Əhmədlidə, Sarayevo küçəsindəki diaqnostika mərkəzinin
yaxınlığında bir təndirxana var: "Fatmeyi-Zəhra
təndiri".
Burada təkcə çörək bişirilmir. Qapının ağzındakı tanıtım
löhvəsində yazılıb: "peraşki, qril, qutab..."
İçəri keçirəm, iki qadın çörək bişirməklə məşğuldur. Qadınlardan
biri – Cəmilə xanım "başıbağlıdır". O, iri bir teştin içində xəmir
yoğurur və dodağının altında dua oxuyurmuş kimi yavaşcadan nə isə
pıçıldayır. Fikir verirəm, səliqəlidir, işini də çox gözəl görür.
Digər qadın isə Qax rayonundandır. "Başıbağlı" olmasa da,
örpəklidir. Yaylığının altından yelçək bağlayıb ki, saçları qırılıb
xəmirə qarışmasın. Adını soruşuram, demir. Onun işi hazır acıtmalı
xəmiri kündələmək və kündəni təndirə yapmaqdır.
Bura gələn müştərilərin əksəriyyəti qadınlardır. Hiss olunur ki,
daimi müştərilərdir, səmimi salamlaşır, hal-əhval tuturlar.
MÜŞTƏRİMİZ ÇOX OLSA MAAŞIMIZ ARTAR
Cəmiləni söhbətə çəkirəm, şəklini çəkirəm, işləri ilə
maraqlanıram.
- Niyə axı bu təndirin adını belə qoymusuz, daha çox müştəri
toplamaq üçün?
- Məşədixanım buranı icarəyə götürəndən sonra adını belə
yazdırdı. Burda halal çörək bişir.
İşlərini tərifləyir. Dolanışıqdan gileylənir, amma şükür etməyi
də unutmur:
- Buna da şükür, işləyirik. Ailəyə köməkdir, əgər
müştərilərimizin sayı çox olsa, bir neçə kafe və toy evləri ilə
əlaqəmiz olsa, daha çox çörək satarıq, maaşımız daha çox olar.
Məhəbbət xanım başıbağlı olmasa da, dindar xanımdır. İndi burda
yoxdur, rayona gedib, yoxsa o sizə daha çox məlumat verərdi.
NAXÇIVANDA YAŞAMAQ ÇƏTİNDİR
Maaşları ilə maraqlanıram, eləcə, "az da olsa, bərəkətlidir", -
deyirlər.
Cəmilə xanım Şərurdan olduğunu deyir:
- Naxçıvanda yaşamaq çətindir. İş yeri yoxdur. Dolanışıq üçün
hamı Türkiyəyə gedir. Mənim yoldaşım Bakıda işləyir, deyə biz
burdayıq. Burda əlavə xərclər olmasa, maaşımız daha çox olar. Bütün
təşkilatlar gəlir, gedir...
- Gəlib nə deyirlər ki..?
- Bizimlə danışmırlar. Məşədixanım yola salır onları. Sonra da
deyir ki, bunlar olmasa maaşınızı artırardım.
ACIXƏMRƏ
- Yəqin, bura dindarlar gəlir, əsasən, hə?
- Kim gəlir, gəlsin, biz çörəyimizi təmiz bişiririk. Çəkisi 500
qram, qiyməti isə 40 qəpikdir. Xəmiri yoğurduqdan sonra acıdırıq.
Özü də drojdan az istifadə edirik. Acıtmamız olur, ən azından
dədə-baba yolu ilə, nənələrimizin bişirdiyi kimi bişiririk. Bəzən
təndiri odunla qalayırıq. Onda çörək daha dadlı olur...
İşləriniz avand, təndiriniz isti olsun...