Bakı məscidləri içində adı mediada tez-tez hallanan 2-3
ibadət yerindən biri də "Ləzgi məscidi" kimi tanınan Aşurbəy
məscididir. Bu ibadət yerinin adının son vaxtlar tez-tez
hallanmasının bir səbəbi də iyunun 21-də Daxili İşlər və Milli
Təhlükəsizlik nazirliklərinin məsciddə birgə əməliyyat
keçirməsidir.
Güc strukturlarının keçirdiyi əməliyyatdan sonra məsciddə
vəziyyəti öyrənmək üçün Axar.az-ın əməkdaşı İçərişəhərdə yerləşən
tarixi məscidə yollanıb.
Say azalıb
Güc nazirliklərinin birgə əməliyyatından sonra Ləzgi məscidinə
gələnlərin sayı azalıb. Ancaq havanın isti olmasını nəzərə alsaq,
Aşurbəy məscidində namaz qılanların sayı elə də az deyil. Günorta
ibadətini başa vurub məsciddən çıxanlarla danışdıq. Çəkilişə icazə
verməyən sələfilərlə söhbət etməyi razılaşdırdıq. Dediklərinə görə,
ibadət etmələrinə heç kim mane olmasa da, cümə günləri xeyli
çətinlik çəkirlər:
Cümə
basırığı
"Bizim ibadətimizə mane olan yoxdur. Ancaq cümə namazında xeyli
əziyyət çəkirik. Gəlin, öz gözlərinizlə görün. Cüməyə gələn çox
olur deyə, məscidə sığışmırıq. Məscidin qapısında namaz
qılamağımıza isə imkan vermirlər".
Cümə günü ibadətlərinə mane olunduğunu deyən sələfi onu da
bildirdi ki, onların ibadət etməkdən başqa bir işləri yoxdur. Heç
bir başqa cərəyana-filan qoşulmurlar:
"Biz yazıq axı nə etmişik? Sakitcə namazımızı qılıb evimizə,
işimizə gedirik. Dövlətin ziddinə olan heç bir işlə məşğul deyilik.
Namazımızı qılıb sakitcə dağılışırıq. Amma yenə də imkan
vermirlər".
Ləzgi Aşurbəy
Məscidin divarları üzərindəki kitabəyə görə, onu 1169-cu ildə
(hicri təqvimi ilə 567-ci ildə) ustad Aşur İbrahim oğlu tikib.
Məscidinin adının Aşurbəy olması da onu inşa edən həmin şəxsin adı
ilə bağlıdır. Ləzgi məscidi olaraq tanınması isə, son 2 əsrdə
məsciddə namaz qılanların böyük bir hissəsinin ləzgi olması ilə
bağlıdır. Hazırda da məscidə gələnlərin arasında ləzgi etnik
qrupuna aid olanlar üstünlük təşkil edir. Ən azından məscidə
gələnlərin arasında bir günlük müşahidələr bunu deməyə əsas
verir.
Casus "allah adamları"
Sələfilərdən biri deyir ki, məscidə gələnlərin arasında heç
kimin tanımadığı adamlar da var:
"Allah özü bilir ki, bura kim, nə üçün gəlir. Adam var ki, bura
ibadət üçün gəlir, Allaha etiqad üçün gəlir, elələri də var ki,
kəşfiyyat üçün. Allah hamını görür, daha nə deyim?"
Məscidin İmam-camaatı Hacı Faiq Mustafa ilə söhbət etmək
istəyimiz baş tutmadı. Məscidin yuxarı başında oturan orta yaşlı
sələfi ilə söhbət zamanı öyrəndik ki, ləzgi məscidinin axundu
yaşının çox olmasına görə hər namaza gələ bilmir:
"Hacı burda deyil. Yəqin ki, bu gün gəlməz. Yaşı çoxdur, hər
dəfə gələ bilmir. Siz səhər namazı vaxtı bura gəlsəniz burda
olar".
Məsələni gündəmdə saxlayacaq və Hacı Faiq Mustafa ilə
söhbətləşən kimi sizə təqdim edəcəyik.