bildirib.
Onun fikrincə, məişətdə istifadə üçün nəzərdə tutulan su
dərinlikdən götürülməlidir:
"Eyni zamanda caya axıdılan tullantı sular da müəyyən təmizləmə
mərhələsindən keçməlidir. Hazırda istifadə edilən borular da 30 ilə
yaxındır quraşdırılıb. Təbii ki, onlar da korroziyaya uğrayıblar.
Bütün bunlar sakinlərin içməli su problemini bir az da
dərinləşdirib".
Ç.Nəzərov hazırda Mingəçevirdə su və kalaziyasiya xətlərinin
yenilənməsi ilə bağlı işlər aparıldığını da qeyd edib.
Layihə hazırlandı, ancaq pul verən olmadı
Qeyd edək ki, 90-cı illərin əvvəllərində şəhərin su-kanalizasiya
sisteminin yenidən qurulması üçün dəyəri 1 milyon manat olan layihə
hazırlanıb. Onun yarı hissəsini "Azərenerji" ASC, qalanını isə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ödəməli idi. Lakin maliyyə
ayrılmadığından layihə arxivə atılıb. Nəhayət, 2011-ci ilin
oktyabrında "Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi"nə başlanııb.
"Sistem yenidən qurulur"
Problemə aydınlıq gətirən "Azərsu" ASC-nin mətbuat xidmətinin
rəhbəri Anar Cəbrayıllı hazırda layihənin icrasının davam
etdirilidiyini deyib:
"Mingəçevir su-kanalizasiya sistemi dövlət büdcəsi hesabına
yenilənən 11 regiondan biridir. Burada sistemin yenilənməsi davam
edir. Şəhərin su təchizatını tam təmin etmək üçün 3 yeni su anbarı
qurulub. Əhalinin içməli su və kanalizasiya xidməti ilə tam təmin
etmək üçün sistem yenidən qurulur".
Onu da deyək ki, adıçəkilən layihədə şəhərdə əhali artımının
2035-ci ilə qədər inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20
min kubmetr olan ultrasüzgəcli təmizləyici qurğu, şəhərin özüaxımlı
rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su
anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı su
şəbəkəsinin inşası nəzərdə tutulub. Eyni zamanda çirkab suların
toplanması üçün ümumi uzunluğu 223 km-ə qədər olan kanalizasiya
şəbəkəsi, 3 ədəd kanalizasiya nasos stansiyasının tikintisi
planlaşdırılıb.